26
avqust - Beynəlxalq Azərbaycan
Muğamı və Musiqisi Günüdür
26
avqust - Beynəlxalq Azərbaycan Muğamı Günü və
İpək Yolu üzərində yerləşən ölkələrin
musiqisi günü elan olunub. Qərar Kanadanın Niaqara şəhərinin
meriyası və ənənəvi olaraq hər il keçirilən
Beynəlxalq Niaqara musiqi festivalının rəhbərliyi tərəfindən
qəbul olunub.
Sərhəd tanımayan, bir-birindən
fərqli musiqilərin geniş yayıldığı
çağdaş dünyamızda Azərbaycan
muğamının bu qədər populyarlıq qazanması
heç də təəccüblü deyil. Bəşəriyyətin
şifahi və mənəvi irsinin bənzərsiz xəzinələrindən
olan muğam ötən əsrin əvvəllərindən
başlayaraq dünya mədəniyyəti məkanına daxil
olmağa başlayıb. 1971-ci ildə UNESCO 50 albomdan ibarət
olan “Dünya ənənəvi musiqisinin antologiyası”
kolleksiyasına “Şərqin musiqi antologiyası”
seriyasında çıxan “Azərbaycan musiqisi”
plastinkasını da daxil edib. 1975-ci ildə Azərbaycan
muğamları yenə də UNESCO tərəfindən “Musiqi
mənbələri” seriyasında buraxılıb.
Muğamlarımız təkcə Yer kürəsi sakinlərini
deyil, həm də göy cisimlərini özünə cəlb
edib. ABŞ Milli Kosmik Agentliyi Azərbaycanın milli sərvəti
olan muğam musiqi nümunəsini 1977-ci ildə peyklə
kosmosa göndərib.
Azərbaycanın müstəqilliyi
dövründə milli muğam ifaçılığı
yeni inkişaf mərhələsinə qədəm qoyub.
Yüzilliklərlə cilalanan, zaman-zaman üslub, obraz, məzmun,
ifaçılıq mahiyyəti zənginləşən Azərbaycan
muğamının müasir tarixində Heydər Əliyev
Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın
rəhbərliyi ilə həyata keçirilən
çoxşaxəli silsilə tədbirlər müstəsna
rol oynayır. Bu fəaliyyətin nəticəsidir ki, son illər
muğam ifaçılığı ən müxtəlif
aspektlərdən hərtərəfli dəstək alaraq,
sözün əsl mənasında, intibah dövrünü
yaşayır. UNESCO-nun qərarı ilə dünya mədəniyyətinin
qeyri-maddi irsinin bəşəri əhəmiyyətə malik
sərvətləri sırasına daxil edilməsi
muğamın təkcə xalqımızın deyil,
bütün bəşəriyyətin misilsiz mədəni sərvətinin
ayrılmaz hissəsi kimi qiymətləndirilməsinə bariz
nümunədir.
Həm Heydər Əliyev Fondu, həm
də Azərbaycan Mədəniyyət Fondu bu sahəyə
öz layiqli töhfələrini verib. Son illər ölkəmizdə
bir sıra irimiqyaslı layihələr həyata
keçirilmiş, muğam müsabiqələri təşkil
olunub, “Qarabağ xanəndələri” albomu
buraxılmış, “Muğam” jurnalı, “Muğam ensiklopediyası”
nəşr edilib. Muğama dair müasir texnologiyalara əsaslanan
və 8 diskdən ibarət “Azərbaycan muğamı”
multimedia toplusu ilk tədris vəsaiti kimi hazırlanıb.
Azərbaycan muğamına yeni həyat
bəxş edən Mehriban xanım Əliyeva bu bənzərsiz
sənət inciləri ilə bağlı fikirlərini belə
dilə gətirir: “Biz azərbaycanlılar hamımız,
haqlı olaraq, öz doğma muğamlarımızla fəxr
edirik. Azərbaycanın zəngin mədəniyyətinin və
tarixinin ən gözəl incilərindən biri olan muğam,
muğam sənəti bizim milli sərvətimizdir. Muğam Azərbaycan
xalqına xas olan ən gözəl xüsusiyyətlərin
daşıyıcısıdır. Torpağa, köklərə
bağlılıq, vətənpərvərlik, milli ləyaqət
hissi, qonaqpərvərlik, xeyirxahlıq, mərhəmət,
emosional zənginlik - bütün bu hisslər muğam fəlsəfəsinin
əsasındadır. Odur ki, desəm, muğam gözəlliyin
və məhəbbətin rəmzidir - səhv etmərəm”.
Sərhəd tanımayan milli
musiqimiz həm də dünyanı özünə cəlb edə
bilir. Artıq üçüncü dəfədir ki, Azərbaycanın
ən gözəl guşələrindən birində - Qəbələdə
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın
təşəbbüsü ilə beynəlxalq musiqi
festivalı keçirilir.
Heydər Əliyev Fondunun dəstəyi
ilə Üzeyir Hacıbəyli, Qara Qarayev, Mstislav
Rostropoviçin adını daşıyan musiqi festivalları
təşkil olunur. Dünya musiqiçilərinin diqqətini
cəlb edən ən maraqlı məqamlardan biri Azərbaycanda
keçirilən beynəlxalq musiqi tədbirlərinin hər
birində muğam elementlərinin olmasıdır. Bir sözlə,
bizim muğamımız bu gün bütün dünyanı fəth
etmək, dilindən, dinindən, irqindən, milliyyətindən
asılı olmayaraq, hər kəsin qəlbini, ruhunu
oxşamaq iqtidarındadır.
Mədəniyyət.-
2011.- 26 avqust.- S. 2.