Miniatür sənətimizin tarixindən

 

   Miniatür sənəti xalqımızın çoxəsrlik incəsənət tarixinin maraqlı səhifələrindən biridir. Orta əsr Azərbaycan rəssamları və xalq sənətkarları bədii mədəniyyətimizin qədimliyini, çoxcəhətliliyini və özünəməxsusluğunu sübut edən yüzlərlə memarlıq, təsvir və dekorativ sənət əsəri yaradıb.

  

   Miniatür sənəti təbiəti etibarilə bir kitab illüstrasiyası kimi klassik Şərq poeziyasının bilavasitə təsiri altında təşəkkül tapıb. Hələ XIII əsrin əvvəllərində miniatür rəssam Əbdül mömin Məhəmməd əl-Xoyin "Vərqa və Gülşa" əsərinə (əlyazmasına) miniatürlər çəkib. Hazırda İstanbulda, Topqapı muzeyində saxlanılan bu əsərlərin üslubu, bədii sənətkarlıq xüsusiyyətləri miniatürlərin ilkin olmadığını, müəyyən bir ənənəyə əsaslandığını və miniatür sənətinin daha əvvəl mövcud olduğunu göstərib. "Vərqa və Gülşa"ya çəkilən miniatürlər yalnız Azərbaycanda deyil, Yaxın və Orta Şərqdə bu sənətin ən qədim nümunələrindən sayılır.

   XIII-XIV əsrlərdə Marağa, Təbriz və Azərbaycanın başqa şəhərlərində xəttatlıq və miniatür sənəti sürətlə inkişaf edib. Təbriz şəhəri Şərqdə bədii yaradıcılığın, kitab sənəti, kalliqrafiyaminiatür boyakarlığının mərkəzinə çevrilib. Bu dövrdə Təbriz rəssamları qrafik və boyakarlıq üslublarının uğurlu sintezindən doğan bədii üslub yaradıblar. Bu yeni üslubun formalaşması 1340-1350-ci illərə aid edilən "Böyük Təbriz şahnaməsi", yaxud "Demott şahnaməsi" adlanan məşhur əlyazmanın miniatürlərində öz əksini tapıb. Miniatürlərin əksəriyyəti dövrün görkəmli rəssamları Əhməd Musa və Şəmsəddin tərəfindən çəkilib. Bu əlyazmanın miniatürlərindən elmə ancaq 58-i məlumdur.

   Azərbaycan miniatür sənətinin bədii üslub xüsusiyyətləri XV əsrin əvvəllərində daha da təkmilləşir. Nizami Gəncəvinin "XosrovŞirin" poemasına çəkilən miniatür (1405-1410, Frir qalereyası, Vaşinqton), sonuncu Cəlair hakimi Sultan Əhmədin şeirlər "Divanı"na rəssam Əbd-əl-Xayyinin çəkdiyi rəsmlər (Frir qaleryası, Vaşinqton) və Əssar Təbrizinin "Mehr və Müştəri" əsərinə (1419) çəkilən illüstrasiyaların (xəttat Cəfər Təbrizi) üslub, bədii sənətkarlıq məziyyətləri Təbriz məktəbinin təkmilləşdiyini göstərib.

   XV əsrin əvvəllərindən başlayaraq Təbriz şəhəri uzun müddət Yaxın və Orta Şərq şəhərlərini qabil sənətkarlarla təmin edən qüdrətli sənət mərkəzi olur. Məşhur alman sənətşünası F.Şults Təbriz məktəbini qonşu Şərq ölkələrində miniatür sənətinin inkişafına əsaslı təsir göstərən "Ana məktəb" ("Mutter Schule") adlandırıb. Həmin dövrdə bu məktəbin təsiri ilə Şamaxı və Bakıda miniatür sənəti intişar tapır. "Şərq poeziyası antologiyası", yaxud "Şamaxı antologiyası" (1468, Britaniya muzeyi, London) və s. əlyazmalara çəkilən illüstrasiyalar, Əbdülbaqi Bakuvinin çəkdiyi tək və ikifiqurlu portretlər ("Mehtər", "İki əmir", Topqapı muzeyi, İstanbul) Şamaxı və Bakı rəssamlarının ən yaxşı miniatürləri sırasına daxildir.

   XV əsrin axırlarında Təbriz miniatür məktəbi yeni yüksəliş dövrünü yaşayır. 1481-ci ildə Sultan Yaqub üçün hazırlanan və I Şah İsmayıl dövründə tamamlanan İstanbul "Xəmsə"sinə XVI əsrin əvvəllərində çəkilən 9 miniatür obrazlı ifadə vasitələrinə, kompozisiyanın mürəkkəbliyi və təmtəraqlı dekorativliyinə, kolorit zənginliyinə görə fərqlənir. Araşdırıcılar bu əsərlərin XVI əsrdə Təbriz miniatür məktəbinin banisi Sultan Məhəmməd, onun müasirləri və tələbələri tərəfindən çəkildiyini güman edirlər.

   Təbriz miniatür məktəbinin inkişaf zirvəsi XVI əsrin ortalarına təsadüf edir. Mərkəzləşmiş Səfəvilər dövlətinin yaranması ilə bağlı Azərbaycanın paytaxtı Təbriz şəhəri yenidən Yaxın və Orta Şərqdə mədəniyyətin, estetik fikrin, bədii yaradıcılığın mərkəzinə çevrilir. Təbrizdə Şah İsmayıl və Təhmasibin saray kitabxanasında böyük ustad Sultan Məhəmmədin rəhbərliyi altında Mir Müsəvvir, Mirzə Əli Təbrizi, Mir Seyid Əli, Müzəffər Əli kimi istedadlı rəssamlarla yanaşı, Kəmaləddin Behzad, Şeyxzadə, Ağamirək İsfahani, Şah Mahmud Nişapuri, Dust Məhəmməd kimi Şərqin görkəmli sənətkarları, xəttat və rəssamları fəaliyyət göstəriblər.

   Təbriz miniatür məktəbinin çoxcəhətliliyi və özünəməxsusluğu milli sənətkarlıq sərhədini aşır. Qonşu ölkələrlə də yaradıcılıq əlaqəsi-bağlantısı yaradır. Bu əlaqələrlə bağlı məktəbin yetirmələri müxtəlif vaxtlarda bir çox Şərq ölkələrində fəaliyyət göstərirlər. Məşhur rəssam Mir Seyid Əli atası Mir Müsəvvirlə birlikdə uzun müddət Hindistanda Moğol hökmdarları Hümayun və Əkbərin (XVI əsr) sarayında baş rəssam işləyərək sənətkarların hazırlanmasında, Moğol miniatür məktəbi adlanan Hind boyakarlıq məktəbinin yaranması və inkişafında mühüm rol oynayıblar. Türkiyə miniatür sənətinin inkişafına da Azərbaycan rəssamları əhəmiyyətli dərəcədə təsir göstəriblər. Şahqulu Nəqqaş, Vəlican Təbrizi, Kamal Təbrizi və bir sıra digər Təbriz rəssamları müxtəlif dövrlərdə İstanbulda fəaliyyət göstərirlər.

   Klassik miniatür sənətimizin çoxcəhətliliyi və özünəməxsusluğu Azərbaycan təsviri sənətinin sonrakı inkişafında böyük dəyişikliyə səbəb olub. Nəticə etibarı ilə boyakarlıq, qrafika, xüsusən kitab illüstrasiyası sahələrində bir sıra rəssamların yaradıcılıq axtarışları uğurlu əsərlər ortaya qoyub.

  

   Savalan Fərəcov

 

  Mədəniyyət.- 2011.- 7 dekabr.- S. 14.