Abşeron” aşıqlar qrupu Əlcəzairdə çıxış edib

 

   Əlcəzair Xalq Demokratik Respublikasının Tlemsen şəhəri 2011-ci ildə “İslam Mədəniyyəti Paytaxtı” elan olunub. Bununla bağlı il ərzində Əlcəzairdə müsəlman ölkələrinin iştirakı ilə müxtəlif tədbirlər keçirilir.

  

   Bugünlərdə Tlemsen şəhərində müsəlman ölkələri musiqi kollektivlərinin iştirakı ilə konsert proqramları gerçəkləşib. Həmin tədbirlərdə Azərbaycanı Abşeron rayon Mədəniyyət EvininAbşeron” aşıqlar qrupu təmsil edib. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Əlcəzairə gedən heyət Tlemsen şəhərində bir neçə konsertdə çıxış edib.

   Abşeron Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri İlham Manafovun verdiyi məlumata görə, tədbirlərə 12 ölkədən musiqi kollektivləri qatılıb, iştirakçılar öz ölkələrinin musiqi mədəniyyətini nümayiş etdiriblər: “Bu il Tlemsen şəhərinin “İslam Mədəniyyəti Paytaxtı” elan olunması ilə bağlı Əlcəzairdə müxtəlif mədəniyyət tədbirləri keçirilir. Biz orada 10 gün olduq. Konsert proqramları Tlemsen şəhərinin Tarix və İncəsənət muzeyində təşkil olunmuşdu. Beş nəfərdən ibarət aşıqlar qrupumuz maraqlı musiqi nömrələri ilə çıxış etdi. Saz ifaları çox maraqla qarşılandı. Tədbir başa çatandan sonra iştirakçılar bizə yaxınlaşıb təbrik edir, musiqimizə, aşıq sənətimizə heyranlıqlarını bildirirdilər”.

   İlham Manafov bildirdi ki, mədəniyyət tədbirləri çərçivəsində Tlemsen şəhərinin Tarix və İncəsənət Muzeyində sərgi də təşkil edilib. Orada Azərbaycanın milli musiqi alətləri nümayiş olunub: Biz ora gedərkən UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil olan Azərbaycan muğamı, aşıq, xalçaçılıq sənəti, habelə Novruz bayramı ilə bağlı nümunələr - tar, kamança, qaval, saz, xalça, Novruz atributları aparmışdıq. Tədbir başa çatdıqdan sonra biz həmin eksponatları Azərbaycan mədəniyyətinin təbliği üçün muzeyin fonduna təqdim etdik. Sərgidə Azərbaycan mətbəxindən şirniyyatlar da iştirakçılara təqdim olundu”.

   Səfər çərçivəsində nümayəndə heyəti Tlemsen şəhərinin qədim və tarixi yerlərinə ekskursiya edib, yerli KİV-də Azərbaycan aşıq sənətinin tarixi, milli dəyərləri mövzusunda çıxış edib.

  

   Ceyhun

 

  Mədəniyyət.- 2011.- 2 dekabr.- S. 7.