“Mədəni
əlaqələrimizin zəngin tarixi var”
“Hindistanla Azərbaycanın musiqisi, hətta musiqi alətləri
arasında da oxşarlıq var”
“Azərbaycanın
bir çox yerləri hindistanlı turistlər
üçün böyük maraq kəsb edə bilər.
Bakı özü turistlər üçün olduqca
maraqlıdır. Çünki bir
çoxlarının hələ xəbəri yoxdur ki,
Bakı nə dərəcədə inkişaf edib. Regionlarda güclü inkişaf var, çoxlu məktəblər,
mədəniyyət mərkəzləri açılıb.
İnfrastruktur, yollar inkişaf edir”
Hindistan - əfsanəvi sərvətlər ölkəsi...
Qədim və orta əsrlər tarixində bu əsrarəngiz
Şərq ölkəsi məhz belə xarakterizə olunurdu.
Çünki Tanrı bu ölkəyə insan
üçün lazım olan sərvətlərinin heç
birini əsirgəməmişdi. Öz növbəsində
Hindistan əsrarəngiz memarlıq abidələri, musiqisi, ədəbiyyatı,
fəlsəfi fikri ilə dünya mədəniyyəti xəzinəsinə
böyük töhfələr verib. Müasir
dövrdə bu ölkə özünün kinematoqrafiyası
ilə məşhurlaşıb. İndiki orta və
yaşlı nəslin nümayəndələri bir vaxtlar
Hindistan filmlərinin qızğın pərəstişkarı
idi, məşhur hind aktyorlarının adını əzbər
bilirdi.
Azərbaycanda
Hindistan mədəniyyətinə, incəsənətinə
maraq və sevgi yenə də böyükdür. Çünki iki ölkənin xalqları arasında
hələ qədim zamanlardan yaranmış tarixi-mədəni
bağlılıq var. Hindistanın Azərbaycandakı səfiri
Debnat Şou ilə söhbət əsnasında bu məqamlara
da nəzər saldıq.
- Cənab səfir, Azərbaycanla
Hindistan arasında münasibətlərin mövcud səviyyəsini
necə qiymətləndirirsiniz? Mədəniyyət
sahəsində əlaqələri necə xarakterizə edərdiniz?
- Ölkələrimiz arasında
gözəl münasibətlər mövcuddur və bu əməkdaşlıq
inkişaf edir. Amma bu inkişafı sürətləndirmək
üçün çox işlər görmək
lazımdır. Məsələn, mədəniyyət
sahəsində mübadilə etməklə, insanlar
arasında ünsiyyət yaratmaqla bu münasibətləri
genişləndirmək olar. Ümid edirəm
ki, gələcəkdə bu sahədə çox işlər
görüləcək. Mənə məlumdur
ki, azərbaycanlılar hind mədəniyyətinə
böyük maraq göstərirlər, xüsusən bizim filmləri,
musiqini, rəqslərimizi çox sevirlər. Çünki bu sahədə bizim bəzi
oxşarlıqlarımız mövcuddur. Bununla
yanaşı, hesab edirəm ki, Hindistanda Azərbaycan tarixi, mədəniyyəti
haqqında az məlumat var. Bu baxımdan
qarşılıqlı təbliğat işini gücləndirmək
lazımdır. Hindistanla Azərbaycan arasında
tarixən geniş əlaqələr, o cümlədən mədəni
bağlar olub. Bu səbəbdən
çalışırıq ki, bütün sahələrdə,
eləcə də mədəniyyət sahəsində əlaqələri
inkişaf etdirək. Bu elə bir sahədir
ki, hər zaman irəliləyişə ehtiyac var və görəcəyimiz
işlər hələ çoxdur.
Onu da deyim ki, Azərbaycanla
Hindistan arasında mədəniyyət sahəsində əməkdaşlığa
dair müqavilə layihəsi tamamlanmaq üzrədir. Bu razılaşma imzalanandan sonra mədəniyyət
sahəsində müxtəlif layihələr, müntəzəm
mübadilə, Azərbaycanda Hindistan mədəniyyəti
günləri, Hindistanda Azərbaycan mədəniyyəti
günləri keçirilə bilər. Bu
işlərin reallaşdırılması mədəni əməkdaşlığımıza
böyük töhfə vermiş olar.
- Hindistanın Azərbaycandakı
səfirliyi olaraq mədəniyyət sahəsində konkret
hansı layihə və təşəbbüsləriniz var?
- Səfirlik olaraq bu sahədə
elə də geniş imkanlarımız yoxdur. Buna
baxmayaraq hətta məhdud resurslarımızla müəyyən
işlər görməyə, tədbirlər keçirməyə
çalışırıq. Məsələn, mayın
6-da AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda hind
ədəbiyyatının görkəmli nümayəndəsi,
Nobel mükafatı laureatı Rabindranat Taqorun 150 illik yubileyinə
həsr olunan elmi sessiya keçirildi. Bundan
başqa, kitab nəşrləri ilə bağlı işlərimiz
var. Hazırda bu sahədə iki layihə üzərində
işləyirik. Onlardan biri azərbaycanlı
müəllifin yazdığı Azərbaycan-Hindistan əlaqələrindən
bəhs edən kitabın hind dilinə tərcüməsidir.
Azərbaycanda fəaliyyət göstərən
yerli qeyri-hökumət təşkilatlarından biri Mahatma
Qandinin yazdığı kitabı Azərbaycan dilində
çap edib məktəblərdə, ictimai kitabxanalarda və
digər yerlərdə yaymaq istəyir. Hind
sənətçilərinin Azərbaycana səfərlərinin
təşkilinə də çalışırıq. Mart ayında Bakıda keçirilən beynəlxalq
muğam müsabiqəsində Hindistan sənətçisi
iştirak etdi, həmçinin bir qrup sənətçimiz
iyunda Azərbaycanda keçirilən “İpək Yolu” musiqi
festivalında iştirak etdi. Yaxın gələcəkdə
Azərbaycanda Hindistan Mədəniyyət Mərkəzi
açmaq planımız da var.
- Dediniz ki, Hindistanda Azərbaycan
haqqında az məlumat var. Bəs siz
özünüz necə, Azərbaycana səfir kimi gəlməzdən
öncə ölkəmiz, onun tarixi, mədəniyyəti
haqqında nə bilirdiniz?
- Biz daha çox Bakı
haqqında eşitmişdik və bilirdik ki, bu şəhər
neft və qaz məkanıdır. Bilirdim ki, Sovet
İttifaqının dağılması ilə Azərbaycan 20
ildir ki, müstəqillik əldə edib. Bizim
Azərbaycanla əlaqələrimiz vaxtilə Moskva vasitəsilə
həyata keçirilib. Ona görə də
Hindistanda insanların çoxu sovet xalqı və sovet
insanını tanıyırdı. Mən
artıq iki ildən çoxdur ki, Azərbaycandayam və bu
ölkənin zəngin mədəniyyəti olduğunu bilirəm.
Eyni zamanda, görürəm ki, burada insanlar
Hindistan haqqında geniş bilgiyə malikdir. Azərbaycanlılarda hindlilərə qarşı
böyük sevgi və maraq var.
- Bayaq Azərbaycanla
Hindistan arasında tarixi bağlardan söz
açdınız. Burada olduğunuz
müddətdə iki ölkə, eləcə də hindlilər
və azərbaycanlılar arasında hansı oxşar və fərqli
cəhətləri özünüz üçün müəyyən
etmisiniz?
- Fərqli
cəhət odur ki, Azərbaycan coğrafi baxımdan Avropada
yerləşir, Hindistan isə Asiyada qərar tutub. Lakin cəmiyyət baxımından Azərbaycan daha
çox Asiyaya yaxındır. Bu
baxımdan aramızda çoxlu oxşar xüsusiyyətlər
tapa bilərik. Əgər sosial münasibətlərə,
ailə əlaqələrinə, nikah mərasiminə diqqət
yetirsək, bənzərlik tapmaq mümkündür. Hətta milli musiqimiz, musiqi alətlərimiz
arasında da oxşarlıq var. Məsələn sizin tar və
bizim sitar adlandırdığımız musiqi alətləri
eyni mənşədən gəlir. Bundan
başqa, ölkələrimizin tarixi əlaqələrinin
mövcudluğunu təsdiqləyən bir sıra məqamlar
var. Məsələn, vaxtilə Hindistan tacirləri Azərbaycana
gəlib, ticarət əlaqələri mövcud olub. XVII əsr abidəsi olan Atəşgah məbədi
və memarlıq baxımından ona oxşar olan İçərişəhərdəki
Multanı karvansarası bu əlaqələri təsdiqləyir.
Hazırda Azərbaycanda 200-dən çox hindli
yaşayır. Bakıda Hind Assosiasiyası
fəaliyyət göstərir və müxtəlif tədbirlər
keçirir. Məsələn, hind mətbəxi
festivalı, Holi, Divali bayramlarının qeyd olunması mədəniyyətimizlə
bağlı geniş təəssürat yaradır.
- Cənab səfir, Hindistan qədim
sivilizasiya məkanı olmaqla yanaşı, həm də turizm
üçün cəlbedici ölkələrdən biridir. Ölkələrimiz arasında turizm əlaqələrinin,
bu sahədəki əməkdaşlığın perspektivlərini
necə görürsünüz?
- Əlbəttə,
bu sahəni də inkişaf etdirmək olar və bunun
üçün ölkələrimiz arasında müəyyən
müzakirələr, sazişlər olmalıdır. Biz öz tərəfimizdən bu sahədə bir
sıra addımlar atırıq. Məsələn,
azərbaycanlı turistlərin ölkəmizə səfər
etməsi üçün viza prosedurunu sadələşdirmişik.
Bundan başqa, Hindistanın Turizm Təşviqatı
Şurası hər il Azərbaycanda
keçirilən beynəlxalq turizm sərgisində iştirak
edir. Hindistanın turizm şirkətləri ilə
yerli şirkətlər arasında müəyyən əlaqələr
qurulur. Turistlərin
qarşılıqlı olaraq səfərləri
üçün əhəmiyyətli olan bir amil də var ki,
bu da məlumatdır. Çünki turist ölkəyə
səfər etməzdən əvvəl nəqliyyat xərci,
mehmanxana və s. barədə ətraflı məlumata malik
olmalıdır. Bundan başqa, biz Azərbaycanda
olan tur operatorlarını da həvəsləndirməyə
çalışırıq. Ümid edirik
ki, göstərdiyimiz bu səylər yaxın illərdə
qarşılıqlı olaraq turistlərin sayının
artmasına səbəb olacaq.
- Bakıda olduğunuz müddətdə
regionlarımıza səfər etmək imkanınız olubmu?
- Azərbaycanın əksər
bölgələrinə səfər etmişəm. Düşünürəm ki, Azərbaycanın
dağlıq rayonları hindistanlı turistlər
üçün böyük maraq kəsb edə bilər.
Bakı özü turistlər üçün
olduqca maraqlıdır. Çünki bir
çoxlarının hələ xəbəri yoxdur ki,
Bakı nə dərəcədə inkişaf edib. Səfərləri təşkil edən şirkətlərdən
də çox şey asılıdır.
Şəki, Quba, Qəbələ,
Lənkəran, Masallı, Gəncə, Tovuzda olmuşam.
Naxçıvana iki dəfə səfər etmək
imkanım olub. Mən hətta turistlərin
getmədiyi yerə, Sabirabada, İmişliyə də baş
çəkmişəm. Regionlarda
güclü inkişaf var, çoxlu məktəblər, mədəniyyət
mərkəzləri var. İnfrastruktur, yollar inkişaf edir.
Kənd təsərrüfatı da inkişaf
edir.
- Asudə vaxtlarınızda
Bakıda daha çox hansı görməli yerlərə
baş çəkirsiniz? Azərbaycan musiqisi, teatrı ilə
nə dərəcədə tanış
ola bilmisiniz?
- Asudə vaxtlarda Dənizkənarı
bulvara getməyi çox sevirəm. O xüsusilə yay
axşamlarında gözəl olur. Şirvanşahlar
sarayı, İçərişəhər diqqətimi cəlb
edir. Hindistanda da qədim memarlıq abidələri,
məbədlər, Budda monastırları, mağaralar
mövcuddur. Bunların arasında elə abidə var ki,
yaşı 2 min il əvvələ gedib
çıxır. Onlardan UNESCO-nun mədəni irs
siyahısına düşənləri də var. Bu abidələrin
arasında məşhuru Aqradakı Tac-Mahal abidəsidir.
Bundan başqa
Bakıdakı muzeylərə baş çəkmişəm.
Vaxtım olanda konsert proqramlarına da gedirəm.
Caz musiqisini dinləmişəm. Muğam musiqisi ilə Hindistanın klassik musiqisi
arasında çox bənzərlik mövcuddur. Biz bu musiqini bəyənirik. Mən
muğamı ilk dəfə Azərbaycanda eşitdim. Bir maraqlı məqamı da vurğulayım ki,
Mumbaydan olan bir nəfər hind klassik muğam
ifaçısı 2009-cu ildə Azərbaycana muğam
festivalına dəvət edilmişdi. Hətta
o burada yerli sənətçilərlə birgə layihələrdə
də çıxış etdi. O, Hindistana qayıdandan
sonra muğam haqqında bir neçə məqalə də
yazdı. Beləliklə, əhali media vasitəsilə
Azərbaycan muğamı, müsabiqə haqqında informasiya əldə
edə bildi.
- Bizim milli mətbəxi necə, bəyənirsinizmi?
Azərbaycan ailəsində, bizim toy mərasimində
olmusunuzmu?
- Azərbaycan mətbəxini
çox bəyənirəm. Yeməklərimiz,
demək olar ki, oxşardır. Plov, kabab
bizdə də var. Doğrudur, Hindistanda ədviyyatdan daha
çox istifadə edirlər. Kababı,
plovu bəyənirəm. Bundan başqa
salatlarınız, tərəvəzləriniz də
dadlıdır.
Ailə münasibətlərinə
gəlincə, qeyd etdiyim kimi, Azərbaycanla Hindistanın ailə
ənənələri çox oxşardır. Ailənin bütün üzvləri bir-birilərini
dəstəkləyir, kömək edirlər. Hindistanda da Azərbaycanda olduğu kimi, nikahı
valideynlər keçirir. Bizim ölkəmizdə
toylar bir həftə, hətta bəzən daha çox çəkir.
Burada iki dəfə toyda olmuşam və sizin
toy mərasimlərini bəyənmişəm.
Mehparə
Sultanova
Mədəniyyət.-
2011.- 24 avqust.- S. 5.