Azərbaycanlı
cazmen Əminə Fiqarovanın növbəti
Amerika turnesi
Məşhur azərbaycanlı
cazmen Əminə Fiqarovanın növbəti Amerika turnesi həmişə
olduğu kimi ölkənin ən böyük səhnələrindən
keçəcək. Ötən il sənətçi öz
qrupu ilə dünyanın ən məşhur Nyu Port caz festivalında
çıxış etmişdi. Bu festivalda səhnəni o, məşhur
caz ulduzları Uinton Marsalis və Herbi Henkokla
bölüşmüşdü. Bu il isə Əminə
Fiqarovanın qrupu Detroytda keçiriləcək böyük
festivala qatılacaq.
Festivaldan öncə isə
soydaşımızın Minneapolis, Viskonsin, Çikaqo, Tinek və
İndianapolis şəhərlərində konsertləri
olacaq. Azərbaycanlı cazmenin Nyu-Yorkda da konserti olacaq. Əminə
Fiqarova bu konserti xüsusi səbirsizliklə gözlədiyini
deyir.
Çünki Amerikanın 2001-ci
ilin 11 sentyabr faciəsini yaşadığı günlərdə
Əminə Fiqarova da Nyu-Yorkda idi. Bu hadisədən təsirlənən
musiqiçi “Sentyabr süitası”nı yazdı. Əsərin
hər bir hissəsi insanların başına gələn fəlakəti
mərhələ-mərhələ əks etdirir. Amerikanın
“Caz vaxtı” jurnalı “Sentyabr süitası”nı bu
mövzuda yazılmış ən mükəmməl əsər
adlandırıb. Müəllif əsəri bu il Nyu-Yorkda faciənin
10 illiyinə həsr olunmuş konsertdə ifa edəcək.
Qeyd edək ki, son vaxtlaradək
Niderlandda yaşayan Əminə Fiqarova hazırda Nyu-Yorkda
yaşayır. Cazmen öz qrupu ilə Amerika turnesinə
çıxmazdan öncə, bu həftə Avropada konsertlər
verəcək.
Sədaqət
Yusifqızı
Mədəniyət.-
2011.- 24 avqust.- S. 8.