Flora Xəlilzadə - “Yazdıqlarım”

 

   “İstədim biləsiniz ki, mən balıq üçün yox, Xaliq üçün yazdım. Əlimə qələm alandan məqsədim elə bu oldu. Söz dərgahının hüzurunda həmişə başı uca dayanmaq üçün ürəyimin diktəsindən uzağa getməməyə çalışdım”.

  

   Tanınmış yazıçı-publisist, şairə Flora Xəlilzadə son on ildə “Azərbaycan” qəzetində yazdıqlarından seçmələri yeddi cilddə nəşr etdirmək qərarına gəlib və kitabın ilk cildi “Yazdıqlarım” adı ilə “Adiloğlu” nəşriyyatında nəfis tərtibatda işıq üzü görüb.

   “Yeddi cildliyimi çapa hazırlamaqda bir məqsədim oldu. Ömrümü-günümü bağladığım bu Söz adlı varidatım itib-batmasın. Eləcə qəzet səhifələrində saralıb-solmasın” - deyir Flora xanım.

   “Yazdıqlarım” kitabının birinci cildi “Ədəbiyyat-əbədiyyət” adlanır. “Mənim qəhrəmanlarım mənəviyyat adamları, sözlə sənət mülkü ucaldanlar və əsl ləyaqət sahibləridir”.

   Flora xanım böyük məhəbbətlə həssas qəhrəmanlarının sözlə portretini çəkir, onların daxili dünyasını, yaşantılarını, arzularını min bir rənglə və incəliklə qələmə alır. Nəticədə oxucu ədəbiyyatımızda iz salan böyük insanları çox yaxından tanımaq imkanı qazanır.

   “Yazdıqlarım” kitabına Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar “Söz sözü çəkər...” adlı çox səmimi və maraqlı “Ön söz” yazıb.

   “Ürəkdən gələn sözün özünəməxsus cazibəsi var. Qəlbdə elə ovqat yaradır ki, sözün ovsunu səni əməlli-başlı tərksilah edir, imkan vermir ki, ondan ayrılasan. Söz həmişə sahibinin kimliyini bəyan edir. İmzasına hörmətlə yanaşdığım, yazılarını bəyəndiyim AYB-nin üzvü, tanınmış yazıçı-publisist, həm də şairə Flora Xəlilzadənin “Ön söz” yazmaq üçün mənə verdiyi “Yazdıqlarım” kitabının maketini vərəqləyəndə bu hissləri yaşadım”.

   “Yazdıqlarım” kitabını söz yaddaşı adlandıran Anar daha sonra yazır: “Flora Xəlilzadə ömrünü qələmə bağladığı gündən yalnız öz işi, sənəti, mən deyərdim ki, birbaşa qələmi ilə məşğuldur. Kimdir onun qəhrəmanları? Hamımızın yaxşı tanıdığı, oxuduğumuz, haqqında dəfələrlə fikirlər söylənilən yazıçı və şairlər, ədəbiyyat adamları... amma Flora xanımın yazılarının öz bədii siqləti və dəyəri var. Dili aydın, səlis, rəvan, axıcı, şirin və təsiredicidir”.

   “Yazdıqlarım” kitabı doqquz bölmədən ibarətdir. Anar müəllimin qeyd etdiyi kimi, hər bölmənin də adında “söz” kəlməsi var. “Sözün və zamanın ucalığında”, “Yazıçılar Birliyi və bölgələrin söz mühiti”, “Söz şimşəkləri”, “Söz uğrunda döyüşənlər”, “Sözlə fəth edilən zirvələr”, “Qələmlə söz göyərdənlər”, “Böyükdür sözün gücü”, “Söz seçimində itən meyarlar” və s.

   Kitabda ədəbiyyatımızın inkişafında, ədəbi tənqidin yüksəlişində, poeziyamızın zənginləşməsində xidmətləri olan işıqlı insanların həyatı və yaradıcılığı qələmə alınıb. Bəxtiyar Vahabzadə, Mədinə Gülgün, Məmməd Araz, Xəlil Rza Ulutürk, Rəfiq Zəka Xəndan... siyahı çox uzundur. “Sadəcə, bu insanların yazdıqlarını oxuyub onlar haqqında düşünüb-daşınmaq, fikir yürütmək, söz demək, nəhayət, qələmə sarılmaq özü böyük zəhmətdir”. Anar müəllimin qənaəti belədir.

   “Yazdıqlarım” kitabının redaktoru Əməkdar jurnalist Bəxtiyar Sadıqovdur. Onu da qeyd edək ki, 632 səhifədən ibarət olan “Yazdıqlarım” kitabı Flora Xəlilzadənin sayca işıq üzü görən 15-ci kitabıdır.

   Anar müəllimin “Ön söz”də yazdığı kimi: “Hələ biz ondan ədəbiyyatımızla, mənəviyyatımızla bağlı çoxlu sayda əsər gözləyirik. Söz sözü çəkdiyi kimi. Kitab da kitabı çəkər”.

  

   P.S. Avqustun 23-ü Flora Xəlilzadənin doğum günüdür. Flora xanımı “Mədəniyyət” qəzetinin kollektivi adından və bütövlükdə Flora Xəlilzadə imzasını, qələmini, yazdıqlarını sevən bütün oxucular adından ürəkdən təbrik edirik. Flora xanım, Siz yazdıqlarınızı balıq üçün yox, Xaliq üçün yazdınız. Yenə yazın. Xaliq üçün yazın ki, bəndələrin gözü, könlü, ruhu işıqlansın.

 

 

   Təranə Vahid

 

   Mədəniyyət.- 2011.- 24 avqust.- S. 11.