Azərbaycan
dünya kitabxanalarının beynəlxalq
forumunda təmsil olunub
Mədəniyyət
və turizm nazirinin birinci müavini Vaqif Əliyev avqustun 13-dən
18-dək Puerto-Rikoda keçirilən “İFLA-2011” Beynəlxalq
Kitabxana Konfransında iştirak edib.
İFLA (Kitabxana
Asossiasiyalarının və İnstitutların Beynəlxalq
Federasiyası) Konfransında San Juan şəhərinin
qubernatorunu təmsil edən, Puerto-Rikonun Mədəniyyət
İnstitutunun icraçı direktoru Mersedes Qomes Marrero, şəhərin
merini təmsil edən və həmin institutun direktoru Fernando
Akiar-Karraskilo, İFLA-nın İdarə Heyətinin üzvləri,
Kitabxana Assosiasiyalarının üzvləri, İFLA-nın
üzvləri iştirak ediblər. Açılış mərasiminin plenar iclasında professor, tarixçi
doktor Fernando Piko
(Puerto-Riko) çıxış
edib.
Konfransın ən maraqlı
tədbirlərindən biri
“Biliklərə imkan açan kitabxanalar” mövzusu olub. Burada əhalini keyfiyyətli kitabxana və informasiya xidməti ilə təmin etmək, informasiyanın yeni növlərinin istifadəsi və yaradılması, informasiyanı
əldə etməyin
mühümlüyü və
yeni biliklərin yaradılması məsələləri
müzakirə olunub.
Qeyd edək ki,
“İFLA-2011” Beynəlxalq Kitabxana
Konfransı “Kitabxanalar,
kitabxana olmağından
daha çoxdur: inteqrasiya, innovasiya və informasiya hamı üçün” devizi altında keçirilib. Burada müxtəlif peşəkar
qruplar formalaşıb
və müxtəlif bölmələrdə biblioqrafiya
bölməsi, rəqəmsal
strategiyalar üzrə
İFLA-nın Alyansı,
informasiya texnologiyaları
bölməsi, milli kitabxanalar bölməsi və s. tədbirlər keçirilib.
Azərbaycan mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev Baş Konfransda və Kitabxana Asossiasiyalarının
və İnstitutların
Beynəlxalq Federasiyasında,
habelə bir sıra aktual bölmələrin işində
(rəqəmsal strategiyalar
üzrə İFLA-nın
Alyansı, biliklərin
idarə olunması bölməsi, informasiya savadlılığı bölməsi)
iştirak edib. Nazir müavini həmçinin
milli kitabxanaların direktorlarının konfransında,
habelə “Hökumət
kitabxanaları”, “Hüquq
kitabxanaları” bölmələrində
iştirak edib.
Konfransın informasiya savadlılığı
bölməsində çoxmədəniyyətli
əhali üçün
informasiya savadlılığının
mühümlüyü: tələbat,
strategiya, proqramlar və kitabxanaların rolu geniş müzakirə olunub. Qurumun baş katibi Cennifer Nikolson İFLA-nın konfranslarının
kitabxana və informasiya peşəsində,
beynəlxalq şəbəkələrin
yaranmasında rolunu xüsusi qeyd edib.
Konfrans günlərində beynəlxalq Kitabxana Sərgi Yarmarkası təşkil olunub. Yarmarkada kitabxana-informasiya sahəsində
tətbiq olunacaq yeni texnologiyalar, çap və elektron formada ən yeni nəşrlər
nümayiş edilib.
Tədbirdə müəllif hüquqları
haqqında xüsusi məruzələr də dinlənilib. İFLA-nın müəllif hüquqları komitəsinin
sədri Viktoriya Ouen qeyd edib
ki, materialların və xidmətlərin daha çox elektron formada hazırlanması müəllif
hüquqlarının kitabxanaların
həyatında daha əhəmiyyətli rol oynamasına səbəb olur.
Qeyd edək ki, dünyanın üç
bölgəsində (Amerika
və Karib ölkələri, Asiya və Okeaniya, Afrika) İFLA-nın
regional ofisləri fəaliyyət
göstərir. İFLA-nın 77-ci konfransında dünyanın 140 ölkəsindən
qonaqlar iştirak edib.
Mədəniyyət.-
2011.- 24 avqust.- S. 2.