Prodüserin işi filmin hazırlıq dövründən başlayır

 

   Nazim Hüseynov: “Prodüser öz işini əvvəldən düzgün qurmalıdır ki, nəticədə ekran əsəri rəfdə atılıb qalmasın”

  

   “Əgər məhsulun varsa və sən onu sata bilmirsənsə, piar menecerləri ilə düzgün əlaqə qura bilmirsənsə, deməli, məhsul yararsızdır”

  

   Dünya təcrübəsinə nəzər salsaq, kino biznesinin qurulmasında, filmlərin ərsəyə gəlməsində, bazar qanunlarına uyğun şəkildə satışa çıxarılıb prokatda uğur qazanmasında prodüserin böyük rolu olduğunu görərik. Azərbaycanda bu iş nisbətən yeni olsa da, kino sənayesində öz yerini tapmaqdadır. “Salnamə” kinostudiyasının direktor müavini Nazim Hüseynovla söhbətimiz də bu barədədir.

  

   Nazim Hüseynov 10-a yaxın sənədli filmin (“Yeddi oğul istərəm, bircə dənə qız gəlin”, “Nikah sirləri” və s.) prodüseri olub, hazırda istehsal prosesində olan “Mən evə qayıdıram” (Mədəniyyət və Turizm Nazirliyinin “Salnamə” kinostudiyası), “Qırmızı bağ” (“Salnamə” kinostudiyası, “White Media Production”, Rusiya) tammetrajlı bədii filmlərində prodüser kimi çalışır.

  

   - “Filmdə prodüser işi” dedikdə ilk olaraq nə nəzərdə tutulur? Azərbaycanda bu proses necə gedir?

   - Prodüserin işi filmin hazırlıq dövründən başlayır. Prodüserin əsas məqsədi hazır məhsulu kino bazarına çıxarmaq, satmaq və gəliri təmin etməkdir. O həmçinin PR (public relations - ictimaiyyətlə əlaqələr) kampaniyaları hazırlamalıdır. Buna görə də ilk addımlardan işi düzgün qurmalıdır ki, məhsul rəfdə atılıb qalmasın. Prodüser ssenaristlə, rejissorla işləməli, kastinq prosesində iştirak etməlidir. Həmçinin filmin maliyyə məsələsi də prodüserin üzərinə düşür. O həm gəliri, həm də xərclənən vəsaiti balanslaşdırmalıdır.

   - Bəs bu gün yerli filmlərin satışı ilə bağlı nə demək olar?

   - Təəssüf ki, indiki bazarda bizim filmlərin satışı və prokatı çox aşağıdır. Lakin gec-tez biz də bu prosesə qoşulacağıq. Filmlər dövlət büdcəsindən ayrılan vəsait hesabına çəkilir, onlar kinofestivallardan başqa prokat bazarına da çıxmalıdır. Hazırda Mədəniyyət və Turizm Nazirliyində bu istiqamətdə işlər görülür. Prokat sistemi bərpa edilir.

   - İstənilən məhsulun satılmasında PR kampaniyasının rolu vacibdir. Kino sahəsində bu iş niyə zəifdir?

   - PR kampaniyasının aparılması üçün də maliyyə lazımdır. Bizdə ancaq film üçün vəsait ayrılır. Digər məsələ də odur ki, prodüserlər bu işi müstəqil görməkdə maraqlı deyillər. Çünki yerli satış yoxdur. PR kampaniyası artıq ssenari yazılma mərhələsindən başlayır. Hətta bəzi kino şirkətləri düzgün qurulmuş PR hesabına ilkin mərhələdə filmi satmağa müvəffəq olurlar. Təəssüf ki, bizdə PR işi ancaq hər hansı saytda, jurnalda, qəzetdə və ya telekanalda filmin çəkilməsi haqda məlumat verilməklə kifayətlənir. PR bir elmdir, ictimaiyyətlə düzgün qurulmuş əlaqədir. Bu sahə üzrə mütəxəssislərimiz də çox azdır.

   - Bəs PR əlaqələrin qurulmasında ilkin olaraq nə etmək olar?

   - Hazırda bir çox PR mütəxəssisləri sosial şəbəkələrdən geniş istifadə edir. Bizdə isə belə bir yanaşma var. Əgər film gəlir gətirmirsə, bununla məşğul olmağa ehtiyac yoxdur. Ancaq bu, səhv yanaşmadır. Kinonun əsas tərəflərindən biri düzgün təbliğatın aparılmasındadır. Afişaların, plakatların hazırlanmasından başlamış hər hansı uşaq evində, ucqar bölgələrdə keçirilən PR kampaniyalara qədər. Əgər məhsulun varsa və sən onu sata bilmirsənsə, PR menecerlərlə düzgün əlaqə qura bilmirsənsə, deməli, məhsul yararsızdır.

   - Hazırda istehsal prosesində olan “Mən evə qayıdıram” və “Qırmızı bağ” bədii filmlərində bu sahədə iş gedirmi?

   - Bu sahədə müəyyən işlər görürük. PR menecer vəzifəsi də ayırmışıq. Filmin ilk mərhələsindən başlayaraq “Kim çəkir? Niyə çəkir? Nə çəkir?” suallarına cavab vermişik. Kino, arxasında konkret insanların, adların dayandığı yaradıcı məhsuldur. İnsanlar bir çox hallarda filmə ona görə baxmaq istəyirlər ki, orada hansısa tanınmış aktyor çəkilib və ya həmin filmi hansısa tanınmış rejissor çəkib. Biz də sayt yaratmışıq, sosial şəbəkələrdə filmin təbliğatını aparırıq.

   - Qeyd etdiyiniz kimi, filmdə məşhur aktyorun çəkilməsi artıq ekran əsərinin uğurunu qismən təmin edir. Bəs bizdə prodüser aktyor seçiminə, kastinqə nə dərəcədə müdaxilə edə bilir?

   - Düzünü desək, bu, çətin məsələdir. Nadir rejissorlar prodüserlə hesablaşır. Mən işlədiyim rejissorlarla çalışıram ki, ortaq məxrəcə gələk. Rejissor-prodüser əlaqəsi ilk növbədə dialoqdur. Dialoq alınmırsa iş də alınmayacaq, yaxşı məhsul da ortaya çıxmayacaq. Mənə gəldikdə, təbii ki, aktyor seçimində rejissorlarla müəyyən mübahisələr olub. Amma sonda razılığa gəlmişik. Təbii ki, işimizin nə dərəcədə uğurlu olması tamaşaçının filmə verəcəyi qiymətlə bəlli olacaq.

   - Müstəqil prodüser mərkəzlərinin fəaliyyəti kino biznesini, bazarını yarada bilərmi?

   - Mümkündür. Sadəcə bazar nə qədər geniş olsa, həm texniki, həm yaradıcı baxımdan bir o qədər də müstəqil şirkətlər rahat işləyə bilər.

   - Professional prodüserlərin hazırlanması üçün etmək olar?

   - Dünyada bu istiqamətdə kurslar, təhsil mərkəzləri var, mütəmadi seminarlar keçirilir. Mən Çexiyada bu sahə üzrə seminar keçmişəm. Bizdə prodüser məktəbi yaranmalıdır. Digər problemimiz xarici dildir. Əgər beynəlxalq aləmə çıxmaq, təhsil almaq, məhsul satmaq, yarmarkalara qoşulmaq istəyiriksə, mütləq xarici dilə yiyələnməliyik. İstəsək , istəməsək , uğur qazanmaq üçün dünyaya çıxmalıyıq.

   - Yaxın gələcəkdə kinoda prodüser işinin inkişafını necə görürsünüz?

   - “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramıdövlətin bu sahəyə diqqətini göstərir. Dövlət kinonun inkişafında maraqlıdır. Mədəniyyət Turizm Nazirliyi tərəfindən Azərbaycan kinosunun inkişafı istiqamətində işlər görülür. Builki Kann kinofestivalında ilk dəfə olaraq bizim pavilyonumuz açıldı. C.Cabbarlı adınaAzərbaycanfilmkinostudiyasının təmiri, digər işlər nəzərdə tutulur. Prokat şəbəkəsi bu inkişafın daxilində bərpa olunacaq. İl ərzində yeni filmlərimiz bir çox beynəlxalq festivallarda iştirak edir. Növbəti illərdə güclü kino məktəbi (işıqçıdan tutmuş prodüserə qədər) yarada bilsək, bir komanda qura bilsək, o zaman kino sistemimiz işə düşəcək Azərbaycanda da əsl prodüserlər yetişəcək.

  

 

   Reyhan İsayeva

 

   Mədəniyyət.- 2011.- 24 avqust.- S. 7.