Bir qələmin hekayəti

 

   Saysız məqalə, qəzet, jurnal, kitab, veriliş, film, vəzifə, təşəbbüs və xeyirxahlıqlara imza atmış qələmin...

  

   İlk söz ki qələmdən düşdü, baş kəlmə ki gedib qələmçiyə çıxacaq, belədə, oxucunu hədəf məchulluğunda, nam-nişan intizarında saxlamaq lap yerinə düşür. Bu məsələnin nüvəsində həvəskarlıq sindromu ilə bərabər, peşəkarlıq elementləri də yox deyil. Axı, yararlanıb-yararlana bilməmələrindən asılı olmayaraq, hər bir qələm əhlinin canında oxucusunu, tamaşaçısını heyrətləndirib-təəccübləndirmə eşqli bir novella damarı da var...

  

   Səksən ilə yaxındır (1933-cü ildən) fasilə qınına qoyulmadan yazan bu “əşyayi-dəlil”in isim-sifət-sayı nə qədər dəyişsə də - “lələk”dən “peroluya, “afdamatdan “diyircəkli”yə, makinadan kompyuterə - nəxəntərə “de”-“reformasiyalara uğrasa da, altmış ildən çoxdur yazıb-yaradan bu qələmçi məzmun-mahiyyətcə, “mən”-mənəviyyatca dəyişilməyib.

   Bu qələmin yazağı bineyi-qədimdən - “pero” erasından sayalı olub; orta məktəb cığırlarından başlamış ustad jurnalistik-publisistik yollarına, ünlü ədiblik, tərcüməçilik qollarına, bacarıqlı təşkilatçılıq, nüfuzlu rəhbərlik magistrallarına qədər.

   Bu qələmin sahibifüzunömrü uzunu nə qədər mövzular işləyib, korrektə-redaktələr edib, baş redaktorluq, direktorluq, sədrlik, sədarətlik yapıb, dərkənarlar qoyub. Daha duzlu azı nazı, daha obrazlı yozu “azar”ı çəkib, üstün üslub bezarı, şirin təhkiyə gərginliyi, rəngarəng sərlövhələr, diri başlanğıclar ekskursizmi, akkord sonluqlar dramatizmi yaşayıb. Mirzə Cəlil demişkən, bu heynidə... və son cümlədəki “yazı nazı” məsələlərinə rəğmən Füzuli buyurmuşkən, belə şeylərin “afəti-can olduğun ondan bilirəm ki”, bu adi yazının rüşeymləri beynimə düşəndən bəri fikrimdə ən azı beş başlıq “ahü-fəqan” edib: “Qələm adamı”, “Onun altıncı barmağı”, “Peşəkarlıq və nümunəviliyin canlı testi”, “Bir qocanın manifesti” və bir bir də yuxarıdakı - “Bir qələmin hekayəti”.

  

   Ələmlərdən qələmlərə

  

   “Qələm”, “qələmçi”, “bu qələmin”... Yuxarıdakı abzasların radiusunda ən çox işlənən ifadələr. Bu kəlmələrin antenaları ətrafında çox qafiyələr, qeyb-qaibələr fırlanmada. Xüsusilə - “bu qələmin” çevrəsində. Onlardan biri də “buqələmun” terminidir ki, artıq, təsvir-təşviq cəhdlərimə rəğmən “xüsusi isimstatusuna layiq hesab etdiyim bu Qələmçi - Cəmil Əlibəyov - bütün tarixlərin, coğrafiyaların heç zaman qıtlıq çəkmədiyi bugah nala, gah mıxa” mənəvi nalbəndliyindən tamamilə uzaq bir həyat və yaradıcılıq yolu keçmişdir.

   Ən azı üç yüz ili bəlli olan bir şəcərənin - bəy nəslinin davamçısı olan Cəmil Ədil oğlu Əlibəyov 1927-ci il dekabrın 5-də Qaryagin (Füzuli) rayonunun Dədəli kəndində doğulmuşdur. Deməli, bolşeviklərin taxt-taca çıxmasından düz on il sonra, repressiyaların qırıb-çatmasından düz on il əvvəl. Buiki daşın arasında” dünyaya göz açmaq təbii tale gərdişi olsa da, Dədəli oymağının başçısı Əli ağa Əlibəyov soyadının davamçısı Ədil bəylə Cəbrayıl qəzası qazisinin qızı Ziba xanımın ailəsində doğulmaq fərdi faciə işi idi.

   Bu bioloji olumdan sonra nə qədər siyasi, psixoloji-sosioloji ölüm-itimlər oldu - bunların bəyanı üçün “Cəmil Əlibəyov” imzalı qəzetlər, kitablar, filmlər də bəs etməz. Amma onun - barmaqla sayılası ustad jurnalist-publisistlərdən biri olaraq - ümumölkə auditoriyasına hesablanmış media-mühazirələrinə istinadən, məsələni “mikro-roman”laşdırmaq da mümkün: Əlibəyovlar nəslinin ağlıkəsən başıpapaqlıları “kulakolunur, dədə-baba mülkləri əllərindən alınıb məktəb edilir, atası İrana qaçır. Orada yazılıb “çatacaq Cəmilə” ünvanlı bir məktubun “xəbərçi”liyinə görə, “vraqnarod Cəmil” məktəbdən xaric edilir. Bir müddət xala evlərində dayı təhsili alan bu balacasinfi düşmən”, nəhayət, ən arxa partada oturmaq, başını ən aşağı salmaq şərtilə, məktəb siniflərinə buraxılır.

   Zillət-illətlər düyün-düyün keçsə də, sovet jurnalistləri demişkən, “quş qanadlı illər” yeyin-yeyin keçir, Cəmilin diribaşlığı, hazırlıq səviyyəsi, divar qəzetlərindəki imzaları, ictimai tədbirlərdə tədbirli çıxışları öz işini görür. Onakamal attestatı” ilə birgə təhsilini ali məktəbdə davam etdirmək üçün “məzkur arayışı” da verilir. 1944-cü ildə Azərbaycan Dövlət Universitetinin (BDU) filologiya fakültəsinə daxil olur və sınaq söhbətində ümumi bilik səviyyəsi, xüsusi qabiliyyəti nəzərə alınaraq, yenicə açılmış şərqşünaslıq şöbəsinə keçirilir. Fars, ərəb, ingilis dillərində uğurlara nail olur, seçdiyi Şərq tarixi ixtisası sahəsində xüsusilə seçilir və dünənədək qorxulu komitələrin təqib-təhqiqatlarına məruz qalan bu gənc elmi tədqiqatlarına görə Moskvarespublika ali təhsil nazirliklərinin təltif və mükafatlarına layiq görülür.

  

   Lakin onu başqa bir aləm - sevgili qələm yolu gözləyirdi...

  

   O qələmə qədər isə hələ bir neçə ələm keçməliymiş. Dövlət imtahanı ərəfəsində bir neçəsi şərqşünaslıq fakültəsindən olan tələbələrin sovet dövləti əleyhinə suçlanma prosesində Cəmil Əlibəyov da universitetdən xaric edilir. Lakin bu dəfə də tale builham pərili” oğlanın üstünə qanad gərir və onu ekstern yolla tarix fakültəsinin birinci kursuna qəbul edirlər. Burada hər şeyə yüz ölçü, bir biçi ilə yanaşır. “Oxumağı əla, baxışı normal, duruşu dinc” adı qazanır. Və onu çoxdan gözləyən, ömürlük yoldaşlığa səsləyən yolun mənbəyi də elə buradan başlanır. 1949-cu ildə yaradıcılıq-sınaq qaydası ilə “Azərbaycan gəncləri” qəzetinə işə götürülür. Lakin builk qələm”i də növbəti ələm gözləyirmiş; üç il keçməmiş Moskvaya yazılmış bir anonim məktub ictimai keçmişi “ləkəli” olan bu gənc jurnalistin işdən də qovulmasına rəvac verir. Universitetdən qovulmaq yarası qaysaqlanmamış, işdən xaric edilmək ağrısı!

   Stalinin ölümü bütün ölkə miqyaslı bir çox mətləb-məsələlərlə yanaşı, bu gəncin də dirçəlməsinə səbəb olur. Qəzet işinə bərpa edilir, iyirmi il ədəbi işçi, şöbə müdiri, məsul katib kimi çalışır, dövrün ən populyar imzası olaraq, bu qəzetin bütün səhifələrində sosial-rasional, ictimai-mental mövzularda saysız-hesabsız yazılarla çıxış edir və nəhayət, bu imza son səhifənin - belə demək mümkünsə - “tapşırma guşəsi”nə həkk olunur: “Baş redaktor: Cəmil Əlibəyov”. Köhnə və orta nəsil o qəzetin öz imperial rubrikaları, sovetçi devizləri, sosializm-realizm şablonları altında öz millətimizin duyğuları, qayğıları, gələnəkləri haqda nələr etdiyindən agahdırlar. Yeni nəslə və qəzetçilərə isə bunu mütləq demək gərək ki, Cəmil Əlibəyovun baş redaktor işlədiyi dövrdə “Azərbaycan gəncləri” qəzetinin tirajı 20 mindən 450 minə çatmışdı.

  

   Bir addım irəli, iki addım geri” erasında yalnız və yalnız - İrəli!

  

   1970-ci ildə Cəmil Əlibəyov dövlət işinə - Azərbaycan Respublikası Dövlər RadioTeleviziya Verilişləri Komitəsi sədrinin müavini vəzifəsinə irəli çəkilir. Jurnalistika və publisistikanın yazılı “təsərrüfat”ından canlı nitq tribunasına gəlmiş bu kolorit mücəssəməsi, obrazlı desək, Azərbaycan radiosuna bütöv bir xalq ab-havası gətirir. Radio jurnalistlərinin qələmlərini dilşünaslıq qrammatikasından, nitqlərini “müsbət qəhrəman” leksikonundan təmizləyə-təmizləyə şəhd-şəkərli bir dil-üslub tərzi, xəlqi bir orfoepiya efiri yaranmasına nail olur. Fikrimizin təsdiqi üçün onun rəhbərliyi dövründə binası qoyulmuşXalq yaradıcılığı - “Bulaq”, “Poeziya buketi - nəğmə çələngi”, “Sabahınız xeyir”, “Gülüş axşamı” və s. verilişləri yada salmaq, bütün bunlara görə onun “Qızıl qələm” mükafatına layiq görülməsi faktını xatırlatmaq kifayətdir.

   Yenə irəli! 1974-cü ildə yenə Heydər Əliyevin şəxsi təklifi ilə Cəmil Əlibəyova daha məsul vəzifə tapşırılır. “Azərbaycanfilm” kinostudiyasına direktor təyin edilir. Cəmil Əlibəyov böyük ənənələri, Adil İsgəndərov kimi korifeyin nəzəri və təcrübi ənənələri olan bu nəhəng yaradıcılıq təşkilatında da öz dəst-xəttini yaratmağı bacarır. Burada çalışdığı on il ərzində istehsal olunan filmlər say və sənət səviyyələrinə görə yüksək qiymətləndirilir, respublika, ümumittifaq və beynəlxalq mükafatlara layiq görülür. Kinematoqrafiyamızın “qızıl fonduna daxil edilmiş “Dədə Qorqud”, “Babək”, “Tütək səsi”, “Qayınana”, “Ad günü”, “İstintaqkimi filmlər onun rəsmi rezolyusiyaları, yaradıcı baxışları, kolleqa xeyir-duaları ilə ara-ərsəyə gəlir.

   Yorulmaz jurnalist, alovlu publisist, doyulmaz yazıçı Cəmil Əlibəyovun da yazıb qurtara bilmədiyi bu dünyada onun özü də yazılıb-qurtarılası deyil. Yəni, burdan belə əlac quruca sadalamalara qalır: Azərbaycan Dövlət Nəşriyyatında baş redaktor, direktor, “Kommunistin (“Xalq qəzeti”) baş redaktoru, “Yazıçı” nəşriyyatında baş redaktor, “Elm və həyat” nəşriyyatında təsisçi-direktor...

   ayla, illə, əsrlə ölçülməyən, istedad, təxəyyül, ilham pərisi istisna edilməklə, heç kəs tərəfindən təyin və ya xaric edilməsi mümkün olmayan əbədi “vəzifə” -

  

   Ədiblik, sənətkarlıq...

  

   Sələflərindən birinin qəhrəmanı demişkən, hansı ki, bu, çox geniş söhbətin mövzusudur. İnanmayanlardaha vacib işlərindən” bir-iki gün vaxt ayırıb, onun “Analı dünyam” əsərini mütaliə etsinlər. Görsünlər Cəmil Əlibəyov yaşdabaşda, Cəmil Əlibəyov müasirlikdə və ultra-intellektdə bir oğul analı dünyası ilə anasız dünyası arasında nə fərqlər görüb, nələr yaşayıb, daha heç vaxt qazana bilməyəcəyi nələri itirib. Əgər onlar bu əsəri oxuyub əsərlənsələr, nəinki ölkə vətəndaşlarımızın duyğulanıb-tamarzılanma “statistika”sının çoxalacağına, hətta doğma oğul-qız evlərinə qaytarılmaları səbəbindən “qocalar evi”ndəki anaların xeyli azalacağına da əminəm.

   Elə “Sınaq”, “Həyatın özü”, “Dözümlü məhəbbət”, “Dünyanın o biri ucu”, “İlk məhəbbət” romanları, “Qayaların göz yaşı”, “Özümü axtarıram”, “Analar...”, “Anam - Arazım mənim” povestləri, yüzlərlə hekayə, ssenari və pyesləri də yüksək zövq verimi ilə bərabər, çoxlarına düz yol, halal hədəf göstərərdi. Otuza qədər kitab yazmış bu müəllif bundan on dəfələrlə çox yeni ədəbi-bədii dünya parçaları yaratmış, yüz kərələrlə artıq oxucu könlü fəth etmişdir.

   Cəmil Əlibəyov tərcümə işlərində də təkrarsız qabiliyyət isimlərindən hesab olunur. Məncə, Çingiz Aytmatov fenomeni Azərbaycana ilk olaraq məhz Cəmil müəllimin “İlk müəllim” tərcüməsilə ayaq açıb. Jorj Sandın “İndiana”sı, S.Solovyovun “Sənin haqqında kitab”ı, A.Lixanovun “Həyat haqqında danışmaq istıyirəm”i, Ç.AytmatovunAna tarla”sı ana dilimizin iliyinə Cəmil Əlibəyovun təbibanə təbli çevirmələrilə işləyib. Zəmanəmizin qələm Xanının - Çingiz Aytmatovun şedevrlərindən olan gəmi”nin tərcümə səviyyəsi isə Cəmil Əlibəyovun nəinki təkcə Azərbaycanın oxucu dünyasına, ümumən Turan aləminə sənət ərməğanı, bəlkə də müştərək müəllif bəxşişidir.

   ...Onun öz əsərlərində də canlı miniklər, texno-nəqliyyatlar elədən-belə, belədən-elə çox gedib-gəlir. Sözügedən son tərcüməsindəki isə bir yaradıcı bəndənin yaratdığı bədii-ədəbi minik Tanrının əbədi sularında əbədiyyətə doğru şütüyür...

   Ömrünüzə “Hər kəs yüz il yaşamasa...” günahsızlığı, əsərlərinizə isə o gəmiylə paralellik arzulayıram, ustad!..

  

   Tahir Abbaslı

 

   Mədəniyyət.- 2011.- 7 dekabr.- S. 13.