Vəfasız
dünyamızın Vəfası
Ölümündən illər keçsə də,
nurlu sifətini, işıqlı gözlərini, ifadəli
baxışlarını unuda bilmirəm. Tez-tez xəyalımın
qonağı olur. Həmişə də yaratdığı
obrazların libasında xatırlayıram Vəfa Fətullayevanı.
Belə kövrələn anlarımda Məmməd Arazın
bu misraları ürəyimin ağısına çevrilir:
İnana bilmirəm: ölüm haqq ola,
Torpaq
rəssam uda, bəstəkar uda!
Ana dəfn
oluna, gözəl qocala,
Bəlkə
bir səhnədir, əsərdir bu da.
Tələbəlik
illərindən Milli Dram Teatrına tez-tez gedərdim. Bunun iki səbəbi var idi. Rəhmətlik
müəllimimiz Nurəddin Babayev bizdən teatr
resenziyaları yazmağı tələb edərdi. İkinci əsas səbəb isə bu sənət məbədinin
səhnəsində özünün qeyri-adi ifaları ilə
diqqətimi çəkən Vəfa Fətullayevaya xüsusi
rəğbətim idi. Ucaboylu, mənalı
baxışlı bu xanımın sifətində daim bir təbəssüm
olardı. Hətta ən kədərli, qəmli
halında da gözlərinin dərinliyində həyat
eşqi duyulardı. Onun səsinin ahəngi
də qeyri-adi idi. Heç kimə bənzəməzdi.
Can verdiyi rolları sevdirə bilirdi. Bəlkə
də onun aktyorluq məharəti bir o qədər də diqqətimi
çəkmirdi. Məni ona bağlayan Vəfanın
insani xüsusiyyətləri, xanımlığı idi.
Biz tanış deyildik. Buna
baxmayaraq mən həmişə səhnədə onun
özünü görürdüm. Şaqraq
gülüşləri, səmimi söz-söhbəti,
yerişi, duruşu, baxışı Azərbaycan
xanımının bütün təbiətini özündə
əks etdirirdi.
Vəfa Fətullayeva
Azərbaycanın Xalq artisti, müqtədir aktrisamız
Hökümə Qurbanova və rəssam Nüsrət Fətullayevin
tək övladı idi. Bəlkə də
buna görə Vəfanın bir sənətkar kimi məharəti
və istedadı mənə təəccüblü gəlmirdi.
Çünki o, körpəlikdən
Hökümə Qurbanova məktəbinin ən qabiliyyətli
şagirdlərindən biri olmuşdu. İstər
ana, istərsə də ata nəsli Azərbaycan mədəniyyətinin
parlaq simalarının soy-kökünə söykənirdi.
Hökümə xanım Müslüm Maqomayevin
(baba) bacısı qızı idi. Atası
Nüsrət Fətullayev isə bütün ömrünü
teatr əsərlərinin bədii tərtibatının
hazırlanmasına həsr edib. Əmisi
Fateh Fətullayev teatr və kino aktyoru idi. Əmiləri
Şəmsəddin və Nurəddin bəstəkar olublar.
Əmisi oğlu Hafiz Fətullayev rejissordur.
Deyilənə
görə, Hökümə xanım öz ciyərparəsinin
aktrisa olmasından narazı imiş. Amma başqa cür
də ola bilməzdi. Salınan
yolla kimsə gəlməli idi. Danışırlar
ki, Hökümə Qurbanova nə qədər ciddi,
ağır təbiətli, qaşqabaqlı insan idisə,
bütün bunların əksinə, Vəfa Fətullayeva
deyib-gülən, şən, zarafatcıl olub.
O, ilk dəfə səhnəyə
çıxanda 8 yaşı vardı. Rejissor Ələsgər
Şərifovun təklifi ilə «Qış
nağılı»nda Mamili rolunu yaradıb. Bu
körpəcə aktrisanın tərəf-müqabilləri Əjdər
Sultanov, Hökümə Qurbanova, Məmmədrza
Şeyxzamanov, Ağadadaş Qurbanov kimi korifeylər olub.
Bu ilk rolun təsirini Vəfa uzun müddət
unutmadı. Gözləmək olardı ki,
o, orta məktəbi bitirən kimi aktrisalığın
arxasınca gedəcək. Amma qismət
deyilən bir Allah yazısı var.
Əslində yuxu
kimi gəlib keçən bir həyat yaşadı Vəfa Fətullayeva.
Sevinclə qəm arasındakı məsafə
çox qısa oldu. Vüsalla
ayrılığın ömrü uzun çəkmədi.
Sanki onlar əkiz şəklində gənc
qızın həyatına daxil oldular. Zərif
qızcığazın sevinci ilə qəmi gözlərində
birləşdi. Bu ziddiyyətli «bəxşiş»lərdən
də sıyrılmağı bacardı. Oxumaq, ali təhsil almaq istəyinə
düşdü. Azərbaycan Dövlət
İncəsənət İnstitutunun rejissorluq fakültəsinə
daxil oldu. Qəribədir, hansı işin
qulpundan yapışsa, mənzil başına çatmaq ona nəsib
olmurdu. Müəlliminin yerinə
düşməyən bir ifadəsi onu fakültəsini dəyişməyə
məcbur etdi. Vəfa
teatrşünaslıq fakültəsində oxumalı oldu.
Əslində o, teatr
tənqidçisi olmaq, gələcəkdə
teatrşünas kimi fəaliyyət göstərmək fikrində
imiş. Amma ilk rolunda üzə
çıxan istedad onu rejissorların diqqətində
saxlamışdır. Bu səbəbdən
də görkəmli rejissorumuz Tofiq Kazımov Vəfanı
yenidən səhnəyə - «Məhv olmuş gündəliklər»də
Fəridə rolunu yaratmağa çağırdı. Gənc, gözəl, daxili enerjisi üzündə,
sevgisi gözündə qaynayan Vəfanın Fəridəyə
çevrilməsi elə də çətin olmadı. Bu rolun ona gətirdiyi uğurdan sonra Vəfa
anladı ki, onun geriyə yolu yoxdur. Beləcə, Milli
Dram Teatrının səhnəsində Vəfa Fətullayevanın
can verdiyi Alagöz («Küləklər»), Gülgəz
(«Mahnı dağlarda qaldı»), Tənzilə («Sən yanmasan»),
Göyərçin («Yollara iz düşür»), Pakizə
(«Mirzə Şəfi Vazeh»), Burlaxatun («Torpağa sancılan
qılınc»), İnancxatun («Atabəylər»), Zeynəb («Sizi
deyib gəlmişəm»), Arzu («Kimdir haqlı»), Şərəfnisə
(«Müsyö Jordan və Dərviş Məstəli Şah»),
Bənövşə («Kəndçi qız»)… obrazlar hələ
də tamaşaçıların yaddaşından çəkilməyib.
Bircə faciə də ondan ibarətdir ki,
aktyorların səhnə həyatı onlar həyatda ikən
daha çox yadda qalır. Çünki
bütün səhnə əsərləri lentə
köçürülmür ki?! Amma Vəfa
Fətullayeva bizim elə qüdrətli sənətkarımız
olub ki, onu unutmaq əsla mümkün deyildir. Sanki o, içindəki həyat eşqi ilə
ömrünü vaxtsız soldurmuş ölümə bu
gün də meydan oxuyur.
Vəfa Fətullayeva
Hüseyn Cavidin «İblis» dramında yaratdığı Rəna
roluna görə respublikanın Dövlət mükafatına
layiq görülmüşdü. Səməd
Vurğunun «Vaqif» pyesində Vəfa xanımın
yaratdığı Xuraman rolu ona qədər
oynanılmış bu obrazın ən yaxşılarından
biri olmuşdu. Bir vaxtlar anası
Hökümə xanımın böyük şövqlə təqdim
etdiyi bu surəti Vəfa məhz öz nikbinliyi ilə fərqləndirə
bilmişdi. Vəfanın səsinin ahəngindəki titrəyiş,
təbii həyəcan hələ də qulaqlarımdan çəkilməyib:
«Vaqif, ey sərvərim, ey tacidarım!». Bu çağırışın Vəfanın
dilində eşidilməsi qəribə bir ovqat
yaradırdı. Heyf, o yarımçıq
ömürlərdən.
Vəfa Fətullayevadan
söz düşəndə, təbii ki, onun televiziya
tamaşalarında yaratdığı obrazlardan
danışmamaq mümkün deyildir. Çünki
Vəfamızı külli Azərbaycana tanıdan onun məhz
bu tamaşalarda böyük istedad və məlahətlə təqdim
etdiyi obrazlar olub. Vəfa hələ də
televiziya tamaşaçılarının yaddaşında
ağxalatlı göz həkimidir. İslam
Səfərlinin «Göz həkimi» pyesinin televiziya
tamaşasında Vəfa Fətullayevanın
yaratdığı İradə obrazı son dərəcə
dolğun, bitkin və mənalı alınmışdı.
Vəfa bu nəcib ürəkli həkim
qızı qəlbən duyaraq onu olduğu kimi, təbii yarada
bilmişdi. Bu səbəbdən də
öz obrazını tamaşaçılara sevdirmişdi.
Bu gün də unudulmaz aktrisamızdan söz
düşəndə ilkin olaraq onun «göz həkimliyi»
xatırlanır.
Mehdi Hüseynin «Alov» pyesində
yaratdığı Rəfiqə, İlyas Əfəndiyevin
«Atayevlər ailəsi»ndəki Lətafət, İ.Meleşinin
«İnsanlar bataqlıqda» əsərinin televiziya
tamaşasında Qanna rolları unudulmaz aktrisamızın
obrazlar qalereyasının həmişəyaşar, yaddaqalan
surətləridir.
Bu nakam taleli
aktrisamız, deyəsən, cəmi bir bədii filmə
çəkilib. Bu, Cəfər Cabbarlı adına Azərbaycan Kinostudiyasında istehsal
olunmuş «Firəngiz» filmidir. Vəfa Fətullayevanın
bu filmdə yaratdığı Firəngiz səhnə
rolları kimi təbii və yaddaqalan alınmışdı.
İstər
rejissorların, istərsə də sənət
dostlarının, teatrşünasların Vəfa Fətullayeva
haqqında fikirləri həmişə yüksək
olmuşdu. Həmkarları
danışırlar ki, Vəfa Fətullayeva müxtəlif
xarakterli rolları yaratmaqda qabil sənətkar idi. O, səhnə
ilə tamaşaçı arasındakı ünsiyyət
duyan və bu tələblərə cavab verən,
ölçülü-biçili, müqtədir bir aktrisa idi.
Dövlət
mükafatı laureatı, Azərbaycanın Əməkdar
artisti Vəfa Fətullayeva qısa ömür yaşadı.
Sinəsində neçə-neçə
obrazın ştrixləri var idi. Xüsusilə
də C.Cabbarlının pyeslərini çox sevirdi. Ürəyindən keçən rolları oynaya bilmədi
Vəfa. O, elə bir dövrdə, elə bir zamanda səhnədə
fəaliyyət göstərmişdi ki, rollar təkcə
istedada, qabiliyyətə görə deyil, başqa səbəblərlə
əlaqədar da bölünürdü. Bəzən
baş qəhrəmanı oynamaq əvəzinə, epizodik
rollar tapşırılırdı ona. Heç
vaxt inciməzdi. Çünki əsl sənətkar
üçün rolun böyüyü, kiçiyi yoxdur.
Məsələn, «Mahnı dağlarda qaldı»da Vəfa Fətullayeva
səhnədə çox az görünən,
lakin sadə, şux, danışıqları,
mehribanlığı, səmimiyyəti və saf məhəbbəti
ilə yaddaqalan Gülgəz obrazını yaradıb. Kim bilir, bəlkə də yarımçıq
qırılan ömürləri yaşada-yaşada,
özü də bilmədən, öz taleyini
oynayırmış Vəfa.
Həyatı ilə
yaratdığı obrazlar arasında o qədər bənzərlik
var idi ki, arzularının çiçəkləndiyi bir
vaxtda ailə qurdu, yarımadı. Baxmayaraq
ki, o böyük bir məhəbbətlə, dərin hisslərlə
sevilirdi, amma həyatın çaldığı havalar onu
başqa səmtə çəkdi. Səhnəyə
gəldi. Özünü təsdiqlədi.
Yaratdığı obrazlarla tamaşaçı
sevgisi qazandı. Hansı zirvələrə
ucalacaqdı. Amma mümkün olmadı.
Min bir həvəs və arzu ilə qədəm
qoyduğu səhnədə də aktrisa ömrü
yarımçıq qaldı. O qədər sevimli, cazibəli
idi ki, ona laqeyd qalmaq, ona vurulmamaq mümkün deyildi. Uzun illər Azərbaycan Dövlət Akademik Milli
Dram Teatrında truppa rəhbəri kimi
çalışmış rəhmətlik Qürbət
dayıdan (ona hamı belə müraciət edirdi - F.X.)
eşitmişdim ki, əsl sevgisini də burada
tapmışdı Vəfa Fətullayeva. Həmkarı,
onunla dəfələrlə tərəf-müqabil olmuş
bir aktyora könül bağlamışdı. Onların sevgisi haqqında indi də xiffətlə
danışırlar. Onlar ailə qura bilsəydilər,
necə xoşbəxt olardılar. Amma kim
taleyin yazısından kənar düşüb ki?
Adını Vəfa qoysalar da, ağlı kəsəndən o
qədər vəfasızlıqla üzləşdi ki... Onun qəfil gedişi yaxınlarının
ömrünə də balta çaldı. İki ay sonra atası dünyasını dəyişdi,
Hökümə xanım yatağa düşdü. Sevdiyi, inandığı o ucaboylu, qara gözlü gənc
isə çox gec ailə qurdu. Uzun
müddət Vəfanı unuda bilmədi. Elə
indinin özündə də ürəyində nisgilə
dönmüş bu xatirələri tərpətmək olmur.
O, səhnəmizin Vəfası
idi. Şux, deyib-gülən, zarafatcıl.
Bir gün gülüşləri qəfildən
qırıldı. O səhnə indi də durur və mənə
elə gəlir ki, orada Vəfa yenə də var.
Çünki onun ruhu bu ünvandan ayrı düşə bilməzdi.
Ən azı ona görə ki, can verdiyi obrazlar
bu gün də onun həsrətini çəkirlər. Həmkarları da Vəfa Fətullayeva haqqında
sakit ürəklə danışa bilmirlər. Hər kəsin içində bir Vəfa
yaşayır. Unudulmaz, sevimli Vəfamız!.. Bir də deyirlər ki,
ömür itmir, bitmir, davam edir. Bu gün
rejissor Hafizin ailəsində Vəfa Fətullayeva adlı bir
fidan böyüyür. Deyirlər ki, bu
qızcığaz eynən bibisinə bənzəyir. Taleyi
oxşamasın!..
Flora
Xəlilzadə,
yazıçı-publisist
Mədəniyyət.-
2011.- 24 avqust.- S. 13.