Mədəniyyət işçiləri üçün səyyar yay kursları başa çatdı

 

   Kurslar respublikanın 23 rayonunu əhatə edib

  

   Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi artıq ikinci ildir ki, orta və qeyri-ixtisas təhsilli kitabxana və klub müəssisələri işçiləri üçün səyyar yay kursları təşkil edir. Bu il iyunun 22-də başlanan kurslara avqustun 18-də yekun vurulub. Mərkəzin direktoru Ramazan Şabanovla söhbətimiz də elə bu mövzuda oldu.

  

   - Ramazan müəllim, səyyar yay kurslarının keçirilməsi ideyası necə yarandı?

   - Ötən il biz respublikanın bütün rayonları ilə kadr vəziyyətinin təhlilinə dair yazışmalar apardıq, lazımi informasiyalar əldə etdik. Əldə etdiyimiz məlumatları təhlil edərkən belə bir məqam üzə çıxdı ki, kənd klub müəssisələri və kitabxana işçilərinin təxminən 50-55, bəzi yerlərdə isə 60 faizi ümumi orta və yaxud da qeyri-ixtisas təhsillidir. Əlbəttə ki, bu qənaətbəxş fakt deyildi. Ona görə də belə bir ideya irəli sürdük ki, bölgələrdə orta və qeyri-ixtisas təhsilli kitabxana və klub müəssisələri işçiləri üçün kurslar təşkil edək. 2010-cu ildə səyyar yay kurslarına İsmayıllı bölgəsində start verdik, ətraf rayonlar da əhatə olunmaqla bu zonada 108, Quba bölgəsində 110, Lənkəran zonasında 90, Şəki bölgəsində 114 nəfər - ümumilikdə 4 region üzrə 21 rayondan 429 nəfər səyyar yay kurslarında iştirak etdi. Təvazökarlıqdan uzaq olsa da, qeyd etmək istərdim ki, kursların səmərəsi gözlədiyimizdən də artıq oldu.

   - Builki yay kursları hansı bölgələri əhatə etdi?

   - Bu il biz səyyar yay kurslarına iyunun 22-də Bərdə rayonunda başladıq. Daha sonra Gəncə, Qazax və Ağdaş rayonlarında regionlar üzrə kurslar təşkil etdik. Budəfəki kurslara da tanınmış mütəxəssisləri, müəllimləri cəlb etdik və yerlərdə 10 gün - 72 saat həcmində dərslər keçirildi. Bu dərslərin tam əksəriyyəti bilavasitə ixtisasla bağlı idi. 12 nəfərdən ibarət müəllim heyətinin arasında mərkəzin əməkdaşları ilə yanaşı, klub və kitabxana sahəsində mütəxəssislər, habelə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin, BDU-nun, İncəsənət Universitetinin, Dövlət İdarəçilik Akademiyasının müəllimləri vardı. Onlar həm mühazirə, həm seminar, həm də diskussiya xarakterli dərslər aparırdılar.

   Dinləyicilər çox razı qaldılar. Hətta onlar təklif edirdilər ki, bu kurslar ildə iki dəfə keçirilsin. Kurslarda dinləyicilərə tövsiyə verildi ki, onlar tədris olunan ilkin peşə biliklərini daha da təkmilləşdirsinlər. Onlardan bəziləri mədəniyyət sahəsində qiyabi təhsilə yiyələnmək arzusunda olduqlarını bildirdilər. Həm iştirakçılar, həm müəllimlər Mədəniyyət və Turizm Nazirliyinin bu layihəsini yüksək qiymətləndirdilər. Ümumilikdə, builki səyyar yay kurslarında 4 region üzrə 23 rayondan 410 nəfər iştirak etdi ki, onlardan 208-i kitabxana işçisi, 202 nəfəri kənd klub müəssisələri işçiləri idi. Onların hər birinə kursu bitirmələrinə dair vəsiqələr verildi.

   - Kursların yay aylarında təşkili çətinliklər yaratmır ki?

   - Yay aylarında kurslarda iştirak edən mütəxəssislərin asudə vaxtları çox olur. Bu mənada kursların effektli olması üçün digər aylarda onları əsas iş yerindən ayırmaq istəmədik. Müəllimlər özləri də yay aylarında bölgələrdə mədəniyyət müəssisələrində olmaqdan, fikir mübadilələri aparmaqdan məmnunluq ifadə edirlər. Bundan əlavə, biz həmişə kurs dinləyicilərinin rəylərinə diqqət yetiririk. Onlardan da həmişə kursların təşkili ilə bağlı razılıq ifadə edirlər. Çünki tədris olunan dərslər onların iş prosesində kömək olacaq.

   - Növbəti il hansı bölgələrdə kurslar təşkil olunacaq?

   - Gələn il bu layihə cənub zonasında, Mərkəzi Aran rayonlarında davam etdiriləcək. Bundan əlavə, kitabxanalarda fəaliyyət göstərən şöbə müdirləri üçün kompyuter fənni üzrə seminar-treninqlərin təşkilini planlaşdırırıq.

   - Bildiyimizə görə, bu il musiqi və incəsənət məktəblərinin qeyri-pedaqoji və qeyri-ixtisas təhsili olan müəllimləri üçün də gücləndirilmiş kurslar təşkil edilib. Bu barədə nə deyə bilərsiniz?

   - Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi artıq 5 ildir ki, qeyri-pedaqoji və qeyri-ixtisas təhsili olan müəllimlər üçün gücləndirilmiş kurslar təşkil edir. Bu kurslar on ildən artıq əmək fəaliyyəti olan qeyri-ixtisas və ya orta təhsilli müəllimlər üçün keçirilir. Builki kurslar iyulun 4-dən avqustun 13-dək davam etdi. Dörd kateqoriya - fortepiano, musiqi nəzəriyyəsi, qarmon, nağara fənləri üzrə 145 müəllim xüsusi gücləndirilmiş proqram əsasında kursdan keçdilər və onlara xüsusi vəsiqələr təqdim olundu.

  

 

    Ceyhun Zərbəliyev

 

   Mədəniyyət.- 2011.- 19 avqust.- S. 4.