Gədəbəy
- tarixi abidələr diyarı
Rayon zəngin mədəni irsi ilə yanaşı, füsunkar təbiəti ilə də turistlər üçün cəlbedici məkandır
Azərbaycanın dilbər guşələrindən
biri Gədəbəy rayonudur.
Bakıdan 440 km məsafədə, Kiçik Qafqazın orta və
yüksək dağlıq zonasında yerləşən rayonun füsunkar təbiəti,
flora və faunası, zəngin maddi-mədəni
irs nümunələri geniş
turizm potensialından xəbər verir.
Gədəbəydə aparılmış arxeoloji qazıntılar zamanı bu torpağın qədim tarixinə dəlalət edən müxtəlif əşyalar, əmək alətləri tapılıb. Vaxtilə qədim insanların yaşadığı zağa, kaha və mağaralar da bu tarixin göstəricisidir: Şora zağası, Mis dağ mağarası və s. Burada qədim Azərbaycan dövlətinin - Qafqaz Albaniyasının dövrünə aid müxtəlif memarlıq üslublarını əks etdirən çoxlu tarixi abidələr - məbədlər, kilsə-vənglər, qalalar və s. mövcuddur. Bütün bunlar bölgəni turistlər üçün cəlbedici məkana çevirir.
Qız qalası IX əsrin memarlıq abidəsidir
Gədəbəy rayonu ərazisindəki abidələr Azərbaycan tarixinə Gədəbəy-Xocalı mədəniyyəti adı ilə daxil olmuş mədəni irsin tərkib hissələridir. Burada tunc dövrünün sonuna aid siklopik tikililər, Böyükqala qalası, Qalakənd qalası (XVI əsr), Qız qalası (IX əsr), XIX əsrdə tikilmiş tağlı körpü var. Bundan başqa, rayonun ərazisində son tunc - ilk dəmir dövrünə aid olan Qarabağ qalası, Pir qalası, Koroğlu qalası, Parakənd qalası, Novosaratovka kəndində 1535-ci ildə inşa edilmiş məbəd və s. tarixi tikililər mövcuddur.
Söyüdlü kəndi abidələrlə xüsusilə zəngindir. Burada “Gədəbəy dəfinələri” adı ilə məşhur olan, içərisində müxtəlif qiymətli əşyalar, bəzək əşyaları, şah Təhmasibin hakimiyyəti dövrünə (1524-1576) aid edilən gümüş sikkələr olan küplər tapılıb. Dünya əhəmiyyətli arxeoloji abidə olan Böyük Qalaça abidəsi də Söyüdlü kəndinin ərazisində yerləşir. Dövlət tərəfindən mühafizə olunan abidə tunc-ilk dəmir dövrünə aiddir. Dağlıq yerdə inşa edilmiş tikili digər qala və qalaçalar kimi müdafiə məqsədli olub.
Söyüdlü kəndində yerləşən Qız qalası isə ölkə əhəmiyyətli memarlıq abidəsidir (IX əsr). Yerli əhali arasında yayılan əfsanəyə görə, vaxtilə həmin qalada saxlanılan və ya yaşayan qız namərdlərin əlinə keçməmək üçün özünü qaladan yerə atıb. Bu əfsanəyə əsasən tikili Namərd qala da adlandırılır. Qız qalası Şəmkir çayının sahilində qayalıq yerdə ucaldılıb. Ətrafı yaşıllıq, meşə olan qalaya piyada qalxmaq mümkündür. Bu tikili, digər tarixi abidələrdən fərqli olaraq, kərpiclə hörülüb. Qala beş dairəvi sütundan ibarətdir. Giriş-çıxış yerləri görünməz vəziyyətdədir. Sütunlar hündürünə və diametrinə görə bir-birindən fərqlənir. Qalanın bir hissəsi Bakıdakı Qala divarlarına bənzəyir.
Rayonun Qalakənd kəndində yerləşən qala da ölkə əhəmiyyətli memarlıq abidəsidir (XVI əsr). Sıldırım qayalıqda inşa edilən qalanın bünövrə hissəsi qalaça tikililəri formasında iri daşlarla bənd edilib. Qalın qala divarları Bakıdakı Qız qalasının divarlarına bənzəyir. Yeri gəlmişkən, qalanın yerləşdiyi ərazidə “Azərbaycanfilm” tərəfindən 2007-ci ildə “Qala” bədii filmi çəkilib.
Gədəbəyin hər kəndində iki qalaça var
Gədəbəy rayonu ərazisində onlarla qalaça mövcuddur. Bu tikililərin bir qismi son illərdə aşkar edildiyi üçün hələlik müvafiq dövlət qeydiyyatına alınmayıb. Rayondakı hər kənddə azından iki qalaça var. Onlar kəndlərdə yerli kənd sakinləri tərəfindən Böyük və Bala Qalaça adlandırılır. Deyimlər qalaçaların ölçülərinə görədir.
Qalaçalarda ümumi oxşar cəhətlər çoxdur. Məsələn, bütün qalaçalar böyük daşlarla hörülüb, nisbətən hündür təpə və dağlıq zirvələrdədir, müdafiə və müşahidə xarakterlidir. Bir çox qalaçaların ərazi münasibliyi baxımından bir-biri ilə rabitə yaratması nəzərə alınıb. Bir qalaçada durub ətrafdakı bir neçə qalaçanı görmək mümkündür.
Məbədlər və kilsələr
Gədəbəy rayonunun unikallığını göstərən cəhətlərdən biri burada həm məscidlərin, həm də kilsələrin olmasıdır. Gədəbəy şəhərində meşə massivində yerləşən kilsə yerli əhəmiyyətli memarlıq abidəsidir. Tarixi məlum deyil. Neçə on illərdir ki, olduqca mənzərəli olan bu yerə turistlər gəlməkdədir.
Rayonun Novosaratovka kəndində yerləşən məbəd də yerli əhəmiyyətli memarlıq abidəsidir. Alban tarixi dövrünün abidələrindən olduğu ehtimal edilir. Mənbələrdə 1535-ci ildə tikildiyi qeyd olunub.
Daha bir yerli əhəmiyyətli memarlıq abidəsi olan məbəd Söyüdlü kəndi ərazisində yerləşir. Məbəd daha çox Mahrasa adı ilə tanınır. Bu tarixi abidəni atəşpərəstlik dövrünün memarlıq nümunəsi kimi ehtimal etmək olar. Çünki buradakı daşüstü təsvirlərdə atəşpərəstliyi əks etdirən bir sıra izlər mövcuddur. Məhz bu baxımdan abidənin xristianlaşma dövründən əvvəl inşa olunduğunu söyləmək mümkündür.
Böyük Qaramurad kəndində yerləşən yerli əhəmiyyətli memarlıq abidəsi olan məbəd də alban tarixi abidələri sırasındadır, tarixi 1634-cü il göstərilib. Onu yerli əhali Zəngli qala da adlandırır.
Mağaralar ibtidai memarlıq nümunələridir
Elmi ədəbiyyatda mağaralar qədim insanların ilkin yaşayış məskənləri kimi göstərilir. Lakin mağaralar həm də ibtidai memarlıq nümunələridir. Gədəbəydəki mağaraların digər yerlərdəki bu tip yaşayış yerləri ilə ümumi oxşar cəhətləri var. Bununla yanaşı, rayondakı mağaraların bir-birindən fərqli xüsusiyyətləri də var. Məsələn, çox da hündür olmayan yerdə və yaxud sıldırım qayalıqlarda yerləşən mağaralar, giriş-çıxışı geniş-sərbəst və ya olduqca ensiz cığır yolu olan mağaralar, içərisi geniş və ya dar (bir neçə nəfərlik) olan mağaralar və s.
Vaxtilə bu mağaralarda müxtəlif qədim əşyalar tapılıb. Bu gün isə bu məkanlardan turizm məqsədilə istifadə etmək mümkündür.
Bunlardan əlavə, Gədəbəydə daşınmaz tarix və mədəniyyət abidələri siyahısına salınmayan abidələr də çoxdur. Rayonun Çaldaş, Qaraməmmədli kəndlərinin ərazilərində yerləşən məbədlər bu qəbildəndir. XIX əsrin ortalarında Almaniyanın “Siemens” firması Gədəbəydə iki misəritmə zavodu tikib. Bu ərazidə inşa olunmuş körpülər də özünəməxsus tarixi abidələrdir.
Abidələrin bərpasına ehtiyac var
Gədəbəy Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Fazilə Məmmədovadan aldığımız məlumata görə, rayonda dörd istirahət mərkəzi fəaliyyət göstərir - «Yuxarı Nazran», «Aşağı Nazran», «Şirxan» və «Göyçə». Bu istirahət mərkəzlərində gün ərzində 145 nəfər dincələ bilər. Bu ilin 9 ayı ərzində isə Gədəbəy rayonuna 21 386 nəfər turist gəlib.
Romantik səyahətləri xoşlayanlar üçün piyada marşrutlar da var: Gədəbəy-Qızılqala meşəsi-Namərdqala (13 km), Gədəbəy-Söyüdlü kəndi (5 km), Gədəbəy-Maarif kəndi-Slavyanka kəndi (10 km).
Rayonun müalicəvi və mineral suları - “Narzan” (Slavyanka, Kiçik Qaramurad və Söyüdlü kəndlərində), “Turşsu” (Qalakənd kəndində), “Mormor” (Mormor kəndində), Turşsu (Şınıx) ölkəmizdən kənarda da məşhurdur.
Yuxarıda təsvir etdiklərimizdən də göründüyü kimi, Gədəbəyin geniş turizm potensialı var. Bu, bölgəyə geniş turist cəlbinə imkan verir. Mövcud potensialın tam şəkildə realizə olunması üçün bir sıra məsələlər həllini tapmalıdır. F.Məmmədovanın sözlərinə görə, bu sırada başlıca şərtlərdən biri nəqliyyat infrastrukturunun yaradılması, tarixi yer və abidələrə aparan yolların abadlaşdırılmasıdır. Bundan əlavə, tarixi abidələrin bir çoxunun mütəxəssislər tərəfindən təmir-bərpasına ehtiyac var: ”Bu halda rayona gələn turistlərin sayı da qat-qat artacaq”.
Qeyd edək ki, Gədəbəyə turist səfəri etmək istəyənlər mehmanxana və istirahət mərkəzlərindən əlavə, yerli bələdiyyələr vasitəsilə şəxsi evlər də kirayələ bilərlər.
Qışın bu çağında o yerlərin bir ayrı gözəlliyi var...
Fəxriyyə Abdullayeva
Mədəniyyət.-
2011.- 2 dekabr.- S. 9.