Elçin
Hüseynbəyli: günümüzün nəsri
Tofiq Hacıyev
Birinci məqalə
Mən sovet
dövründəki ədəbi yaradıcılığı
görmüşəm, ədəbi prosesin nə olduğunun
şahidi olmuşam. Ədəbi proses təkcə bədii əsərlərin
yazılması deyil, bədii ədəbiyyatın ədəbi
tənqidlə qoşa yaşamasıdır; vaxtilə ədəbiyyat
cəmiyyətin gündəlik yaşantısının tərkib
hissəsi idi.
Ədəbiyyatda
«yaxşı nədir, pis nədir» sualına cavabda ədəbi
tənqid oxucuya, geniş mənada ictimaiyyətə -
yuxarılara da, aşağılara da, elitaya da, sıravi
adamlara da yardımçı olurdu. İki-bir, üç-bir
söhbətlərdə, ya xeyirdə-şərdə insanlar
oxuduqları haqda danışır, fikir mübadiləsi
edirdilər; Molla Nəsrəddin demişkən, oxuyanlar
oxumayanlara danışırdılar, oxumayanlar eşitdiklərini
görmək üçün tapıb oxuyurdular. Beləliklə,
ədəbiyyat ədəbi tənqiddən kənarda da təhlil
olunur, müzakirə olunurdu. Bunun hamısı bir yerdə ədəbi proses idi. İndi bu yoxdur. Bunun
günahı nə Anardadır, nə Yazıçılar
Birliyindədir. Bunun günahı bazar
iqtisadiyyatındadır. Bazar
iqtisadiyyatı ədəbiyyatın, mədəniyyətin qənimidir.
Ədəbi proses dövründə
ortaya çıxan bir cavan, yeni şair, yazıçı dərhal
görünürdü, imzası izlənirdi, çünki mətbuat
ancaq ədəbiyyat sayılan əsərləri çap
edirdi. Yazıçı-şair, məlum məişət
anlayışında, süzgəcdən keçirilirdi.
Çıxan kitab oxunurdu. İndi
kitab selinin içindəyik, ancaq oxumağa kitab yoxdur. Yəni 100-200 kitabdan biri oxunmağa layiqdir.
Molla Pənah deyən kimidir: imkanlılarda istedad yoxdur,
istedadlılarda imkan. Kimin imkanı var, kitab
çap etdirir, istedad sahibləri də durub bu kitab selinə
tamaşa edirlər.
Bu şəraitdə,
elə bilirsən, daha ədəbiyyat yaranmır. Ancaq yox, yenə istedadlı ədəbiyyat var, yenə
istedadlı gənclər gəlir, sadəcə onların əsərləri
bu kitab selində boğulur. Bu prosessizlik
iyirmi ildən çoxdur ki, başlayıb. Bu ədəbi prosessizlik dövrünün
istedadlılarından biri Elçin Hüseynbəylidir.
Elçin ilk qələm
nümunəsindən özünü təqdim etdi. O da
R.Rövşən, V.Önər, M.Süleymanlı kimi ilk
yazılardan «bu mənəm, gəlirəm» dedi. İlk əsərini oxuyan onun imzasını
axtarmağa başladı. Hekayələrinin,
povestlərinin, romanlarının - bir-birindən gözəl əsərlərinin
axtarışına çıxdı. Təkcə
«Gözünə gün düşür» hekayəsi ilə
Elçin dünyaya, bəşəri ədəbiyyata
çıxa bilərdi. Bəzən
orda-burda gileylənənlər var ki, guya Qarabağ mövzusu
işlənmir. Havayı gileydir. Qarabağ mövzusunda, Qarabağ nisgilindən
gözəl, həm də qeyri-adi gözəl poeziya və nəsr
nümunələri yaranıb. Biri də
Elçinin «Gözünə gün düşür» hekayəsi.
Bu hekayə Qarabağ müharibəsinin «Can nənə, bir
nağıl de» şeiri kimi bir hadisəsidir.
Hekayədə dil də
psixoloji dərinlik qədər nəhayətsiz gözəldir.
Elə bil yazanda Allah onun qulağına deyib ki,
diqqətli ol, bu, ayrı əsər olacaq. O da
Allahına qulaq asıb; doğrudan, bu nəsr təsviri deyil,
şeir emosiyası, həm də hər cür şeir yox, məhz
bayatı nisgili ilə dolu bir dildir: «Birtəhər
özünə yol aça-aça qarağacın yanına
çatdı. Onun gövdəsini qucaqladı.
Əvvəlcə kövrəldi,
özünü sındırmamaq üçün
ağlamadı, için-için göynədi. Sanki axşamın onu eşidəcəyindən,
ağlamağına şahid olacağından qorxdu, axırda
içindəki hisslər bu qorxuya üstün gəldi və
hönkürdü. O, indi heç kimdən və
heç nədən qorxmurdu. Eləcə
qarağacın dibinə söykənib,
hönkür-hönkür ağlayırdı».
Ümumiyyətlə,
bu hekayənin içi bayatı nisgilidir, bayatı
mövzusudur. Elçin vətən
haqqında deyilmiş bayatıların hamısını bir
yerə yığıb, ciyər yandıran həsrət
odlarından tonqal qalayıb bir nəhəng bayatını da
- bu hekayəni də o özü deyib. Lap çoxdan kimsə
bir nəfər, elindən uzaq düşmüş bu həkimin
vəziyyətində olan bir torpaq aşiqi, bir torpaq didərgini
Allah bəndəsi həsrət odunda yana-yana deyib: ölməyə
vətən yaxşı.
Elçin Vətən
ideyasının, torpaq yanğısının, Vətən məhəbbətinin
nüvəsində öz kəndinə,
yüyrük-beşiyinin asıldığı ağacın
kölgəsindəki sərinliyə sevgisini görən bir Məcnun
obrazı yaratmışdır. Bu Məcnun
əlli üç yaşlı onkoloq-həkimdir. Bu didərgin Məcnun sağalmaz dərdə tutulub,
qorxur ki, doğma kəndi erməni tapdağından
qurtarınca ölümü onu haqlasın. Qərarlaşır ki, ölüm ayağında kəndinə
getsin, orada atasının uyuduğu doğma məzarlıqda
özü qəbrini qazıb canını
tapşırsın. Bir gün otuz bir il
bir yastığa baş qoyduğu qadını
yatağından qalxıb həyat yoldaşını yerində
görmür, onun dünyaya bir neçə dildə
yazdığı bəyanat - məktubunu tapır.
Bəyanatında
yazır ki, kəndinə getmək, bütün münaqişələrə
etiraz əlaməti olaraq, həyətlərində ağac əkmək
istəyir. Bu Məcnun-həkimin bəyanatı
demokratiyadan, sülhdən dəm vuran böyük dünya
dövlətlərinin içi diplomatiya hiyləsi ilə dolu
bəyanatlarından güclüdür. Çünki bu
bəyanat gerçəkdir: bu Məcnun sözünü deyib
və «sülh ağacı» adlandırdığı
fidanı çantasına qoyub gizli yollarla kəndinə
üz tutur. Bu Məcnun sevgili kəndinin, uşaqlıq xatirələrinin
uyuduğu yerlərin vüsalına can atır. O, eynən
Füzulinin Məcnunu kimi edir. Atası oğlunu
Kəbəyə gətirir ki, dua eləsin, yalvarsın ki,
Allah onun dərdinə çarə qılsın. Məcnunun dərdi Leylinin eşqidir. Allah onu bu dərddən qurtarırsa, demək, Leyliyə
olan eşqi fənaya gedir. Ona görə də Məcnun
üzünü Kəbəyə tutub deyir: Ya Rəbb, bəlayi-eşq
ilə qıl aşina məni. Az eyləmə
inayətini əhli-dərddən, Yəni ki, çox bəlalərə
qıl mübtəla məni!
Elçinin
yaratdığı Məcnunun eşq vüsalı kəndində
ölməkdir. O, uşaqlıq xatirələrinin
işığında, dünyaya gələrkən udduğu
havanı son nəfəsində də udmaq üçün,
gedişindəki acı aqibətin şirinliyinə (bəlayi-eşqin
inayətinə) doğru yola düşür. O,
sözünü tutmayan dünya böyüklərinin
acığına ölümə gedir - işğal
olunmuş ana torpağının haqqında özlərinin
çıxardıqları ədalətli qərarlara
BÖYÜK DÖVLƏTlərin özlərinin laqeydliyi ilə
bağlı İctimai Televiziyanın gündə neçə
kərə hayqırdığı nidanı eşitməyən
qulağıkarların gözləri qabağında
ölümə gedir. Dünya ədalətsizliyinə
bundan güclü etiraz yoxdur. Yazıçı
bədii düşüncəsinə, emosional süjetinə
nümayişkaranə, güclü siyasi məzmun yükləmişdir.
İndi bu Məcnun
Leylasının gerçək vüsalı ilə
üz-üzədir - vüsal sevincinin, bəlayi-eşq inayətinin,
yəni ölümünün bir addımlığındadır.
Ancaq bu Məcnun sadəcə ölmək istəmir,
«ölümü ayıq başla qarşılamaq istəyir».
O, ruhsuz, hissiz, düşüncəsiz ölmək istəmir.
Düşünə-düşünə,
ölümünü yaşaya-yaşaya, kəndini,
uşaqlıq xatirələrini, ailəsini gözlərinin
önündə canlandıra-canlandıra ölmək istəyir;
cismən və ruhən əzilmiş, yadelli tərəfindən
təhqir edilmiş olaraq yox, bu dünya ilə vidalaşıb
ölmək, bir vətəndaş kimi, vətənin
havasını rahat uda-uda, Nazim Hikmət demişkən,
dadını çıxara-çıxara, günəşini
görə-görə birdən gözlərini qapayıb,
Orxon-Yenisey dastanlarında deyilən kimi, Allahın dərgahına
UÇMAQ istəyir. O məhz səhər dan yeri söküləndə,
günəşin işığı gözlərinə
düşəndə bu işığı gözlərinə
doldurub kirpiklərini bağlamaq istəyir. Səhər
doğan günəş onun yurdunun sabahıdır. Yazıçı bu ideyanı bir şair kimi, bir
şeir kimi rəmzləşdirir. Elçinin
Məcnunu vətəninin diriliyinə inanaraq, bu diriliyi xəyalında
yerləşdirərək bu dünyasından arxayın
ayrılmaq, Tanrının ucalığından yurdunun
işığına baxmaq istəyir. Yazıçı
bu kədərin, ağının melodiyası ilə, torpaq
nisgili ilə yaşayan oxucusuna ümid aşılayır.
Kamına çatmış bu Məcnun
gözünü ovuşdura-ovuşdura dünyasını dəyişir
- Atilla kimi, Alp Ər Tonqa kimi, Kültiqin kimi açıq
alınla, başıucalıqla Tanrısının
hüzuruna uçur.
Yazıçı inandırır
ki, Füzuli düz deyib: Sürdü Məcnun növbətin,
indi mənəm rüsvayi-eşq, Yaxşı derlər: Hər
zaman bir aşiqin dövranıdır. Yəni bu
günün Məcnunu bizim gördüyümüz həkim-onkoloqdur.
Cəmiyyətin həmişə Məcnuna ehtiyacı var.
Yazıçı oxucusunun düşüncəsində Nazim
Hikmətin misralarını özünəməxsus şəkildə
improvizə elətdirir: Sən də belə olsan, mən də
belə olsam - biz belə olsaq, dünya bizi eşidər. Bu hadisə mexaniki baş vermir, bir hövsələsizlik,
qeyri-ixtiyari bir addım deyil. Bu insan xeyli
hazırlıq keçib, özünü Məcnunluğa
hazırlayıb; hətta onun qadını da bilirdi ki, bu, nə
vaxtsa baş verəcək. Hazırlıq
belə gedib ki, indi bu Məcnunun beynəlxalq qoruyucuları
var; o, internetdə özünü elan edib və hətta indi
erməni zabiti özlərini dünyada rüsvay etməmək
üçün onu öldürə bilməz.
Elçinin Məcnunu dünyanın qarşısında şərt
qoyur: qəbrini özü qazmalıdır, dan üzü,
günəş üfüqdən çırtlayanda və
ayıq başla ölməlidir. Əslində
bu, Məcnunluğa siyasi məzmun yükləyir - bu, Mənsurluqdur,
Nəsimilikdir. Bu Məcnunluq yeni qəhrəmanlıq
tipidir: onun ən qədim adı Atillaçılıqdır,
sonrakı adı Sovet İttifaqı Qəhrəmanıdır
və əlbəttə, bugünkü ismi şəhidlikdir.
Bu Məcnun-şəhidin
qadını da ədəbiyyatımız üçün
yeni obrazdır. Ərinin məktubu əlindədir.
Məktubdan ərinin nəfəsi, hənirtisi gəlir.
Məktubu öpür - axı ərini son dəfə
bu məktub görmüşdü. Bu
qadın haray salar, həşir qoparardı, hələ yasaq
zonasına çox yol var, şər qarışmamış,
hava qaralmamış ərini ona qaytarardılar. Ancaq o, ərinin ideyasına xəyanət etmir, ərinin
məsləkinə hörmət edir - əri öz
«ölümünü işğal altında olan kəndlərində
qarşılamaq istəyirdi». Vahidin misrası yada
düşür: «Demə Məcnuna dəli, bəlkə də
Leyla dəlidir».
Bu xanım sovet ədəbiyyatındakı
müsbət kommunist qadın obrazı deyil. Bu xanım, bu Leyla, bir tərəfdən,
nağıllarımızdakı ərinin məsləkdaşı
qadındır; o biri tərəfdən, bu günün siyasiləşmiş
Leylasıdır. O, evində şivən qoparıb, ərini
qaytartmaq əvəzinə, ərinin məktub-bəyanatını
internetə verir, neçə illərdən bəri evində,
gözünün qabağında, onunla məsləhətləşə-məsləhətləşə
hazırlanmış «planın» gerçəkləşməsinə
şərait yaradır.
Bu dastan-hekayə
günümüzün gerçəkliyidir və mükəmməl
kompozisyon sənətkarlığı ilə diqqəti
çəkir. Psixoloji şirəyə
çəkilmiş, canına psixoloji hava hopdurulmuş təsvirlər,
ifadələr var. Yazıçı təbiətin psixoloji təhlilini
verir. Təbiəti vəhşiləşdirən
cəmiyyətdir. Dünyanın
uluslararası ədalətsizliyi, buyurun, itləri də
halından çıxarır, quduzlaşdırır. Bu
kədərli təsvirdəki acılıq hər
köçkünün damarında dolanır: «Kimsəsizlik hər
tərəfə hakim kəsilmişdi. O düşündü
ki, bir azdan buralar tamam itəcək. İllər
keçəndən, bu kəndin yaşıdları
dünyasını dəyişəndən sonra hər şey
yaddan çıxacaq. Kəndlilərindən heç kim, hətta nəvə-nəticələri də
öz yurd-yuvasını, qonşusunu tanımayacaq». Və ən dəhşətlisi də budur ki, «xatirələr
də qalmayacaq. Deməli, keçmiş
olmayacaq». Allah, sən saxla, keçmiş
olmayacaq - bu, tarix deməkdir. Hər
cümlənin arxasında bir tablo var, bu tablonun da içində
bir bayatı məzmunu, ağı iniltisi var.
Elçin dili şeirin qafiyələri kimi sistemləşdirir, sözün də, səsin də dəqiq təyinatı var. Bu için-için göynəmək Məcnun-Füzulinin ürək odunun qığılcım şəklində gözündən tökülməsinə bənzəyir: «Ləhzə-ləhzə könlüm odundan şərərlərdir çıxan, Qətrə-qətrə göz tökən, sanmın, sirişkim qanıdır». Həkim ürəyinin odunu qığılcım-qığılcım gözündən tökmür, o odu güc kimi içində saxlayıb atası yatan məzarlığa sürünür.
Hekayənin ilk və son cümləsi eynidir: «Gözünə gün düşür». Mətlə ilə məqtənin, başlanğıcla finalın, bu uzun təhkiyə arasının belə əlaqələndirilməsi böyük ustalıqdır, uca sənətkarlıqdır. Və bu da odur ki, yazıçı öz süjetini oxucusunun gözündə bir bütöv kimi canlandırır, bir bayatı kimi səsləndirir və göstərir: bayatının birinci və dördüncü misralarının arası necə görünürsə, bu hekayə - dastanın da ilk və son cümlələrinin arası elə görünür.
Bu süjetdə Azərbaycan xalqının etnik psixologiyası çox tipik şəkildə ifadə olunmuşdur. Bu əsər müxtəlif dillərə çevrilməli, saytlara köçürülməli, bütün dünyaya çatdırılmalıdır. Dövlətimizin beynəlxalq siyasəti burada obrazlarla çox dolğun verilir.
Elçin yaradıcılığı günümüzün nəsr üslubudur. Nəsrdə kiçik hekayənin xüsusi yeri var. Oxucunun özü də kiçik hekayələrə meyillidir. Həmişə belə olub, bu gün sürət əsrində bu meyil daha da artıb. Ona görə də Elçin oxunur, onu hövsələsiz oxucular da oxuyurlar. O kiçik hekayələrin ustasıdır. Əlbəttə, söhbət sadəcə həcmdən getmir. Ustalıq azın içində çox söz deyə bilməkdədir. Onun təhkiyəsində bədii-estetik cazibə ilə yanaşı, həyat, mühit, cəmiyyət haqqında müasir bilik, məlumat verilir. Bu, müasir oxucu zövqünə cavab vermək deməkdir.
Elçin motivlərində də, dil-ifadə tərzində də yenilikçidir. Bu fakt bitkin üslub gerçəkliyidir.
(Məqalə ixtisarla dərc
olunur)
Mədəniyyət.-
2011.- 2 dekabr.- S. 12