Milli Kitabxanada bir gün

 

   Yay günlərində buraya əsasən yaradıcı insanlar, tədqiqatçı alimlər, mütəxəssislər gəlirlər

  

   Yay mövsümündə əksər mədəniyyət müəssisələrində olduğu kimi, kitabxanalarda da sakitlik olur, oxu zallarında az sayda insan gözə dəyir. Lakin çoxlarının istirahətə üstünlük verdiyi bu günlərdə də vaxtının böyük hissəsini kitabxanada keçirən insanlar var. Yayın qızmarında kitab rəfləri arasında çalışan bu insanlar əksər etibarilə yaradıcı şəxslər, alimlər, tədqiqatçılardır. Amma aralarında sıravi insanlar, adi kitab həvəskarları da olur. Biz də belə günlərin birində ölkəmizin ən böyük kitab fondu olan Mirzə Fətəli Axundzadə adına Milli Kitabxanaya üz tutduq.

  

   Kitabxanada keçirdiyimiz bir gün ərzində məlum oldu ki, buraya gələnlərin çoxu müəyyən sahədə çalışan mütəxəssislər, tədqiqatçı alimlər, elmi iş üzərində çalışan insanlardır. Dərs aylarında oxu zallarında tünlük təşkil edən tələbələrə isə demək olar ki, rast gəlmədik. Oxumaq, çalışmaq həvəsi ilə buraya gələnlər isə ətrafa belə nəzər salmadan öz işlərində idilər. Onlara mane olmayıb, kitabxananın direktor müavini Gülbəniz Səfərəliyeva ilə söhbətləşdik.

   Direktor müavini bildirdi ki, kitabxananın əsas oxucuları tələbələr və elmi araşdırmalarla məşğul olan mütəxəssislərdir. Kitabxananın zalları da buna görə müəyyən edilib - 200 nəfərlik tələbə-gənclər zalı, 50 nəfərlik elmi-texniki zal, 50 nəfərlik humanitar elmlər zalı, 20 nəfərlik isə not-musiqi zalı. Hər bir oxucu özünə lazım olan zalda əyləşib, öz sahəsi üzrə kitablarla məşğul olur.

  

   Milli Kitabxananın əcnəbi oxucuları

  

   Kitabxanada olduğumuz zaman az oxucuya rast gəlsək də, ümumilikdə yay vaxtlarında buraya gün ərzində 80-100 oxucunun gəldiyini öyrəndik. Onlar arasında əcnəbilərə də rast gəlinir. Bir-iki həftəlik Azərbaycana gələn əcnəbilər vaxt tapıb Milli Kitabxanaya baş çəkir və bir neçə saat burada olurlar. Onların əsasən hansı ədəbiyyatla maraqlandıqlarını da soruşduq. Kitabxanadan bildirdilər ki, onlar əsasən Azərbaycan tarixi, mədəniyyəti ilə bağlı kitablar istəyirlər.

   Kitabxanaya son dəfə Amerika və İsveç vətəndaşları gələrək, burada mütaliə ediblər.

  

   Bədii ədəbiyyatı kitabxanada oxumaq əlverişli deyil

  

   Gülbəniz Səfərəliyeva isə bildirdi ki, yay mövsümünü nəzərə almasaq, ümumilikdə kitabxanada oxucuların sayı azalmır: “Oxucuların sayını başqa günlərlə müqayisə etsək, elə də böyük azalma olmadığını görərik. Amma elektron kitabxana oxucularının sayında artım var. Son vaxtlar humanitar sahələrə - tarix və mədəniyyətə oxucuların marağı artıb. Adətən bizdən soruşurlar ki, «Milli Kitabxanada bədii kitab oxuyurlarmı?». Bunun cavabı sadədir. Bizim kitabxanada evə kitab verilmədiyinə görə, çox az hallarda bədii ədəbiyyat üçün müraciət olur. Bədii ədəbiyyatı kitabxanada oxumaq əlverişli deyil. Hər kəs evdə bədii ədəbiyyatı oxumağı üstün tutur. Kitabxanalararası abonement şöbəsi var. Bura idarələr, təşkilat kitabxanaları üzv olurlar. Bədii ədəbiyyat lazımdısa, bu abonement vasitəsi ilə həmin kitabı əldə edirlər. Kitabxana işçiləri də bu xidmətdən istifadə edə bilərlər. Onu da deyim ki, Milli Kitabxana avtomatlaşma sistemi ilə təchiz olunub və zəngin elektron kitabxanamız var. Tarixi, aktual mövzular, dünya və Azərbaycan ədəbiyyatı, folkloru, lüğət və ensiklopediyaları, klassiklərin əsərləri elektron kitabxanada yer alıb».

  

   6 ayda 17 min daimi oxucu

  

   Qeyd edək ki, 2011-ci ilin 6 ayı ərzində kitabxananın daimi oxucularının sayı 17 min 450 nəfər, davamiyyət təxminən 106 min nəfər, virtual sifariş xidmətlərindən istifadə edənlər 726 nəfər, Rusiya Dövlət Kitabxanasının virtual oxu zalından istifadə edənlərin sayı 448 nəfər olub.

   Azərbaycanın ən qədim nəşrlərinin, nadir nüsxələrin qorunub saxlanıldığı Milli Kitabxananın fondunda 100-dən artıq adda qəzet var. Bu qəzetlərlə maraqlanan oxucular da çox olur. Onları həm qorumaq, həm də oxuculara çatdırmaq üçün hazırda qəzetlərin elektron versiyası hazırlanır. Oxucular elektron variantdan kitabxananın lokal şəbəkəsində istifadə edə biləcəklər. Qəzetlərin elektron variantını internetdən oxumaq mümkün olmayacaq. Çünki buna icazə yoxdur.

   Kitabxana zallarını dolaşarkən humanitar zalda oxucunun daha çox olduğunu gördük. Kitabxanadan bildirdilər ki, il ərzində tələbələr daha çox bu zala gəlirlər. Hətta bəzən tələbələr kitabı mütaliə etməyə yer tapmırlar. İndi isə bu zala əsasən araşdırma ilə məşğul olan oxucular gəlirlər. Yay mövsümü olduğundan institut müəllimləri, müəyyən elmi işlərlə məşğul olan adamlar məzuniyyət götürüb, vaxtlarını kitabxanada keçirirlər. Oxucular arasında professor, akademik də görmək mümkündür. Həmçinin dissertasiya zalına baş çəkən oxuculara da rast gəlinir. Onlar burada Rusiya Dövlət Kitabxanasının dissertasiya fonduna çıxış əldə edirlər. Azərbaycan oxucuları son 5 ildə Rusiyada müxtəlif illərə aid dissertasiyalara baxa bilirlər. Yay mövsümündə oxucuların ən çox müraciət etdiyi zallardan biri buradır.

   Bütün bunlarla yanaşı fondu zəngin olan kitabxanada tapılmayan kitab da olur. Lakin oxucunun müraciətini cavablandırmaq üçün kitabxana həmin kitabı sifariş edərək alır.

   Kitabxanada onu da öyrəndik ki, 6 ay ərzində Milli Kitabxanaya 9309 nüsxə yeni ədəbiyyat daxil olub. Bunun 6775 nüsxəsi kitab, 1371 nüsxəsi jurnal, 225 nüsxəsi isə qəzetdir.

   Xarici ədəbiyyat beynəlxalq kitab mübadiləsi şöbəsinə xarici ölkələrin milli kitabxanalarından beynəlxalq kitab mübadiləsi yolu ilə 258 kitab alınıb. Eyni zamanda beynəlxalq kitab mübadiləsi yolu ilə xarici ölkələrin milli kitabxanalarına onların sorğuları əsasında 423 nüsxə, ölkə daxili kitab mübadiləsi şöbəsinin xətti ilə isə 1606 kitab göndərilib.

  

 

   Gülər Nizamiqızı

 

   Mədəniyyət.- 2011.- 24 avqust.- S. 6.