Aşıq
Ələsgər möcüzəsi
Haqq aşığı
Aşıq Ələsgər zəngin
yaradıcılığı ilə Azərbaycan aşıq ədəbiyyatının
barlı-bəhərli əbədiyyət ağacıdır.
Zaman-zaman nəsillər bu ağacı ziyarət edəcək,
Aşıq Ələsgərin söz dünyasından
nübar sözlər, misralar, fikirlər dərəcək, Ələsgər
möcüzəsi yenə də bitib-tükənməyəcək.
XIX əsrin sonu, XX əsrin əvvəllərində
Azərbaycan aşıq ədəbiyyatında Aşıq Ələsgər
möcüzəsi ilə sazın, sözün yeni
ömrü başladı. “Haqq aşığı” ifadəsi
Dədə Ələsgərin simasında yenidən dirilib
gerçəkləşdi.
1821-ci ildə Göyçə
mahalının Ağkilsə kəndində anadan olan Ələsgəri
atası Alməmməd kişi böyük külfətini
dolandıra bilmədiyindən 14 yaşında Kərbəlayı
Qurban adlı bir varlıya nökər verir. Ələsgər
4 il Kərbəlayı Qurbanın həyətində nökərçilik
edir. Ələsgər Kərbəlayı Qurbanın
qızı Səhnəbanuya aşiq olsa da, bu sevda baş
tutmur.
İllər keçir, Ələsgər
nakam məhəbbətin ağrı-acısını
yaşayır, uzun illər ilk məhəbbətini unuda bilmir,
çətinliklərdən, sınaqlardan keçə-keçə
sazla-sözün qovuşduğu dəryaya can atır.
Dövrünün qüdrətli sənətkarı
Aşıq Alı onun gələcək taleyini
büsbütün dəyişir. Fitri istedadı, kəskin
hafizəsi, şəxsiyyəti, nəcibliyi ilə hər kəsdən
seçilən Ələsgər beş il Aşıq
Alıya şəyirdlik edir, saz dünyasının sirlərinə
bələd olur, sirlər qapısını açıb,
ustadlıq mərtəbəsinə yetişir.
Aşıq Ələsgərə
sazı sinəsinə sıxıb bədahətən
şeirlər deyər, həmsöhbət olduğu
adamların fikrini “oxuyar”, baş verəcək hadisələri
əvvəlcədən xəbər verərdi. Yuxuda Ələsgərə
badə verilməsi haqqında söz-söhbətlər isə
bitib-tükənməz, xalq onu “haqq aşığı”
çağırardı.
Ələsgər xümsünən
zəkatın verə
Əməlin mələklər
yaza dəftərə,
Hər yanı istəsə, baxanda
görə,
Təriqətlə bu sevdalı gərəkdir.
Dünyaya səs salan Aşıq Ələsgəri
zəmanə ağır imtahanlara çəkir, gözlənilməz
tarixi hadisələr, dönüşlər onun könül
evini silkələdikcə duyğularını saza-sözə
köçürür.
Səksəni, doxsanı
keçibdir yaşım,
Əzrayıl həmdəmim, məzar
yoldaşım.
Gor deyə tərpənir bəlalı
başım,
Daha köç təbilin
çal, qoca baxtım.
Gözəlliyə, sevgiyə,
torpağa, elə, vətənə, təbiətə
münasibət Aşıq Ələsgər
yaradıcılığında yeni bir formada, real və səmimi
boyalarla əks olunur. Böyük sənətkar məhəbbəti
yolunda canını fəda edən aşiqlərə qibtə
edir.
Ələsgərəm, mən
deyirdim,
Pərvanə əfsanə
yanır.
Eşqidən bir od
düşüb
Cismimə, mərdanə yanır;
Deyirəm, danışıram,
Dönürəm, hər yana,
yanır.
Ürəyim bir Kərəmə,
Bir Şeyx Sənana yanır;
Qəlbdən yas tuturam
Məcnuna, Fərhada bu
gün.
Aşıq Ələsgər poeziyasında dodaqdəyməz,
müxəmməs, qıfılbənd,
təcnis, cığalı
təcnis, gəraylı,
divan şeir növləri
özünü ən
gözəl şəkildə,
yüksək sənətkarlıqla
büruzə verir.
Arif olan, bir od düşüb canıma,
Əridib döndərir a yağa
məni.
Aşıq deyər ay ağa,
Yetiş dada,
ay ağa!
İllər xəstəsi canım,
Yar gəldi, qalx ayağa!
Ağa olan qulun salmaz
nəzərdən,
Salma nəzərindən, ay ağa,
məni!
Xalq şairi Səməd Vurğun çıxışlarının
birində belə demişdir: “Hansı mövzuya əl atıram, hansı daşı qaldırıram,
altında Dədə
Ələsgərdən bir
nişanə görürəm”.
Aşıq Ələsgər yaradıcılığının bənzərsizliyi söz dünyamızı beləcə
bəzəmiş, xalqın
ruhuna, yaddaşına
köçmüşdür.
Deyilənlərə görə, Aşıq
Ələsgər yüz
ildən çox ömür sürsə də, nə qəddi əyilmiş, nə qulağı ağırlaşmış, nə
gözləri zəifləmiş,
nə də saçları tamam ağarmışdır. Dünyadan
köçəcəyi günü
əvvəlcədən xəbər
verən ustad
1926-cı il martın 7-də dünyasını
dəyişsə də,
haqqında dastanlar, rəvayətlər, xatirələr
bitib-tükənməmiş, zəngin yaradıcılığı
ona ölümsüzlük
qazandırmışdır.
Təranə Vahid
Mədəniyyət.-
2011.- 26 avqust.- S. 11.