İgidlik və cəsurluq rəmzi - atüstü milli
oyunlarımız
Teymur Bünyadov: “Çövkən oyununun üç min illik tarixi var”
Min illər əvvəl
Çövkən, Sürpapaq, Sürəyçi,
Baharbənd, Yaylıq, Piyaləox, Gərdəkqaçırdı
kimi milli atüstü oyunlarımız sözün
əsl mənasında at oynadardı.
Xalqın sevə-sevə tamaşa etdiyi bu oyunlarda
igidlər hünər göstərər, el-obada
ad-san qazanardı. Ötən əsrlərdə tarixin
səhnəsindən az qala
silinəcək atüstü milli oyunlarımızı XXI əsrdə yenidən
gündəmə gətirməklə milli-mənəvi dəyərlərimizə
sahib
çıxdığımızı sübut
etdik.
Söhbət atüstü oyunlardan gedirsə, əvvəlcə Azərbaycanda atçılığın tarixinə qısa nəzər salaq.
“Tarixin atası” sayılan Herodot yazırdı ki, qədim Azərbaycan dövləti olan Midiyada çox şahanə atlar saxlayırdılar. Tapılan arxeoloji materiallar da bunu söyləməyə əsas verir. Hələ Tunc dövrünün son mərhələsində Azərbaycan ərazisində yaşayan insanlar atları yəhərləmiş, onları özləri üçün etibarlı dost saymışlar. Akademik B.A.Kaufman respublikamızın ərazisindən tapılan yüyənləri eramızdan öncə 1-ci minilliyin əvvəllərinə aid edir. Həmin dövrə məxsus tapıntı olan yəhər qaşı, yəhər yanı, tunc zınqırovlar və digər bu kimi əşyalar sübut edir ki, Azərbaycan atçılığının sorağı çox-çox əski çağlardan gəlir. Tarixi sənədlər vətənimizin Şərqdə ən böyük atçılıq ölkələrindən, atların ən qədim əhlilləşdirmə ocaqlarından olduğunu göstərir.
Qədim yunan tarixçisi Strabon Albaniya atlarının çox hündür olduğunu yazır. Təbii ki, Azərbaycan atları uzun əsrlər boyu müəyyən təbii-tarixi şəraitin təsiri nəticəsində, həyat tələbatı sayəsində dəyişmiş, bir sıra yerli at cinsləri yaranmışdır. Bunlardan Qarabağ, Qazax (Dilboz), Quba və Şirvan atları geniş yayılmışdır. Tarixi mənbələrin verdiyi məlumatlara görə, Makedoniyalı İsgəndər, İran hökmdarı Dara kimi sərkərdələr öz süvari qoşunlarını Qarabağ atları hesabına gücləndirmişlər.
Qarabağ atının tarixi şöhrətini S.P.Usupov belə qiymətləndirmişdir: “İngilis təmizqanlı atı Avropa atçılığında nə kimi rol oynamışsa, Qarabağ atı da Asiya atçılığının inkişafında eyni əhəmiyyət kəsb etmişdir”. At üzrə mütəxəssis D.Dubenski XIX əsrin sonlarında yazır ki, Cənubi Qafqazda bir sıra at cinsləri olsa da, əslində onların hamısı Qarabağ atının törəməsidir.
R.X.Səttarzadə 1960-cı ildə nəşr olunan “Azərbaycan atçılığı" kitabında yazır: “Azərbaycan at cinsləri qədimdən xalq seleksiyası, sonralar bəzi Şərq qanlı atların qanının qarışdırılması nəticəsində formalaşıb. Bura Qarabağ atı, Dilboz atı, Quba yorğası və Şirvan atı daxildir".
Hazırda dünya üzrə 260 cins atın ikisi Azərbaycana məxsusdur ki, bunlar da “Dilboz” və “Qarabağ” atlarıdır.
Tarixdə çövkənin izləri
Qədim zamanlardan yaxın Şərq və Orta Asiya ölkələrində atüstü oyunlar igidlik və cəsurluq rəmzi sayılırdı. Bu oyunlar arasında ən məşhuru çövkəndir. “Çövkən” (“Çovgan”, “çoğan”) sözü Azərbaycanda “ağaccıq” kimi işlədilmişdir. Çövkən oyununun adı da oyunda işlədilən alətin adı ilə adlandırılmışdır. Bu da ağacdan hazırlanmış, çövkən adlandırılan alətdir. Çövkəni oyunçular at belində bu alətin köməyi ilə oynayırlar.
Əməkdar rəssam Elçin Muxtar Elxan “El-oba oyunu, xalq tamaşası” kitabında yazır: “Çövkən IX-XVII yüzilliklərdə Azərbaycanda geniş yayılmış, əsasən at üstündə, qismən atsız oynanılan qədim tonton oyunu və burada istifadə olunan ucu əyri uzun dəyənəyin adıdır. Musiqinin müşayiəti ilə keçirilən bu oyunda atları rəng etibarı ilə bir-birindən fərqli olan hər dəstədə 6-8, bəzən isə daha çox atlı iştirak edirdi. Oyunda əsas məqsəd dəyənəklə rəqib qapısına top vurmaq olmuşdur. Əhalinin müxtəlif təbəqələri arasında geniş şöhrət tapmış, bəzən isə kişilərlə yanaşı, qadınların iştirakı ilə keçirilən bu oyunun əski qaynaqlarda “kuyiçövkən”, “çomaq oyunu” və “çövkənbazi” adları ilə qeyd edilən başqa variantları da olmuşdur”.
“Çövkənin mahiyyəti gəncləri qəhrəmanlıq ruhunda tərbiyə etməkdir”
Akademik Teymur Bünyadov mövzuyla bağlı dəyərli fikirlərini bizimlə bölüşdü:
- Çövkən oyunu Azərbaycan xalqının ən qədim və son dərəcə maraqlı oyunlarından biridir. Burada cəngavərlik, igidlik, gücünü, hünərini göstərmək əsas yer tutur. Çövkən oyununun 3 min illik tarixi var. Bu oyunu şahların, xanların, bəylərin məclislərində oynayardılar.
Azərbaycanda
atçılıq qədim zamanlardan geniş inkişaf edib. Azərbaycanda iki məşhur
at cinsi var: “Qarabağ” və “Dilboz” at cinsləri. Bu atların vasitəsi
ilə yaxşı çövkən oyunu oynanılırdı. O zamanlar
türklər at belində
Sibirdən Avropanın
dərinliklərinə qədər
getmiş, qələbə
çalmış, uğur
qazanmışlar. Ona görə
də deyirlər ki, at muraddır, arzudur. Atı bəzən qanadlı
hesab edirlər. Çünki at insanın xəyalında,
düşüncəsində əlçatmaz, ünyetməzdir.
Çövkən oyununun mahiyyəti
də gəncləri qəhrəmanlıq ruhunda
tərbiyə etməkdir.
Vaxtilə bizim toylarımızda
da cıdırlar olub, oğlan evindən qız evinə at sürüblər,
orada da çövkən oyununun müxtəlif ünsürləri
olub. Kim birinci yeri tutubsa,
nəmər alıb.
Avropanı məftun edən “Zaman”
Yadıma bir əhvalat
düşür. 1949-cu
ildə Ağdam ərazisindəki Göytəpədə
Qarabağ at zavodu təşkil olunmuşdu.
Bu at zavodunun “Zaman” adlı qızılı rəngli
ayğırı 1956-cı ildə SSRİ hökuməti
tərəfindən İngiltərə
kraliçası Yelzavetaya
bəxşiş verildi.
Bu at İngiltərədə
böyük maraq doğurmuş və mütəxəssislər onun
haqqında yüksək
fikirlər söyləmişdilər.
Bu at haqqında mütəxəssis Cuanita
Berlin yazır ki, “Zaman” İngiltərədə
böyük marağa
səbəb oldu.
Biz onun gözəl
rənginə və mülayim təbiətinə
məftunuq. Biz onunla fəxr edirik. Mən heç vaxt
böyük üstünlüyə
malik olan belə ata minməmişəm.
O, ərəb atından
da üstündür...”.
Çövkən oyunlarının Azərbaycanda çox qədimdən məşhur
olduğunu tarixi faktlar da təsdiqləyir.
Örənqalada aparılmış arxeoloji qazıntılar zamanı tapılan şirli qab üzərində çövkən
oyununun təsvir edildiyi rəsm bu oyunun IX əsrdə
Beyləqan şəhərində
yayıldığını əyani sübut edir.
Azərbaycan ədəbiyyatında və incəsənətində
çövkənin izlərinə
çox rast gəlinir. "Kitabi-Dədə Qorqud"
boylarından və Nizami Gəncəvinin “Xosrov və Şirin” əsərindən
məlum olur ki, Azərbaycanda çövkənin tarixi
VI-VII əsrlərə və
bəlkə də ondan da əvvələ
gedib çıxır.
Ədəbi nümunələrdən də məlum olur ki, Azərbaycanda
çövkən oyununda
təkcə kişilər
deyil, qadınlar da iştirak edib. Nizaminin “Xosrov və
Şirin” poemasında
Şirin çövkən
meydanında Sasani hökmdarı Xosrov Pərvizdən geri qalmır. Şirin ilə bərabər
qızların da bu oyunda iştirakı
təsvir edilir.
Çövkənin qədim Azərbaycan
oyunu olmasını sübut edən faktlardan biri də orta əsrə
aid olan miniatürlərimizdə
bu oyunun dönə-dönə təsvir
edilməsidir.
Şərqdə olan digər
milli oyunlarımız
kimi çövkən
oyununun da daha uzaq regionlara
yayılmasında və
inkişaf etdirilməsində
ingilislərin böyük
rolu olmuşdur. Belə ki, XIX əsrdə Hindistandan İngiltərəyə
gətirilən bu oyun getdikcə inkişaf etdirilmiş, yeni qaydalar əsasında
Amerika və Avropa ölkələrində
geniş yayılmışdır.
Məhz ingilislərin təşəbbüsü
ilə bu oyun "polo" adı altında ilk dəfə
1900-cü ildə Parisdə
keçirilən II Olimpiya
Oyunlarının proqramına
daxil edilmiş, beləliklə, Qərb sivilizasiyasında bu ad təsbit edilmişdir.
XX əsrin
50-ci illərinin sonunda
başda çövkən
olmaqla bir sıra milli oyunlarımız bərpa edilmişdir. Bu sahənin tədqiqatçısı
olan Fikrət Hüseynov 10 xalq oyununu tarixi sənədlər və folklor materialları əsasında bərpa edib, oyun qaydalarını
hazırlayıb, kitabça
şəklində çap
etdirib.
Atüstü milli oyunlarımızın
qorunub saxlanılması,
qədim tarixə malik atçılıq ənənələrinin bərpası,
ölkəmizdə atçılıq
turizminin təbliği,
gənc nəsildə
bu sahəyə maraq oyadılması məqsədilə artıq
bir neçə ildir ki, ölkəmizdə
ənənəvi olaraq
çövkən milli
oyunları keçirilir.
Mədəniyyət və Turizm
Nazirliyinin Respublika Atçılıq Turizm Mərkəzi tərəfindən
bu milli oyunlarımızın təbliği
sahəsində işlər
görülür. Atüstü milli oyunlarımızı
diriltmək isə keçmişimizlə bu günümüz arasında
əlaqələri möhkəmlətmək,
zəngin milli-mənəvi
dəyərlərimizi təbliğ
etməkdir.
Təranə
Vahid
Mədəniyyət.-
2011.- 7 dekabr.- S. 7.