Azərbaycan
kitabxanalarının yeni beynəlxalq əlaqələri
“Azərbaycan Respublikasında
kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə
inkişafı üzrə Dövlət Proqramı”nın həyata
keçirilməsi üzrə Tədbirlər Planına
uyğun olaraq Mədəniyyət və Turizm Nazirliyinin
Kitabxana sektoru Bosniya və Herseqovina Federasiyasının
kitabxanaları ilə əlaqə yaradıb.
Bu məqsədlə Kitabxana
sektorunun məsləhətçisi Samir Abbasov Bosniya və
Herseqovinaya səfər edib. Səfər çərçivəsində
Tuzla şəhərinin meri Jasmin İmamoviç, Tuzla
kantonunun baş nazirinin mədəniyyət və informasiya sahəsi
üzrə köməkçisi Jasna Hifziefendiç, Tuzla
Kantonunun mədəniyyət, təhsil, elm sahəsi üzrə
köməkçisi Zlatko Dukiç, “Dervis Susic” Kütləvi
və Universitet Kitabxanasının direktoru Enisa Zuniç və
bir sıra kitabxana rəhbərləri ilə
görüşlər keçirilib. Görüşlərdə
Azərbaycan, onun zəngin mədəniyyəti,
kitabxanaları, habelə respublikamızda aparılan quruculuq
işləri, ölkəmizin inkişafı və Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi haqqında
geniş məlumat verilib.
Samir Abbasov “Dervis Susic” Kütləvi və Universitet Kitabxanasında Azərbaycan guşəsinin yaradılması təklifi ilə çıxış edib və təklif şəhər rəhbərliyi, kitabxananın rəhbərliyi tərəfindən qəbul olunub. Azərbaycan guşəsi üçün Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycanın tarixi, iqtisadiyyatı, mədəniyyəti, turizmi, incəsənəti, adət-ənənələri, ədəbiyyatı və s. mövzularda müxtəlif nəşrlərin göndərilməsi razılaşdırılıb.
Səfər çərçivəsində C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası və “Dervis Susic” Kütləvi və Universitet Kitabxanası arasında əməkdaşlığa dair Memorandum imzalanıb. Memorandumda kitabxana-informasiya sahəsinin aktual məsələlərinə dair təcrübə mübadiləsinin aparılması, birgə layihələrdə iştirak, birgə nəşrlərin hazırlanması, hər iki kitabxanada dövlətlərin mədəniyyətini, tarixini, turizmini, ədəbiyyatını təbliğ etmək məqsədi ilə sərgi və guşələrin yaradılması və s. nəzərdə tutulub.
“Dervis Susic” Kütləvi və Universitet Kitabxanasının direktoru xanım Enisa Zuniç Balkan Kitabxanalar Birliyinin koordinatoru və ölkə nümayəndəsidir. Bu məqsədlə Azərbaycan kitabxanalarının Balkan Kitabxanalar Birliyində təmsil olunması müzakirə edilib və bu təşkilata üzvlüklə bağlı Azərbaycan kitabxanalarına müvafiq köməkliyin göstərilməsi razılaşdırılıb.
Bundan başqa,
Bosniya və Herseqovinanın “Dervis Susic” Kütləvi və
Universitet Kitabxanası və Azərbaycanın F.Köçərli
adına Respublika Uşaq Kitabxanası
“Qardaşlaşmış Kitabxanalar” elan olunub.
Mədəniyyət.-
2011.- 24 avqust.- S. 4.