“Möhkəm
yapış papağından, başından, Başdan
papaq alıb qaçan
dünyadır”
Bu
misralar “Papaq” filmində Mirzə Səfərin dediyi şeirdən
bir parçadır. Bir vaxtlar kişilər papaqsız gəzməzdi,
qadınlar da örpəksiz, kəlağayısız...
Hələ XVII əsrdə Azərbaycan
yaxın Şərqin ən böyük ipəkçilik
ölkəsi kimi tanınırdı. Şamaxı, Basqal, Gəncə,
Şəki, Şuşada da ipəkçilik istehsalı
inkişaf etmişdi. İpəkdən çox qəşəng,
bəzəkli, naxışlı, zərif qadın baş
örpəkləri istehsal olunurdu.
Azərbaycanda qadın baş geyimləri
müxtəlif idi. Bunlardan gözəl, əlvan
naxışlı örpəkləri, kiçik narın
naxışlı araqçınları, çənə
altından bağlanan xəz və ya məxmərdən
tikilmiş şlyapaları göstərmək olar. Baş
geyimlərini qadınlar evdə, həyətdə və
qonaqlığa gedəndə geyər, küçəyə
çıxdıqları vaxt isə üstdən ağ
çarşab örtərdilər.
Araqçın - hələ XVIII əsrdə
Azərbaycanda geniş yayılmış baş geyimi olub. Əsasən
dəyirmi formada olan araqçınları bir rəng
parçadan hazırlayırdılar. Sonradan üzərinə
müxtəlif naxışlar vurulurdu. Araqçını əsas
baş geyimlərinin (papaq, çalma) altından geyinərdilər.
Bəzi yerlərdə qadınlar baş
örtüyünün altından araqçın
qoyardılar. Çox vaxt bu araqçınların
üstünə qızıldan kəsilmiş müxtəlif
formalı çaxma bəzəklər tikərdilər. Tirmə
və ipək parçalardan üzəri əksər hallarda
güləbətin tikməli araqçınlar çox
geniş yayılmışdı.
Başlıq - qışda mahud və
yun başlıq taxırdılar. Bu baş geyimi uzun dəyirmi
kənarlardan ibarət idi, onlar adətən boynun ətrafına
dolanırdı. Şirvanda dəvə yunundan olan
başlıqlara xüsusi dəyər verilirdi.
Çarşab - əsasən bəzi
şəhər və şəhəryanı kəndlərin
qadınları üçün səciyyəvi idi. Evdən
çıxarkən qadınlar başdan ayağa qədər
çarşaba bürünürdü. Çarşab bir rəngli
atlasdan, dama-dama parçadan və müxtəlif
çeşidli ipək parçalardan olurdu. Çarşab
örtən qadınlar bəzən rübənddən də
istifadə edirdilər.
Örpək - qadın baş geyim
növüdür. Zərif lif və tellərdən toxunan
örpəklər materialına və ölçüsünə
görə müxtəlif olub. Toxuculuq dəzgahlarında
hazırlanan örpəklər yaş fərqinə və
zümrə mənsubiyyətinə görə müxtəlif
çeşid və rənglərdə hazırlanırdı.
Azərbaycanda istehsal olunan örpək xarici ölkələrə
də ixrac edilirdi. Keçmişdə daş-qaşla bəzədilmiş
və xalis qızıl, gümüş tellərdən
toxunmuş örpəklər də yayılmışdı.
Kəlağayı - ipək sapdan
toxunmuş dördkünc formalı qadın baş
örtüyüdür. Azərbaycanın qərb zonasında
buna “çarqat”da deyilir. Yaxın Şərq və Qafqaz
xalqları arasında geniş yayılmış kəlağayılar
ölçü və rəng cəhətdən müxtəlif
olur. Adətən yaşlı qadınlar tünd, geniş
ölçülü, gənc qadınlar isə ağ və əlvan
rəngli kiçik ölçülü kəlağayılar
örtürlər. Qadın örpəkləri arasında
başlıca yer tutan kəlağayılar istehsal mərkəzinə
görə (Gəncə, Basqal, Şəki, Şamaxı və
s.) bir-birindən seçilirdi.
Kəlağayı istehsalı Azərbaycanda
qədimdən məlumdur. Təbriz, Gəncə,
Şamaxı, Şəki, Naxçıvan, İsmayıllı
rayonunun Basqal kəndində yüksək keyfiyyətli kəlağayılar
hazırlanırdı. Hələ orta əsrlərdən Gəncə
və Basqal kəlağayıları xarici ölkələrə
də ixrac olunurdu.
Yaşlı və qoca qadınlar kəlağayını
çalma, yaxud dingə bağlayır, cavan qadınlar və
qızlar isə örpək kimi istifadə edirdilər.
Qadınlar yas mərasimində qara, toy mərasimində isə
əlvan naxışlı kəlağayılar örtərdilər.
Bu ənənə bu gün də davam edir.
Hazırladı:
Səbinə Məmmədova
Mədəniyyət.-
2011.- 24 avqust.- S. 15.