Təbabət tarixinə maraqlı səyahət

 

   İnsanların mədəni istirahət üçün üz tutduqları məkanlardan biri də muzeydir. Muzeylər ziyarətçilərə həm mənəvi zövq, həm də informasiya verir. Hər muzey özündə bir tarix yaşadır. Ölkəmizdə müxtəlif sahələr üzrə ixtisaslaşmış muzeylər də bir çox tarixi məqamlara işıq tutur, zəngin ekspozisiyaları ilə maraq doğurur.

  

   Belə muzeylərdən biri də Azərbaycan Təbabəti Muzeyidir. Yəqin ki, bir çox oxucularımız bu muzey haqqında elə də məlumatlı deyil. Tibb sahəsi üzrə ixtisaslaşmış muzeyə əsasən bu sahədə çalışanlar, mütəxəssislər baş çəkirlər.

   Elə biz də muzeyə gedəndə orada təbabət elmindən uzaq olan adamları, qeyri-mütəxəssisləri maraqlandıracaq eksponatlar olacağını güman etmirdik. Amma gümanımızda yanılmışdıq. Elə ilk baxışdan başa düşdük ki, bu, sadəcə, təbabətdən bəhs edən muzey deyil. Burada nümayiş olunan müxtəlif kompozisiya və maketlərə tamaşa etdikcə təkcə təbabət tariximizə deyil, bütövlükdə Azərbaycana səyahət edirsən, tariximizin bir sıra maraqlı məqamları film lenti kimi gözünün önündən keçir.

  

   Pulsuz fəhlə müalicəxanası

  

   Azərbaycan Təbabəti Muzeyinin yerləşdiyi bina 1889-cu ildə inzibati bina olaraq tikilib. 1914-1917-ci illərdə isə bina pulsuz fəhlə müalicəxanası kimi istifadə edilib. Həmin illərdə Nəriman Nərimanov bu xəstəxanada rəhbər və həkim kimi fəaliyyət göstərib. Sonrakı illərdə burada müxtəlif idarə və qurumlar yerləşib.

   1986-cı ildə tarixi əhəmiyyəti də nəzərə alınaraq bina muzeyə çevrilir. Muzeyin ilk rəhbəri olan İmam Manafov ekspozisiya üçün materialların toplanmasında böyük əmək sərf edib. Sonra muzeyə Əli Fərzəliyev rəhbərlik edib. Hazırda muzeyin direktoru həkim-jurnalist Məmməd Məmmədovdur.

   Muzeydə ölkəmizdə təbabət və səhiyyənin qədim dövrlərdən bu günədək inkişaf tarixi, habelə Azərbaycan alimlərinin elmi nailiyyətləri əksini tapıb. 9 otaqdan ibarət olan muzeyin hazırda 4 otağı istifadədir. Qalan otaqlarda təmir-bərpa işləri aparılır.

   İlk daxil olduğumuz otaq tibb elmi ilə tanışlıqla başlayır. Burada İbn Sina, Hippokrat kimi məşhur təbiblərin büstü, tibb elminin tanınmış şəxsiyyətlərinin barelyefləri qoyulub. Burada Hippokratın andından bir parçanı da oxuya və əsli AMEA Əlyazmalar İnstitutunda olan İbn Sinanın «Həkim elminin qanunu» adlı əsərinin 1143-cü ilə aid olan cildlərindən birinin əlyazmasının fotosurəti ilə tanış ola bilərsiniz.

  

   Muzeydə ailə şəraitində xəstənin müalicəsi

  

   İkinci otaqda maraqlı ekspozisiyalar var. Burada orta əsr cərrahlıq alətləri, xalq həkimlərinin müalicə məqsədi üçün istifadə etdikləri şəxsi əşyaları sərgilənir. Xüsusi dioramada isə XX əsrin əvvəlində Bakı neft mədənlərində işləyən fəhlələrin ağır həyat şəraiti ilə tanış oluruq. Buradakı sənədli materiallar Bakı fəhlələrinin 1905-1907-ci illər inqilabi dövründəki mübarizəsindən bəhs edir. Xüsusi maketdə fəhlələrin iş şəraiti, iş prosesində xəsarət aldığı zaman onlara göstərilən tibbi yardımı görə bilərik.

   Burada çox maraqlı bir kompozisiya da var. Kənd ailə məişətinin nümunəsi olan dioramada xalq təbabətinin metodlarından biri təsvir olunub. Dioramadakı adam təsvirləri (kuklalar), onların geyimləri, otaqdakı avadanlıqlar elə hazırlanıb ki, özünü bir anlıq keçmişdə, XIX əsrin sonu - XX əsrin əvvəllərində hiss edirsən. Burada o dövrdə ailə şəraitində xəstənin müalicə olunması təqdim olunur.

   Üçüncü otaq Bakı neft sənayesi işçiləri qurultayının qərarına əsasən müasir tibbi avadanlıqla təchiz olunmuş ilk Azərbaycan tibb müəssisələrinin təşkilinə həsr olunmuş eksponatlarla başlayır. Ekspozisiyada bu xəstəxanalarda işləyən müxtəlif millətlərə mənsub həkimlərin fəaliyyəti ilə tanış olmaq olar. Burada muzeyin binasının əvvəlki görünüşünün maketi diqqəti cəlb edir. Maketdə binanın xəstəxana kimi istifadə edildiyi vaxt təsvir olunub. Burada həmçinin Ramanı feldşer məntəqəsinin təsvir olunduğu fotoşəkil maraq doğurur.

   Görkəmli cərrah, Azərbaycan Elmlər Akademiyasının ilk prezidenti, professor Mirəsədulla Mirqasımova, Azərbaycanda pediatriyanın əsasını qoyan tibb elmləri doktoru Yevsey Gindesə ayrıca bölmə həsr olunub. Burada 1914-cü ildə vəba xəstəliyi dövründə tikilmiş vəba barakının maketini görmək olar. Stendlərdə isə XX əsrin əvvəlində Azərbaycan həkimlərinin işlətdikləri tibbi alətlər sərgilənir.

   Dördüncü otaqda 1920-1925-ci illərin Azərbaycan səhiyyəsi barədə sənədlər, fotoşəkillər s. əksini tapıb. Burada Azərbaycan İnqilab Komitəsinin apteklərin milliləşdirilməsi haqqında ilk dekreti, Xalq Səhiyyə Komissarlığının 1920-ci il 29 aprel tarixli ilk əmri, Bakı Universitetinin ilk rektorlarının, tibb fakültəsinin ilk buraxılışı, professor müəllim heyətinin fotoları, Bakıda nəşr olunan müxtəlif tibbi jurnallar, universitet alimlərinin əsərləri, ilk elmi-tədqiqat institutlarının fəaliyyəti ilə tanış olmaq olar. Nəriman Nərimanovun büstü, ona həsr olunmuş xüsusi stend burada yer alıb.

  

   Topçubaşovun əməliyyat otağı

  

   Muzeydə maraq doğuran maketlərdən biri Böyük Vətən müharibəsinə (1941-1945) həsr olunub. Burada müharibə müharibə zamanı yaralanan əsgərlərə ilkin tibbi yardım təsvir olunur. Digər maraqlı maket görkəmli cərrah Mustafa Topçubaşovu əməliyyat zamanı əks etdirir. Maketin əsas məqsədi əməliyyat üçün kəşf olunan tibbi aləti təqdim etməkdir.

   Muzeyin direktoru Məmməd Məmmədov hazırda təmir işləri ilə əlaqədar bağlı olan digər beş otaqda da maraqlı materialların, eksponat maketlərin olduğunu bildirdi. Direktor onu da bildirdi ki, Tibb Universitetinin tədris korpusu kimi fəaliyyət göstərən muzey yeni guşə stendlərlə zənginləşir: «Muzeyin yeniləşməsi üçün çalışırıq, bəzi işlərin görülməsinə, yeni stend guşələrin yaradılmasına nail olmuşuq. Hazırda əsas məsələ muzeydə aparılan təmir-bərpa işləri ilə bağlıdır. Təmir-bərpa işlərindən sonra muzey 9 otaqda işini davam etdirəcək».

   Direktordan onu da öyrəndik ki, muzeyə daha çox məktəbli tələbələr, tibb işçiləri baş çəkirlər. Biz təbabət tariximizin ümumilikdə tariximizin bir çox maraqlı faktları ilə tanış olmaq istəyənlərə bu muzeyə baş çəkməyi tövsiyə edirik.

  

 

   Gülər Nizamiqızı

 

   Mədəniyyət.- 2011.- 26 avqust.- S. 10.