Moskvada Tahir Salahovun əsərlərindən ibarət “Min bir gecə” sərgisi
açılıb
Moskvada, “Aydan qalereya”da böyük fırça ustadı, Rusiyanın və Azərbaycanın Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, SSRİ Dövlət mükafatları laureatı, dünyanın 20-dən çox rəssamlıq akademiyasının və digər yaradıcılıq təşkilatının üzvü Tahir Salahovun əsərlərindən ibarət “Min bir gecə” adlı sərgi açılıb. Noyabrın 29-da Tahir Salahovun anadan olmasının 83 ili tamam olur.
Qalereyanın direktoru, Rusiya Rəssamlıq Akademiyasının üzvü Aydan Salahova bildirmişdir ki, bu sərgi atasının doğum gününə hədiyyəsidir. Sərgidə Fikrət Əmirovun ötən il Dövlət Kreml Sarayında yeni tərtibatda premyerası olmuş “Min bir gecə” baletinə dekorasiyaların eskizlərinin orijinalları, həmçinin həmin dekorasiyaların eskizləri əsasında Gəncənin xalçaçı qadınlarının toxuduqları iki xalça ilk dəfədir ki, nümayiş etdirilir.
Ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu sərginin açılışında bildirib ki, Azərbaycan və Rusiya xalqlarının fəxri olan Tahir Salahov sağlığında əfsanəyə çevrilmiş böyük ustaddır: “O, Azərbaycan xalqının bütün dünyanı fəth edən müdrikliyinin, yüksək mədəniyyətinin və incəsənətinin təcəssümüdür”.
Rusiya Rəssamlıq Akademiyasının prezidenti Zurab Sereteli də Tahir Salahovu təbrik edərək böyük rəssamın misilsiz sənətkar olduğunu vurğulayıb.
Ümumrusiya Azərbaycan Konqresinin baş katibi Mikayıl Hüseynov əlavə edib ki, Tahir Salahov bütün Azərbaycan xalqının, o cümlədən Rusiya azərbaycanlılarının fəxridir. Elə şəxsiyyətlər var ki, onlara görə xalq və ya təşkilat tanınır. ÜAK-ın idarə heyətində təmsil olunmuş və bu yaxınlarda həmin vəzifəyə yenidən seçilmiş Tahir Salahov da bizim üçün məhz belə şəxsiyyətlərdəndir.
“Aydan qalereya”da Tahir Salahovun
əsərlərindən ibarət “Min bir gecə” sərgisi dekabrın 10-dək davam edəcək.
Mədəniyyət.- 2011.- 2
dekabr.- S. 2.