Şirin və duzlu qələm
sahibi
Seyfəddin Dağlı - 90
Avqustun 27-si nasir, dramaturq, publisist, tərcüməçi kimi Azərbaycan ədəbiyyatında
özünəməxsus yeri olan Seyfəddin Dağlının anadan olmasının 90 ili
tamam olur.
Ömür yolundan qısa qeydlər
Seyfəddin
Dağlı (Seyfəddin Əliağa oğlu
Abbasov) 1921-ci il avqustun 27-də Xızıda dünyaya
gəlib. Bir müddət “Kommunist”
və “Ordu” qəzetlərində müxtəlif
vəzifələrdə işləyib. Dövlət Radio Komitəsində baş
redaktor (1956-1959), sonra
Bakı Telestudiyasının direktoru və
sədr müavini vəzifələrində
çalışıb. Uzun müddət
“Kirpi” jurnalının baş
redaktoru, “Azərbaycanfilm”
kinostudiyasında ssenari
redkollegiyasının üzvü,
“Yazıçı” nəşriyyatında redaktor
işləyib. 1948-ci ildə “Dəniz kəşfiyyatçısı”
adlı ilk kitabı nəşr edilib. “Adı sənin, dadı mənim”,
“Aydınlığa doğru”, “Mənziliniz
mübarək”, “Təzə gəlin”, “Kölgələr
pıçıldaşır” pyesləri, “Bahar
oğlu”, “Məşəl”, “Kəcil
qapısı”, “Sabiqlər” və sair
kitabları geniş oxucu
kütləsinin rəğbətini qazanıb. Pyesləri
Akademik Milli Dram Teatrı, Musiqili Komediya Teatrı, Gənc
Tamaşaçılar Teatrında dəfələrlə tamaşaya qoyulub.
Yazıçı 1983-cü il yanvarın
18-də dünyasını dəyişib.
Cəmi 62 il yaşasa da, Seyfəddin Dağlı mənalı ömür yaşadı. Həm insan, həm yazıçı, həm həyat yoldaşı, həm ata, həm dost kimi. Bu gün də - ölümündən 29 il keçsə belə, yaddaşlarda, xatirələrdə sanki hələ həyatda yaşayırmış kimi yaşayır. Seyfəddin Dağlının ömür-gün yoldaşı Cəfər Cabbarlının qızı Gülarə xanım illərin o üzündə qalmış Seyfəddinli günlərini xatırlayır.
- Seyfəddinin bir az mənə qohumluğu çatır. Onun həyatı asan olmayıb. Dünyaya gələndən 13 gün sonra anası Qəmər xanım rəhmətə gedib. Seyfəddinin atası Əlağa Abbasov dövlət qulluqçusu olub, müxtəlif rayonlara işləməyə göndərilib. Elə buna görə də uşaq ata babası Bəhlul kişinin ümidinə qalıb. Bir müddət sonra Seyfəddinin atası mənim əmim qızı ilə ailə qurub. Seyfəddin ailəsi ilə birgə Bakıya köçüb, orta məktəbi də elə bu şəhərdə oxuyub.
Bir müddətdən sonra Seyfəddinin babası da rəhmətə gedir. Seyfəddin taleyin bu zərbəsini də sakit qarşılayır.
Gülarə xanım deyir ki, Seyfəddin tez-tez atamın - Cəfər Cabbarlının yanına gələrdi. Atam onu əzizləyər, könlünü alardı.
- Atamın gənc yaşında dünyasını dəyişməsi 13 yaşlı Seyfəddinə də böyük dərd oldu. Onu çox sevən, qayğı göstərən insanlardan birini də itirdi.
Seyfəddin orta məktəbi bitirib, əvvəlcə texnikumda təhsil alır. İlk iş yeri "Kommunist" qəzetinin redaksiyası olur.
Taleyin qisməti
- Seyfəddin bədii
yaradıcılığa orta məktəbdə
oxuduğu illərdən başlayıb.
1941-ci ildən 1956-cı ilədək hərbi xidmətdə olub. Həmin illərdə "Ordu" qəzetində ədəbi işçi, "Diviziya"
qəzetində redaktor işləyib. Sovet ordusunun tərkibində
İrana gedib. Sonra Moskvada Hərbi Akademiyaya qəbul olunub. O vaxt artıq mən də tələbə idim, universitetdə oxuyurdum.
Günlərin birində tale onları yenidən qarşılaşdırır.
- 1951-ci ildə nişanlandıq. Hər ikimiz tələbə idik. Ona görə də 1953-cü ildə, mən universiteti bitirəndən sonra toyumuz oldu. Sonra Moskvaya getdik. Seyfəddin dərslərini davam etdirdi. Akademiyanın əlaçı tələbələrindən olan Seyfəddinin güclü hafizəsi vardı. Bakıda Azərbaycan dilində təhsil alsa da, rus dilini mükəmməl öyrənmişdi. Çoxları buna inana bilmirdi. Tələbə yoldaşlarına hansı material lazım olurdusa, ondan soruşurdular, Seyfəddin də hansı kitabın neçənci cildində, neçənci səhifəni oxumalı olduqlarını deyirdi.
Təhsilini başa vurub Bakıya qayıtdıqdan sonra Seyfəddin həm jurnalistlik, həm də yaradıcılıqla məşğul olur. İllər keçir. Seyfəddin Dağlı ilk övladına babası Bəhlulun, ikinci övladına Cəfər Cabbarlının ədəbi qəhrəmanlarından birinin - Altayın, qızına isə anası Qəmərin adını qoyur.
Seyfəddin Dağlı 1956-1959-cu illərdə Dövlət Radio Komitəsində baş redaktor, sonralar isə "Bakı" telestudiyasının direktoru və sədr müavini vəzifələrində işləyir. Yaradıcı fəaliyyətinin böyük bir hissəsi "Kirpi" jurnalı ilə bağlı olur. Həmin dərgidə o, uzun illər baş redaktor vəzifəsində çalışır.
Gülarə xanım o günləri belə xatırlayır:
- Gərgin iş gününün sonunda Seyfəddin evə yorğun-arğın dönərdi. İki-üç saat dincələr, gecə saat üçə-dördəcən, bəzən lap səhərə qədər yazı masasının arxasından qalxmazdı. Nə qədər çox işi olsa da, həmişə ailəsinin qayğısına qalardı. Heç vaxt istirahətə təkcə getməzdi. Hər yay bizi istirahətə aparardı. Riqada, Sankt-Peterburqda, Volqaboyu şəhərlərdə keçirdiyimiz o günlər ömrümüzün ən şirin günlərindəndir.
“Satira onun ruhuna yaxın
idi”
Gülarə xanım Seyfəddin Dağlının yaradıcılığından
da söz açır:
- Bir çoxları kimi o da yaradıcılığa
şeirlə başlamışdı.
Sonralar bunu ardıcıl şəkildə davam etdirmədi. Amma şeir
yazmaqdan əl də çəkmədi.
Onun satirik şeirlərindən
bəzilərinə musiqi
də yazıldı.
Bunların içərisində bəstəkar Cahangir Cahangirovun bəstələdiyi,
müğənni Mirzə
Babayevin oxuduğu
"Çayçı" mahnısı çox məşhurdur.
Yazdığı əsərlərin əksəriyyətinin ilk oxucusu
idim. Onun qələmindən çıxan bütün
yazılar mənə
maraqlı görünürdü.
Arabir deyirdim ki, belə
yazsaydın, daha yaxşı olardı.
Məni diqqətlə dinləyirdi.
Amma sonda yenə öz fikrində qalırdı. Həyatda da
belə idi. Seyfəddini fikrindən daşındırmaq
çətin məsələ
idi.
Seyfəddin Cənubi Azərbaycan həyatından bəhs edən "Kəcil qapısı", Cəfər
Cabbarlıya həsr etdiyi "Bahar oğlu" əsərləri
oxucular tərəfindən
böyük rəğbətlə
qarşılansa da, daha çox satirik əsərlər yazardı. Bu janr
onun ruhuna yaxın idi. Məqalələrində, satirik hekayələrində,
novellalarında gördüyü
nöqsanları tənqid
edirdi. Deyib-gülməyi, maraqlı söhbətlər
etməyi çox xoşlayırdı. Amma
kənardan baxanlara elə gələrdi ki, bu adam hələm-hələm
gülməz. Görkəmi çox ciddi, zəhmli idi. Elə xarakterində də ciddilik vardı. Ancaq danışmağa başlayanda
özünü gülməkdən
saxlaya bilmirdin. İştirak etdiyimiz toy məclislərində,
şənliklərdə hamı
onun çıxışını
səbirsizliklə gözləyərdi.
Seyfəddinin ədəbi qəhrəmanlarının
hər biri həyatdan götürülüb.
"Sabiqlər" əsərinin qəhrəmanları
kimlərdir? Vəzifələrindən uzaqlaşdırılmış nazirlər. Məgər
biz belələrini az görmüşük?
Onun tənqid obyektləri
"Kirpi" jurnalında
dərc etdirdiyi yazılarda konkretləşirdi.
Əlbəttə, bunlar Seyfəddinə
bəzən başağrısı
da gətirirdi. Amma onu tutduğu yoldan çəkindirmək
mümkün deyildi.
Mərd adam idi.
Elə buna görə də ona hörmət
eləyir, xətrini istəyirdilər.
Həmişə
bizə deyirdi: "Gecə saat üçdə də qapımı döysələr,
gedib ürəyi rahat açacağam. Ona görə ki, heç kimin yanında nə dilim qısadır, nə də gözüm kölgəlidir.
Mən yalnız öz zəhmətimin haqqını
yemişəm. Uşaqlarına
nəsihət edirdi ki, hər şeyə
özləri nail olsunlar,
iş-gücdən, zəhmətdən qorxmasınlar.
Çox məsuliyyətli
adam idi.
Bir işi öhdəsinə götürübsə, onu
mütləq görməli
idi. Heç vaxt boş yerə kimsəyə söz verməzdi. Vəd verdisə, hökmən yerinə yetirməli idi. Yorulmaq nə olduğunu
bilməzdi. Ona üz
tutanları naümid qaytarmazdı. Əlindən gələn qədər hamıya yaxşılıq
edirdi.
Gülarə xanım Seyfəddin Dağlının son günlərindən
də danışdı:
- Onun ölümü mənim üçün qəflətən
oldu. Seyfəddinin bir gün dünyasını dəyişəcəyini
ağlıma belə gətirmirdim. Elə bilirdim
ki, o heç vaxt ölməyəcək.
Biz bir-birimizi çox istəyirdik.
Bilmirəm, bəlkə elə
buna görə mən onun xarakterində,
davranışında heç
bir nöqsan görmürdüm. Yoldaşım
olduğuna görə
demirəm, uşaqlarımın
atası olduğuna görə demirəm, Seyfəddin yaxşı adam idim.
Yaxşıya yaxşı deyərlər.
Seyfəddin həmişə çalışırdı ki,
xalqa yaxın olsun.
“Darıxıram onun üçün”
- Seyfəddin
Dağlı 1950-ci ildən
yazmağa başladığı
və hissə-hissə
yazdığı "Şirin
duz" əsərinin
çap edilməsini çox arzulasa da, bu əsərin
nəşrini görmək
ona qismət olmur. Atasının ölümündən üç-dörd ay sonra
Qəmər "Şirin
duz"u köçürür
və çap etdirir.
Seyfəddin Dağlının qızı,
C.Cabbarlının ev-muzeyinin
baş elmi işçisi Qəmər
Seyfəddinqızı atası
ilə bağlı xatirələrini bizimlə
bölüşdü:
- Nə qədər yaxşı sözlər, yaxşı
hisslər varsa atama aid edirəm. Atam çox dürüst, çox zəhmətkeş,
namuslu, öz xalqını istəyən
bir insan idi. Kömək lazımdırsa, tanımadığı adama
belə kömək edərdi. Fikirləşirəm, bir dənə
mənfi xüsusiyyətini
tapa bilmirəm. Zəhmi vardı, amma çox zarafatcıl adam
idi.
Qəmər xanım bildirdi ki, Seyfəddin Dağlının 90 illik yubileyini sentyabr ayında Cəfər Cabbarlının ev-muzeyi ilə C.Cabbarlı adına Mədəniyyət,
Elm və Təhsilin İnkişafına Yardım
İctimai Birliyi birgə keçirməyi planlaşdırırlar.
Söhbət zamanı Qəmər xanım bir arzusunu da dilə
gətirdi: “Atamın əsərləri o zamanlar
kiril əlifbası ilə çap olunub. Ona görə də
gənc nəslin Seyfəddin Dağlı yaradıcılığı barədə
məlumatı azdır.
İstərdim ki, atamın əsərləri
latın qrafikası ilə çap olunsun. Çünki bu əsərlər,
çox dəyərli
əsərlərdir”.
Görüşümüzün sonunda Gülarə
xanım “Seyfəddinlə
bağlı hər bir xatirə mənim üçün əzizdir. Darıxıram
onun üçün”
- dedi. Gülarə xanım aşıb-daşan
xatirələrini bir söhbətə sığışdıra
bilməsə də,
biz böyük insanı
şirin, kövrək
xatirələrlə yad
etdik. Yad edilmək isə hər insana nəsib olmur...
Təranə Vahid
Mədəniyyət.- 2011.- 26 avqust.-
S. 7.