Parisdə azərbaycanlı gənc rəssamın fərdi sərgisi

 

   Parisin məşhur Vivyen İncəsənət Qalereyasında azərbaycanlı gənc rəssam Məryəm Ələkbərlinin fərdi sərgisi təşkil edilib.

 

   Sərgini açan Vivyen İncəsənət Qalereyasının direktoru Pyer Qimbard gənc rəssamı, onun ailəsini və digər azərbaycanlıları görməkdən məmnunluq ifadə edərək M.Ələkbərlinin böyük istedada malik olduğunu bildirib. Məryəmin nümayiş etdirilən əsərlərinin onda böyük təəssürat oyatdığını vurğulayan P.Qimbard gənc rəssamın fırçasının məhsulu olan əsərlərin rəng çalarlılığının müxtəlifliyinə görə bir-birindən tamamilə fərqləndiyini qeyd edib, ona müvəffəqiyyətlər arzulayıb.

   M.Ələkbərlinin rəsm müəllimi Dominik Şevalye həmyerlimizin vasitəsilə gözəl azərbaycanlı ailəsi ilə tanış olduğunu diqqətə çatdırıb, onun qeyri-adi yaradıcılıq imkanlarından danışıb. Qeyd edib ki, bir-birindən bənzərsiz rəsm əsərlərində Məryəmin duyduğu, qavradığı dünya öz əksini tapıb. Seçilən hər mövzuya uyğun rəng çalarlarından istifadə etmək gənc Məryəmin istedadından xəbər verir. O ümidvar olduğunu bildirib ki, Məryəm gələcəkdə tanınmış rəssam olacaq.

   Parisdə xüsusi rəssamlıq məktəbində təhsil alan 20 yaşlı Məryəm Ələkbərlinin sərgidə 50-dək əsəri nümayiş etdirilir. Onun kətana köçürdüyü əsərlər müxtəlif mövzuları əhatə etsə də, rəssamın yaradıcılığında, onun rənglər dünyasında təbiət, eləcə də Bakının və Parisin mənzərələri, natürmortlar, insan portretləri və s. əsas yer tutur. M.Ələkbərlinin yaradıcılığında bahara vurğunluq tamaşaçıların diqqətini cəlb edir.

   Sərgidə M.Ələkbərlinin əsərlərindən ibarət Parisdə nəfis şəkildə çap olunmuş albom da nümayiş etdirilib. Bahar üçün müqəddimə” adlı albomda Paris-X Universitetinin incəsənət üzrə professoru Tiyerri Düfrenin, Azərbaycanın Xalq yazıçısı ElçininBerlin İncəsənət İnstitutunun müəllimi, rəssam və tənqidçi İnge Şmidtin M.Ələkbərlinin yaradıcılığından bəhs edən fikirlərinə geniş yer verilib.

   Tədbirdə fransız ictimaiyyətinin nümayəndələri, Azərbaycanın Fransadakı səfirliyinin əməkdaşları və digər qonaqlar iştirak ediblər.

   Sərgi dekabrın 10-dək davam edəcək.

 

  Mədəniyyət.- 2011.- 7 dekabr.- S. 9.