“Sazlı-sözlü dünyam

 

   İsmayıllı rayon Mədəniyyət evində Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin anadan olmasının 190 illiyinə həsr olunmuş ”Sazlı-sözlü dünyam” adlı ədəbi-bədii gecə keçirildi. Gecə İsmayıllının 2011-ci ilin “Sənətkarlıq Paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər planı çərçivəsində gerçəkləşdi.

  

   Tədbiri açan aparıcılar Aşıq Ələsgərin həyat və yaradıcılığından söz açaraq onun əsərlərinin daim xalq tərəfindən sevildiyini vurğuladılar.

   Aşıq Elman Mehdiyev ustad Ələsgərin yaradıcılığının məziyyətlərindən danışdı. Onun sözlərinə görə, Aşıq Ələsgərin ağır həyat tərzi onun yaradıcılığındakı həcvlərindən olan “Görmədim” rədifli qoşmasında öz əksini tapıb. Bu əsərlər onun zəmanəsindəki yalançı xadimlər və ayrı-ayrı müftəxorlar, istismarçılar əleyhinə çevrilib. Aşığın digər şeirini də dinləyicilərə qocaman aşıq Cavid ərz elədi:

   Ələsgər, elmində olma nabələd,

   Doğru söylə, sözün çıxmasın qələt,

   Şahiddə iman yox, bəydə ədalət,

   Qazilərin düz bazarın görmədim.

   Şagirdlik dövründə kamil aşıq kimi yetişən Ələsgər gəzdiyi yerlərdə gördüyü gözəlləri min dil ilə vəsf edib. Aşığın bu mövzuda şeirini nəğmə dili ilə Sahibə Abdullayeva çatdırdı:

   Tuti dilli, sərv boylu Salatın,

   Yoxmu mərhəməti bu səltənətin.

   Göndər gəlsin Ələsgərin xələtin,

   Eyləmə əməyin zay, sarıköynək.

   Aşıq Ələsgər qoşmaları bədii ifadə baxımından çox zəngindir. Aşıq insan gözəlliyini öncə onun mənəvi aləmində görmək istəyir. O, zahiri gözəlliyi tam gözəllik saymır, ağıl, kamal adamlığı gözəllikdə ümdə şərt hesab edir. İnsanları həmişə xeyirxahlığa düzgünlüyə çağırır.

   Gözəl, sənin vədəndi,

   Kəsilib qısa tellərin?

   Kəlağayı əlvan, qıyqacı,

   Üstündən basa tellərin, -

   qoşmasını Aşıq Qasım özünəməxsus bir yanğılı səslə tamaşaçılara çatdırdı.

   Sonra söz Aşıq Mətləbə verildi. Gənc aşıq ustad Ələsgərin

   Yayda yaylağımdır, qışda oylağım,

   Yazda seyrəngahım bu dağlar mənim.

   Köçüb elləri, payız ayları,

   Gözüm görüb, könlüm bulaqlar mənim

   qoşmasını ifa etdi.

   Aşıq Yanvar Bədəlovun özünəməxsus ahənglə ifa etdiyi Aşıq Ələsgərin qocalıq zamanındakı yaradıcılığına aid qoşmaları məclisə şirinlik gətirdi.

   Söz-sənət bayramına çevrilən tədbir iştirakçıların alqışları ilə sona yetdi.

   2011-ci ilSənətkarlıq Paytaxtıçərçivəsində keçirilən bu növbəti tədbirdə Nuru Xalıqovun, Oqtay Talıbovun, Əbülfəz Pənciyevin zəhməti olduğunu da oxucuların nəzərinə çatdırmağı özümə borc bilirəm. Belə tədbirlərdə aşıqlara yardımçı olan qocaman sənətkarlardan Salam Babayevə, Əlicavad Cavadova balaban zurnada ifa etdiklərinə görə minnətdarlığımızı bildiririk. Biz bu mədəniyyət işçilərinin iştirakı ilə neçə-neçə belə tədbirləri ərsəyə yetirəcək, keçiriləcək tədbirlərin miqyasını artıracağıq.

  

   Təhmuraz Bayramov,

   İsmayıllı RME-nin direktoru

 

  Mədəniyyət.- 2011.- 7 dekabr.- S. 15.