Azərbaycanın
folklor paytaxtı:
Lənkəran
Azərbaycan
xalqının folkloru çox qədim tarixə malikdir. Xalqımızın
rəngarəng qeyri-maddi mədəni irsi əsrlərin
sınağından keçərək bu gün də
yaşamaqdadır. Bu irsi yaşadan məkanlardan biri də
folklor ənənələrimizlə zəngin olan Lənkəran
bölgəsidir. Təsadüfi deyil ki, ölkəmizin
qeyri-maddi mədəni irsinin təbliği məqsədilə
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qəbul
olunan “2010-2014-cü illər üçün Xalq
Yaradıcılığı Paytaxtları” Proqramına əsasən,
Lənkəran 2011-ci ildə “Azərbaycanın folklor
paytaxtı” elan edilib.
Ən qədim və gözəl məkanlarımızdan
olan Lənkəran Azərbaycanın cənub-şərqində,
onlarca kilometr məsafəyə uzanıb gedən Lənkəran
ovalığında yerləşir. Lənkəran toponiminin
haradan götürülməsi, onun mənası hələ
indiyə qədər mübahisəli olaraq qalır. Şəhər
və onun ətraf yerlərinin daha qədimliyinə nişan
verən sənədlərdən məşhur yunan
tarixçisi Herodotun məlumatıdır. O, göstərirdi
ki, indiki Masallıya yaxın yerlərdə Dubil adlı kənd
varmış. Strabon isə öz əsərində Boladi, Məcül,
Büstər və Talışkəran kəndlərinin
yaşıllıq və otlaq olması haqqında məlumat
verib. Lənkəranın mətbəx mədəniyyətinin
qədim tarixi var. Arxeoloji qazıntılar zamanı bu ərazidə
qədim insanlara məxsus və daşdan düzəldilmiş
tava, həvəngdəstə, müxtəlif növ mətbəx
çapacaqları, gil qab nümunələri, piyalə
qırıntıları, saxsı sərnic (su qabı), antik
dövrə aid kuzə, eramızdan əvvəl III-I əsrlərə
aid gil küplər tapılıb. Bütün bunlar Lənkəranın
qədim tarixə malik məkan olduğunu bir daha isbatlayır.
Milli bayram və mərasimlərimizi yaşadan məkan
Folklor ənənələrimizin
ünvanı olan Lənkəranda milli bayramlarımız və
mərasimlərimiz də yaşadılır. Milli
bayramımız olan Novruz, bütün ölkədə
olduğu kimi, burada da böyük şövqlə qeyd olunur.
Bayrama hazırlıq bir ay əvvəldən başlanır və
dörd ilaxır (su, od, torpaq, hava) çərşənbənin
qeyd olunması ilə davam edir.
Bu çərşənbələr
arasında ən əhəmiyyətlisi axır çərşənbə
sayılır. Bayramla bağlı əsas hadisələr də
həmin gün baş verir. Axır çərşənbə
günü keçirilən bayrama xas müxtəlif mərasimlər
keçirilir.
Lənkəranda Novruz bayramına
hazırlıq ərəfəsində icra edilən əsas mərasimlərdən
biri - səməni cücərtməkdir. Təbiətin bərəkət
rəmzi sayılan səməni, xalq inancına görə
sehrli qüvvəyə malikdir. Bu mərasim təbiətin
oyanışı və bitkilərə məhəbbət
duyğuları ilə bağlıdır. Həmin günlərdə
hər evdə göz oxşayan yaşıl «çəmənlik»
- əlvan lentlərlə bəzədilmiş səməni
qabları olması vacib sayılır. Səməninin dövrəsinə
boyanmış yumurta və şamlar düzülür.
İçərisində üzüm, qoz, fındıq, konfet,
meyvə qurusu, noğul dolu məcməyi - xonça da səməninin
yanına qoyulur. Novruzdan qabaq qadınlar şirniyyat - paxlava,
şorqoğalı, şəkərbura və s. bişirirlər.
Novruz bayramı günlərində
evlərin həyətlərində və küçələrdə
müxtəlif şənliklər keçirilir. Oynaq rəqslər,
xoş mahnı təranələri, musiqi, gülüş,
qohumlara baş çəkib onlara bayram payı aparmaq zəruri
ənənələrdən sayılır. Adətən ya
eyni bir tonqalın üstündən 7 dəfə, ya da 7
tonqalın hərəsinin üstündən 1 dəfə
tullanırlar. Yazda gecə ilə gündüzün tən
olduğu bahar bayramının gəlişi atəşfəşanlıqla
xəbər verilir. Ənənəyə görə, bayram
axşamı hər kəs öz evində olmalı, heç
kəsin evinə qonaq getməməli və heç kəsi
qonaq kimi qəbul etməməlidir.
Bütün dünya müsəlmanları
kimi, azərbaycanlılar üçün də əziz olan
Ramazan və Qurban bayramları Lənkəran bölgəsində
geniş şəkildə qeyd olunur. Ramazan bayramına bir
neçə gün əvvəldən hazırlaşırlar.
Bayram münasibətilə təzə paltar tikmək və ya
almaq, bayram payı vermək üçün hədiyyələr
hazırlamaq və ya almaq lazımdır. Qurban bayramında isə
imkanı olanlar qurbanlıq kəsib ətini imkansız ailələrə
paylayırlar.
Adət-ənənələrimiz
təbliğ olunur
Lənkəran şəhərinin
2011-ci il üzrə “Folklor paytaxtı” elan edilməsi ilə əlaqədar
müxtəlif tədbirlərin - konfrans, dəyirmi masa,
konsert, müsabiqə, festival, sərgi və s. təşkili
nəzərdə tutulub. Bu tədbirlərdən “Tarixin
canlı şahidləri” - qocaman el sənətkarları ilə
görüşlər, “Bayatı axşamları” adlı
folklor gecəsi, “Nənələr və nəvələr”
folklor gecəsi, Lənkəran mətbəxi festivalını
və s. göstərmək olar.
Lənkəran Rayon Mədəniyyət
və Turizm Şöbəsinin müdiri Vasif Fərzullayevin
sözlərinə görə, “Folklor paytaxtı” proqramı
çərçivəsində ilk tədbir aprelin 13-də
şəhərin mərkəzində, Heydər Əliyev
parkında təşkil olunub: «Burada rayonun folkloru, adət ənənələri,
milli mətbəxi, el sənətkarlıq nümunələri
və s. nümayiş etdirildi. Mədəniyyət və
Turizm Nazirliyinin hazırladığı folklor şəhərinin
kuboku Lənkəran İcra Hakimiyyətinin
başçısı Tofiq İbrahimov tərəfindən tədbirin
aparıcısına - Dədə Qorquda təqdim olundu. Bundan əlavə,
mart ayında rayonun qəsəbə və kəndlərində
mədəniyyət müəssisələrinin özfəaliyyət
və folklor kollektivlərinin konsertləri təşkil
olundu”.
Tədbirlər planına uyğun
olaraq aprelin 15-də mədəniyyət və turizm
şöbəsi tərəfindən tətbiqi sənət
ustalarının əl işlərinin sərgisi təşkil
edilib. Sərgidə el sənətkarlarının əl
işləri - dulusçuluq nümunələri, həsirlər
və s. nümayiş olunub: “Tədbirin bədii hissəsində
Separadi kənd mədəniyyət evinin “Nənələr”
folklor mahnı və rəqs kollektivinin və Qirdəni kənd
mədəniyyət evinin “Vənəvşə” folklor rəqs
kollektivinin, C.Cabbarlı və H.Rzayeva adına uşaq musiqi məktəblərinin
muğam ifaçılarının konserti təşkil
olunmuşdu. Bundan başqa, Lənkəran uşaq rəssamlıq
məktəbində “Folklorumuz və adətlərimiz
uşaqların gözü ilə” adı altında
uşaqların rəsm əsərlərinin sərgisi də
keçirildi. Sərgidə uşaq rəssamlıq məktəbinin
və eləcə də, Lənkəran uşaq
yaradıcılıq mərkəzi şagirdlərinin milli
folklorumuza, adət-ənənələrimizə həsr
olunmuş rəsm işləri nümayiş olundu».
Tədbirlər
davam edir
Vasif Fərzullayevin sözlərinə
görə, Lənkəranın “Folklor paytaxtı” elan edilməsi
ilə bağlı reallaşan tədbirlər sırasında
Kitab bayramı zəngin təəssüratlarla yadda qalıb.
Ulu öndər Heydər Əliyevin
anadan olmasının 88 illiyi münasibətilə mayın
6-da təşkil edilən IV Ümumrespublika ənənəvi
kitab bayramında rəsmi şəxslər, şəhər
sakinləri, yaradıcı ziyalılar, müharibə
veteranları iştirak ediblər. Mərkəzi kitabxananın
qarşısında müxtəlif sərgilər təşkil
olunub. Tədbir çərçivəsində xalq tətbiqi
sənəti ustalarının əl işlərindən ibarət
sərgi də təqdim olunub: “Eyni zamanda, kitabxananın
qarşısında uşaq rəssamlıq məktəbinin
şagirdlərinin rəsm əsərlərindən ibarət
sərgi quruldu. Ulu öndərin həyat və fəaliyyətinə,
milli adət-ənənələrimizə və folklorumuza həsr
olunmuş kitablar, yeni nəşrlər, ölkə
prezidentinin sərəncamı ilə çap olunmuş
latın qrafikalı ədəbiyyat nümayiş olundu. Tədbirdə
çıxış edən folklorşünas alim
Mirhaşım Talışlı, yazıçı-publisist
Etibar Əhədov, digər qonaqlar kitabın həyatımızda
rolu, milli adət-ənənələrimizin təbliği ilə
bağlı görülən işlər, dövlətin bu
sahəyə diqqət və qayğısı barədə
danışdılar”.
“Folklor paytaxtı” proqramı
çərçivəsində daha bir tədbir avqustun 13-də
açıq havada təşkil olunan “Folklor axşamı” mərasimi
olub. Tədbirdə iştirak edən Milli Məclisin
deputatı Hadı Rəcəbli və folklorşünas alim
Mirhaşım Talışlı Lənkəranda folklor və
adət-ənənələrin tarixi barədə söz
açıblar. Mədəniyyət və turizm şöbəsinin
məsləhətçisi İlqar Əzimov Lənkəranın
“Azərbaycanın folklor paytaxtı” elan olunması ilə
bağlı görülmüş işlər haqqında məlumat
verib. Tədbirin bədii hissəsində Separadi kənd mədəniyyət
evinin “Bacılar” talış folklor mahnı və rəqs
kollektivi qədimdə Lənkəranda ifa olunan
mahnıları, qocaman mədəniyyət işçisi, el sənətkarı
Surxay Əliyev qədim nəfəsli alətdə maraqlı
musiqi nömrələri ifa ediblər. Tədbir çərçivəsində
el sənətkarlığı nümunələri də
nümayiş olunub.
Keçirilən bütün bu tədbirlər
göstərir ki, Lənkəranın “Azərbaycanın
folklor paytaxtı” elan olunması xalqımızın şifahi
xalq ədəbiyyatının, adət və ənənələrimizin
təbliği işinə mühüm töhfə olacaq.
Mehparə
Mədəniyyət.-
2011.- 26 avqust.- S. 9.