Vətəndaş
sənətkar: Hamlet
Xanızadə
“Digər müasir insanlar kimi, məni də həyatın
bir çox problemləri düşündürür. Əgər
müharibə və sülh mövzusunu müasirliyin ən
aktual problemi hesab etsək, bu, tamamilə qanunauyğun olar. Mən
müharibə görməmişəm. Lakin bir insan kimi
başa düşür və hiss edirəm ki, bu, sülhə,
bəşəriyyətə qarşı böyük cinayətdir.
Hamıya məlumdur ki, hərbi fəlakət xalqların həyatında
necə dərin iz qoymuşdur...”
Azərbaycanın Əməkdar artisti, Dövlət mükafatı laureatı Hamlet Xanızadə bu sözləri 80-ci illərin sonlarında yazmışdır. Tanınmış sənətkar müharibəyə, müharibəni törədənlərə nifrət edirdi, ermənilərin ölkəmizə qarşı torpaq iddiaları, Qorbaçov hakimiyyətinin Bakıda törətdiyi 20 Yanvar qırğını onun rahatlığını əlindən almışdı, evdə, işdə özünə yer tapmır, heç nəyə biganə qala bilmirdi. Xasiyyəti belə idi. Bu barədə bir qədər sonra...
Hamlet Xanızadə 1941-ci ildə Bakının Şağan kəndində dünyaya göz açmışdı. Atası Bəbir həkim teatr həvəskarı idi. Elə buna görə də oğluna məşhur teatr qəhrəmanının adını vermişdi. Hamlet orta məktəbi bitirib, atasının yolunu davam etdirmək məqsədilə sənədlərini Tibb İnstitutuna verir. Amma müsabiqədən keçə bilmir. Lakin onun həyat yolunu bir təsadüf müəyyən edir. Bir gün belə bir elana rast gəlir: “Məşədi Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrının nəzdində ikiillik aktyorluq kursu açılır. Arzu edənlər dəvət olunurlar”.
Kursda oxuyarkən görkəmli rejissor Adil İsgəndərovun Hamletin gələcəkdə bacarıqlı aktyor kimi yetişəcəyini deməsi gəncin bu sənətə həvəsini daha da artırır. Əlbəttə, onun bundan sonrakı həyat yolu İncəsənət İnstitutundan keçməli idi. Ancaq belə olmur, son imtahandan çıxa bilmir .
1961-ci il, ikinci cəhd, uğurlu nəticə. Hamlet ali məktəbdə yenə də Adil İsgəndərovla rastlaşır. Böyük sənətkar ona aktyor sənətinin sirlərini daha dərindən öyrədir. Gərgin məşqlər, yaradıcılıq axtarışları davam edir.
1964-cü il Hamletin həyatında əlamətdar hadisə ilə yadda qalır. Rejissor Tofiq Kazımov onu Akademik Dram Teatrında işləməyə dəvət edir. Rejissor ona V.Şekspirin «Antoni və Kleopatra» pyesində Sezarın sərkərdəsi Qall surətini tapşırır.
Hamlet ilk rolunu elə ifa etməli idi ki, tələbə ikən teatra təsadüfi dəvət olunmadığını sübut edə bilsin. Sübut etdi də. Bundan sonra həmin səhnədə Çandana («Hind gözəli»), Katoviç («Tufanlı il»), Xəstə («Ölülər»), Bertran («Orlean qızı»), Şaliko («Vaqif»), Əli («Közərən ocaqlar»), qaraçı oğlan («Canlı meyit») və s. irili-xırdalı rollar ifa edir.
1970-ci ildə teatrda «Xəyyam» tamaşası hazırlanarkən rejissor Mehdi Məmmədov ona Həsən Səbbah rolunu həvalə edir. Bu rol gənc aktyora uğur qazandırır. İllər ötür, Hamletin yaradıcılıq tərcümeyi-halına yeni-yeni maraqlı obrazların adı yazılır. İblis («İblis»), Qacar («Vaqif»), molla Abbas («Dəli yığıncağı»), Nizami («Atabəylər»), Qlaqolev («Kreml saatı»), Antonio («Fırtına»), Topal Teymur («Topal Teymur»), doktor («Şöhrət və ya unudulan adam») və s. surətlər yaradıcılığın çətin yolları ilə Hamlet Xanızadəni aktyor sənətinin zirvəsinə qaldırır. İblis roluna görə Azərbaycan Dövlət mükafatına layiq görülür. Həmkarları da, tamaşaçılar da Hamleti bir sənətkar, bir insan kimi sevirdilər, hər dəfə səhnədə görünəndə onu alqışlarla qarşılayırdılar. O, təbii oyunu, səmimiyyəti və emosionallığı ilə tamaşaçıların diqqətini özünə cəlb edə bilmişdi.
Günlərin birində, heç kəsin gözləmədiyi bir vaxtda Hamlet Xanızadə teatrdan getdi. Onun belə qəfləti gedişi müxtəlif söz-söhbətlərə səbəb oldu. Hamlet Xanızadənin özü müsahibələrinin birində bu barədə belə demişdi: «Nə qədər ki, aktyoruq, sənətin mənafeyinə xidmət edirik, bizim haqqımız sarıdan heç kim narahat olmur, elə ki, özümüzə, adamlığımıza üz tuturuq... Yaz ki, Hamlet Xanızadə teatrı maddi ehtiyacı üzündən tərk edib. Oradan aldığı maaşla dolana bilmir...»
İstedadlı aktyor “Azərbaycanfilm”də işə düzəldi, ömrünün sonuna kimi burada çalışdı. O, hələ 60-cı illərdə «Möcüzələr adası» (1963, Sadıq), «Torpaq. Dəniz. Od. Səma» (1967, mühəndis), «Bizim Cəbiş müəllim» (1969, hərbi komissar») filmlərində epizodik rollarda çıxış etmişdi. Onun “Yeddi oğul istərəm” (1970) filmində yaratdığı Gizir obrazını tamaşaçılar yaxşı xatırlayırlar. Gəray bəyin sağ əli olan bu adam komsomolçulara qənim kəsilmişdir. Gizir tədbirli olduğu qədər də hiyləgərdir. Aktyor Gizirin daxili aləmini üzə çıxartmaqla onu tamaşaçılara filmin əsas personajlarından biri kimi təqdim etməyə müvəffəq olmuşdur.
Hamlet Xanızadə
kinonu teatr qədər sevirdi. Rejissorlar da
onu məmnuniyyətlə
filmlərinə dəvət
edirdilər. Aktyor
«Axırıncı aşırım»da
Talıbovu, «Arxadan vurulan zərbə»də İmaşı, «Qərib
cinlər diyarında»da
Rakini, «Od içində»də Rizvanı,
«Bayquş gələndə»də
sexovşiki, «Babək»də
xəlifə Mötəsimi,
«Qızıl uçurum»da
Lütfəli bəyi,
«Birisigün, gecəyarısı»nda
Hacı İlyası,
«Bircəciyim»də Məcidovu,
«Köhnə bərə»də
raykom katibini, «Özgə ömür»də
Əmənullanı, «Cansıxıcı
əhvalat»da Fuadı,
«Xüsusi vəziyyət»də
partiya təşkilatı
katibini və digər filmlərdə müxtəlif səpkili rollar oynamışdır.
«Axırıncı
aşırım» filmində
Hamlet Xanızadənin ifa
etdiyi Talıbov sovet hökumətinin nümayəndəsidir. O, Abbasqulu bəylə birgə Kərbəlayı
İsmayılın yanına
danışığa gedir
və yolda qətlə yetirilir. Burada personajın sözü çox azdır. Buna baxmayaraq aktyor
bolşevik obrazını
istedadla yaratmışdır.
«Arxadan
vurulan zərbə» filmindəki İmaş isə Hamletin ən uğurlu ekran qəhrəmanlarından
biridir. Aktyor bu rolu tamamilə başqa səpkidə işləmiş,
onu filmin əsas qəhrəmanları
sırasına çıxara
bilmişdir. İmaş
həyatın hər üzünü görmüş,
hətta həbsxana barmaqlıqları arasında
bir neçə il cəzasını
çəkmişdir. Filmdə baş
verən hadisələrin
fonunda qəhrəmanın
xarakteri bütün dolğunluğu ilə açılır. Hamlet Xanızadə əyninə
sırıqlı geyinmiş
İmaş obrazı üçün elə ştrixlər axtarıb tapır ki, bu, həm aktyor
sənəti nümunəsinə
çevrilir, həm də biz qəhrəmanın
taleyinə biganə qala bilmirik.
Aktyorun «Babək» filmində
yaratdığı xəlifə
Mötəsim surəti
yaddaqalan ekran işlərindən biridir.
Bu rol kiçik
olsa da, tarixi sima kimi
filmdə baş verən hadisələrin gedişinə təsir göstərir. Hamlet Xanızadə bu rolu o qədər məharətlə oynayıb
ki, ikinci planda olsa belə
onun Babəkə olan kin-küdurətini jestlərindən, mimikasından,
ələlxüsus da
gözlərindəki qorxu
qarışıq nifrətdən
görmək olur.
Hamlet Xanızadə
bu obrazla bağlı müsahibələrinin
birində demişdir:
«Filmin rejissoru Eldar Quliyevlə ilk görüşümüzdən tez dil tapa
bildik. O, mənim qarşımda konkret tapşırıq qoydu: Mötəsim çılğındır,
gah gülür, gah da əsəbiliklə
bağırır. Vəssalam,
yerdə qalan öz işindir, onu necə yaradacaqsan,
hansı vasitələrlə
və s. Bu məsələlərdə
tam sərbəstsən... Bu
manera mənim çox xoşuma gəldi».
Hamlet Xanızadənin
ifasında biz xəlifəni
yarı şüurlu,
yarı ruhi xəstə kimi görürük.
Xəlifə Mötəsim Babəkin
qanını belə içməyə hazırdır.
Babəkin tutulub onun hüzuruna gətirilməsini
Afşinə əmr edən xəlifə uzun bir monoloq
deyir, getdikcə qızışır, gözləri
hədəqəsindən çıxır.
Din fanatiki olan xəlifə qırıq-qırıq
danışa-danışa gah
əsəbiləşib özündən
çıxır, gah
da qəribə hərəkətləri ilə
tamaşaçını heyrətləndirir.
Ölümündən əvvəl H.Xanızadə
filmlərə daha çox çəkilmiş,
tarixi və müasir qəhrəman surətlərini yaratmışdır.
Məlikov («Əlavə
iz»), Əbu Bəkir («Nizami»), Nadir («Avqust gələndə...»),
Hacı («Qəm pəncərəsi»), Murtuzov
(«Araqarışdıran»), Qiyas
Zeynallı («İmtahan),
Molla Cəfər («Pirverdinin xoruzu»), Paşayev («Göz qabağında şeytan»),
zavod direktoru («Yaramaz»), Şair, Sədi Əfəndi, Xəstə («Qətl günü») aktyorun kinoda son illər yaratdığı obrazlar
qalereyasıdır.
Güclü yaradıcı potensiala
malik Hamlet Xanızadə
hər rol üçün bir-birindən
fərqli ştrixlər
axtarıb tapırdı.
Faciəvi komediya janrında
çəkilmiş «Yaramaz»
filmində yaxşı
adamın pis adama necə çevrilməsindən danışılır.
Filmdə yenidənqurma dövrünün
bəlaları bütün
çılpaqlığı ilə üzə çıxarılır, insan
şəxsiyyətinin deformasiyasının,
mənəvi düşkünlüyünün
səbəbləri tədqiq
olunur. Hamlet Xanızadənin yaratdığı
zavod direktoru da məhz belə
adamlardandır. Haradasa aktyorun
teatrda yaratdığı
İblislə zavod direktoru arasında bir oxşarlıq, bir yaxınlıq var. Zavod direktoru da vəziyyətlə bağlı cilddən-cildə
girməyi, şəraitə
uyğunlaşmağı bacarır.
Bu rolu ilə
aktyor həm də müasir qəhrəman surətlərinin
gözəl ifaçısı
kimi tanınmışdır.
Yazıçı Yusif Səmədoğlunun
eyniadlı romanı əsasında ekranlaşdırılmış
«Qətl günü» Azərbaycan xalqının
tarixi və milli dramı barədə film-faciədir.
Orijinal istedadı, artistizmi, yüksək
professional ustalığı Hamlet Xanızadəyə filmdə
birdən-birə üç
obraz yaratmağa imkan vermişdir: Şair, Sədi Əfəndi və Xəstə. Bu üç
rolu Hamlet azca qrimi dəyişməklə
oynadı, ayrı-ayrı
obrazlar yaratdı. Bu obrazlar əsas
süjet xətti ilə bağlı idi. Hamlet bu
işə aktyor-müəllif
kimi, çox ciddi və məsuliyyətlə
yanaşdı. O, düşünən
aktyor idi...
Sədi Əfəndi tarixin
ağrılı dövründə,
30-cu illərdə repressiyanın
qurbanı olan yüzlərlə sənət
adamının ümumiləşdirilmiş
obrazıdır. Aktyor Sədi
Əfəndinin ifası
üçün çox
orijinal detallar tapıb və onun bütün iztirab və əzablarını sifətindəki
cizgilərlə verə
bilmişdir.
Yaradıcı
qrup çəkilişləri
artıq başa çatdırmışdı ki,
1990-cı ilin müdhiş
20 Yanvar hadisələri
baş verdi.
Hamlet o günlər özünü
çox pis hiss edirdi. Bakıda sovet əsgərlərinin
törətdikləri gülləbarana
dözmədi, beyninə
qan sızdı.
Vətəndaş sənətkar Hamlet Xanızadə çox tez və yaradıcılığının
çiçəkləndiyi bir dövrdə həyatdan köçdü.
Hamlet Xanızadə
cəmisi 49 il
ömür sürdü.
Teatr və kino tarixinə
yazılan dəyərli
obrazlar yaratdı.
Hamlet Xanızadənin oynadığı rollar yüksək ifa mədəniyyəti, zəngin
emosionallığı, aydın
ideya mövqeyi ilə fərqlənir.
O, gərgin əməyi
sayəsində xalqın
məhəbbətini qazandı,
sevimlisi oldu.
Həyat isə davam
edir, görkəmli sənətkar Hamlet Xanızadə
onlarla filmdə yaratdığı obrazlarda,
qədirbilən xalqının
yaddaşında yaşayır.
Aydın Kazımzadə,
Əməkdar incəsənət
xadimi
Mədəniyyət.-
2011.- 26 avqust.- S. 6.