Opera və Balet Teatrında çoxdan gözlənilən
premyera
Sənətsevərlərə
məşhur rus operası «Aleko» təqdim olundu
Dekabrın
3-də Azərbaycan Dövlət
Akademik Opera və Balet Teatrında görkəmli rus bəstəkarı Sergey Raxmaninovun
“Aleko” operasının
premyerası keçirilib.
Premyeranı sənətsevərlər, musiqi və teatr ictimaiyyətinin nümayəndələri, Bakıda
fəaliyyət göstərən
xarici ölkə diplomatları izləyiblər.
Əməkdar incəsənət xadimi, dirijor Yalçın Adıgözəlovun
rəhbərliyi ilə
simfonik orkestrin müşayiət etdiyi tamaşa maraqla qarşılanıb. Əməkdar incəsənət xadimi, baş xormeyster Sevil Hacıyevanın başçılıq etdiyi
xor kollektivi və solistlərin ifası, səhnədə
tətbiq olunan videoproeksiya, əlvan və rəngarəng səhnə kostyumları tamaşanı daha baxımlı edib.
Qeyd edək ki,
Sergey Raxmaninovun 19 yaşında
(1892) qələmə aldığı
bu əsər hələ zamanında musiqi dünyasında geniş rezonans doğurmuşdu. Böyük rus
şairi Aleksandr Puşkinin «Qaraçılar»
poemasının motivləri
əsasında yazılan
“Aleko” operası Moskva Konservatoriyasında oxuyan gənc bəstəkarın diplom işi olub.
Operanın süjetinə gəlincə,
əsərdə şəhərdən
qaçmış qürurlu
Alekonun qaraçı
köçünə sığınmasından
bəhs olunur. Qəhrəman gözəl qaraçı
qızına vurulur.
Sevgi, qısqanclıq, coşqun
ehtiras onların hər ikisini ölümə aparır.
Gənc S.Raxmaninov bu operanı diplom işi kimi təqdim
edəndə onun müəllimi, dahi bəstəkar P.Çaykovski
əsəri o qədər
bəyənir ki, tələbəsinə 5 yazır
və qiymətin üstünə 4 dənə
üstəgəl işarəsi
qoyur. Dahi Çaykovskini heyrətləndirən
19 yaşlı bir gəncin bu qədər hissiyyata, həyəcana, bu qədər musiqi bacarığına malik olması idi. Beləliklə, S.Raxmaninov artıq
bu əsərlə şöhrət qazanaraq adını tanınmış
musiqiçilərin sırasına
yazdırır.
İndiyədək dünyanın bir
çox teatr səhnələrində tamaşaya
qoyulan məşhur operaya Azərbaycanda da müraciət olundu.
Tamaşaya quruluş vermək
üçün tanınmış
ukraynalı opera rejissoru
Nikolay Tretyak dəvət əsasında
Bakıya gələrək
oktyabrın 10-dan tamaşanın
quruluşu üzərində
işləyib. Tamaşada əsas
rolları əməkdar
artistlər Əvəz
Abdullayev (Aleko), Zemfira İsmayılova (Zemfira), Əkrəm Poladov (Qoca qaraçı),
gənc və istedadlı vokalçı
Azər Rzazadə (Gənc qaraçı) ifa edib. Operanın dekabrın 25-də keçiriləcək
tamaşasında isə
Zemfira rolunda İlahə Əfəndiyeva,
Gənc qaraçı
rolunda Tural Ağasıyev çıxış
edəcək.
Tamaşanın
dirijoru, Əməkdar
incəsənət xadimi
Yalçın Adıgözəlov
səhnə əsəri
ilə bağlı təəssüratını bölüşərək
bildirdi ki, bu opera onun çoxdankı
arzusu olub: «Dünyada çox tanınmış, qabaqcıl
opera sənəti inkişaf
edən ölkələr
var. Rusiya böyük
opera ənənəsi, mədəniyyəti
olan ölkədir. Qlinka, Çaykovski, Raxmaninov və başqa bəstəkarların
məşhur operaları
dünya teatrlarında
tamaşaya qoyulub.
Təəssüflər olsun ki,
SSRİ-nin dağılmasından,
mədəni əlaqələrin
nisbətən zəifləməsindən
sonra bizim teatrda rus operaları
bir qədər diqqətdən kənarda qalmışdı. Mən Bakıda
sonuncu dəfə
1991-ci ildə Çaykovskinin
«Yevgeni Onegin» operasını idarə etmişəm. Ötən 20 ildə teatrımızın
repertuarında rus operasının olmaması
musiqiçilər, vokalçılar
üçün bir itkidir. Halbuki biz rus operalarını
başqa ölkələrdə,
o cümlədən Türkiyədə
rus dilində tamaşaya qoymuşuq.
Bu baxımdan «Aleko»nun bizim teatrda oynanılmasına hamımız sevinirik.
Həyəcanlı olmaqla
bərabər üzərimizdə
böyük məsuliyyət
də hiss edirik. Çünki bu operaya dirijorluq etmək çoxdankı arzum idi».
Rejissor işini yüksək qiymətləndirən Y.Adıgözəlov
N.Tretyakın alicənab
və bacarıqlı
sənətkar olduğunu
bildirdi: «Onunla çalışmaq bizə
çox maraqlı və çox rahat oldu. Bizim musiqi
mədəniyyətimizə, xalqımıza böyük
marağı və hörməti var. Bu çox
vacib məsələdir.
Tamaşada dəvət olunmuş
solist yoxdur. Ancaq öz solistlərimizlə
bu tamaşanı ərsəyə gətirdik”.
Tamaşadan sonra Xalq artisti, bəstəkar Musa Mirzəyev tamaşanı çox bəyəndiyini deyərək, yaradıcı heyətin işin öhdəsindən layiqincə gəldiyini bildirib: «Yalçın Adıgözəlovun rəhbərlik etdiyi simfonik orkestrin çıxışı ən yüksək qiymətə layiqdir. Xor kollektivi və solistlərin çıxışı haqqında da eyni sözləri deyə bilərəm. Aleko partiyasının ifaçısı Əvəz Abdullayev yüksək vokalı və məharətli aktyor ifası ilə tamaşaçıları heyran etdi. Bu tamaşa opera sənətinin bayramına çevrildi».
Gülər Nizamiqızı
Mədəniyyət.-
2011.- 7 dekabr.- S. 6.