Bakı Uşaq Teatrı Türkiyədə beynəlxalq festivalda iştirak edib

 

   Noyabrın 17-dən 21-dək Türkiyənin Sinop şəhərində II Gerze Beynəlxalq Teatr Festivalı keçirilib. Gerze Bələdiyyəsinin təşkil etdiyi festivalda Azərbaycanı Bakı Uşaq Teatrı təmsil edib. Türkiyədən qayıdan teatrın direktoru və bədii rəhbəri İntiqam Soltan festival barədə təəssüratlarını bölüşdü.

  

   Səfərdən məmnun qalan İ.Soltan bildirdi ki, dövlət müstəqilliyimizin bərpasının 20 illiyinin qeyd olunduğu dövrə təsadüf etdiyindən teatr festivalda “Vətən” tamaşasını göstərib. 30 dəqiqəlik tamaşa Azərbaycan himninin və bayrağının yaranmasına həsr olunub. Tamaşanın quruluşu İntiqam SoltanaAyşad Məmmədova məxsusdur. Rolları Rauf Hüseynov, Niyaz Qasımov və Ruslan Mürsəlov ifa edir: “Festivala kiçik heyətlə getdik. Hər kəsə təəccüblü gəldi ki, üç aktyorla necə bir tamaşa oynamaq olar. Çünki başqa teatrlar böyük kollektivlərlə gəlmişdi. Amma tamaşanı izləyəndən sonra çox bəyəndilər. “Vətən” festivalın ən yaxşı tamaşası kimi qiymətləndirildi”.

 

   Festivalın təşkilatçıları Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinə, Bakı şəhər İcra Hakimiyyətinə təşəkkür məktubu göndərib, nazirliyə xüsusi ödülverilib.

   İ.Soltanın sözlərinə görə, səfər çərçivəsində Sinop şəhərinin Ərfələk rayonunda keçirilən festivala da qatılıblar: “Orada bir neçə maraqlı nüanslar oldu. Gürcü teatrının avtobusu yolda xarab olduğuna görə onların yerinə biz çıxış etməli olduq. Əks təqdirdə festivalın gedişatı pozula bilərdi. Biz elə ordaca bir neçə səhnəcik hazırladıq və cıxış etdik, beləcə festivalın təşkilatçılarını da vəziyyətdən çıxardıq. Bundan başqa, bizi Samsun və Girəsuna da dəvət etdilər, yerli teatrlarda görüşlərimiz oldu”.

   Bakı Uşaq Teatrının rəhbəri Gerzenin uşaq teatrında ustad dərsləri də keçib.

   Bundan başqa, İ.Soltan Girəsunda tamaşa qoymağaseminarlara dəvət olunub. Teatr özü isə gələn il üçün bir neçə festivala dəvət alıb.

 

Mədəniyət.- 2011.- 2 dekabr.- S. 10.