Qobustanda Aşıq Ələsgərə həsr olunmuş ədəbi-bədii gecə

 

    Noyabrın 28-də Qobustan rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə Aşıq Ələsgərin 190 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirildi.

 

   Rayon Mədəniyyət evində təşkil edilmiş tədbiri giriş sözü ilə mədəniyyət və turizm şöbəsinin müdiri Şəhriyar Soltan açaraq tədbir barəsində məlumat verdi. Qeyd olundu ki, tədbir Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin təşəbbüsü ilə keçirilir.

   AMEA-nın Folklor İnstitutunun Aşıq yaradıcılığı şöbəsinin müdiri, Aşıqlar Birliyinin üzvü, filologiya üzrə fəlsəfə doktoru, folklorşünas Elxan Məmmədli, Folklor İnstitutunun elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, folklorşünas Qalib Sayılov Aşıq Ələsgər yaradıcılığı barədə danışdılar.

   Tədbirdə Aşıqlar Birliyinin üzvü aşıq Abbas Musaxanoğlu, aşıq Rza, Əməkdar mədəniyyət işçisi Ağamurad İsrafilov Aşıq Ələsgərin yaradıcılığından olan nümunələr ifa etdilər.

   Tədbirdə Qobustan şəhər R.Behbudov adına Uşaq İncəsənət Məktəbinin instrumental ansamblının müşayiəti ilə Camal Dadaşov, Nurlan Gülmalıyev, Mirzə Bağırov, Samir Mustafayev Aşıq Ələsgərin sözlərinə bəstələnmiş mahnıları ifa etdilər. Saz ifaçıları Leyla Sarıyeva və Rəna Quliyevanın çıxışı, Aşıq Xəyal Niftəliyevin hazırladığı “Aşıq Ələsgərin Anaxanıma tərifi” səhnəciyi, gənc aşıqlar Simurq Qayıbov və Zülfiyyə Teymurlunun hazırladıqları duet, Nihal Mirzəliyevin təqdim etdiyi kompozisiya alqışlarla qarşılandı. Tədbir aşıq və xanəndələrin birgə ifa etdiyi “Müxəmməs”lə yekunlaşdı.

 

Mədəniyyət.- 2011.- 2 dekabr.- S. 7.