Molla İbrahimxəlilsiz “Kimyagər”
Musiqili Komediya Teatrının binası təmirə bağlansa da, kollektiv yaradıcılıq işlərinə fasilə verməyib. Teatr milli dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadənin “Hekayəti-Molla İbrahimxəlil kimyagər” əsərini tamaşaçılara təqdim etməyə hazırlaşır. Məşqləri Dənizçilərin Mədəniyyət Sarayında aparılan səhnə əsərinin qeyri-adi olacağı deyilir.
Tamaşanın qeyri-adiliyi nədə olacaq? Quruluşçu rejissor, Əməkdar incəsənət xadimi Bəhram Osmanov bizimlə söhbətdə buna aydınlıq gətirdi:
- 2012-ci ildə milli dramaturgiyamızın banisi, görkəmli maarifçi Mirzə Fətəli Axundzadənin 200 illiyi geniş şəkildə qeyd olunacaq. Ölkə başçısının sərəncamı ilə qeyd ediləcək yubiley tədbirlərinə artıq start verilib. Dövlət Musiqili Komediya Teatrı da bu əlamətdar hadisəyə öz töhfəsini vermək istəyir. Teatr Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə dramaturqun “Hekayəti-Molla İbrahimxəlil kimyagər” əsərinə müraciət edib. Bu əsər Mirzə Fətəli Axundzadənin qələmə aldığı 6 komediyadan birincisidir. Yəni milli dramaturgiyamızın tarixi bu əsərlə başlayır. Lakin çoxdan idi ki, teatrlarımız bu komediyaya müraciət etmirdilər. Mənim araşdırmalarıma görə, “Hekayəti-Molla İbrahimxəlil kimyagər” sonuncu dəfə ötən əsrin 50-ci illərində səhnəyə qoyulub.
- Niyə məhz, belə deyək də, bir qədər unudulan pyesə müraciət etdiniz?
- Çünki bu əsər günümüzlə, dünyada, ətrafımızda baş verən hadisələrlə çox səsləşir. Söhbət təkcə kimyagərlik bacardığını deyib camaatı inandırmağa çalışan bir fırıldaqçıdan getmir. Düzdür, pyesdə bu günün prizmasından baxanda bəzi yarımçıq xarakterlər də var. Üstəlik “Hekayəti-Molla İbrahimxəlil kimyagər” müəllifin digər pyesləri kimi həcmcə kiçikdir. Bütün bunları nəzərə alıb musiqili buf-komediya janrında bir tamaşa hazırlamaq istəyirik. Tamaşada dramatik elementlər də, komediya da, gülmək də, düşündürmək də olacaq. Tamaşaçı səhnədə bütün bunların kollajını görə biləcək. Pyesin özündə deyilməyən fikirləri biz şeirin, musiqinin dili ilə ifadə etməyə çalışacağıq. Əslində Mirzə Fətəli Axundzadənin pyeslərini oxuyanda və ya səhnədə tamaşa edəndə heç vaxt qəhqəhə çəkib gülmürük. Çünki onun əsərlərində maarifçilik xətti öndə olduğundan oxucunu, tamaşaçını düşündürməyə hesablanıb. Bu baxımdan Mirzə Fətəli mənə Çexovu xatırladır. Onların əsərlərindəki gülüş də göz yaşları içərisindəki gülüşdür.
Tanınmış şair Əjdər Ol libretto müəllifi, Xalq artisti Səyavuş Kərimi bəstəkar, Sevinc Həsənova isə tamaşanın quruluşçu rəssamı kimi bu planın həyata keçməsində mənə yaxından kömək edirlər. Bu istedadlı insanlarla əvvəllər də yaradıcılıq əlaqələrimiz olub. Bir-birimizi yaxşı başa düşürük.
Səhnə əsərinin yaxşı mənada avantürası ondan ibarətdir ki, tamaşada Molla İbrahimxəlil yoxdur, Kimyagər obrazı var. Bu rolu Xalq artisti, “Qızıl Dərviş” mükafatı laureatı Afaq Bəşirqızı oynayacaq. Tamaşanın da adı “Kimyagər”dir.
- Tarixdən məlumdur ki, Mirzə Fətəli Axundzadənin yaratdığı Molla İbrahimxəlil kimyagər real şəxsiyyətdir. Maarifçi dramaturq Rəşid bəy Əfəndiyev Mirzə Fətəli Axundzadə haqqında qələmə aldığı xatirələrində də bu barədə yazıb. Yazıçı-dramaturq Əbdürrəhim bəy Haqverdiyev hətta Molla İbrahimxəlil kimyagərin nəvəsi ilə Tiflisdə görüşdüyünü və onun həvəskar aktyor kimi fəaliyyət göstərdiyini qeyd edib. Molla İbrahimxəlilsiz də “Kimyagər” olar? Hələ mən bu obrazın aktrisa tərəfindən ifasını demirəm...
- Libretto müəllifi Əjdər Ol və mən belə qərara gəldik ki, Mirzə Fətəlinin demək istədiklərini Kimyagərin vasitəsi ilə çatdıraq. Bizim Kimyagəri Afaq xanımın oynamasına gəlincə... Afaq xanımın yaradacağı Kimyagər qəribə məxluqatdır... Bu Kimyagər insanların onun yalanlarına, dolandırıcılığına inandığını görüb dəhşətə gəlir və sonda qaçmağa üz tutur.
Tamaşada Əkbər Əlizadə, Novruz Qartal, Ramil Qasımov, Məhərrəm Qurbanov, Əzizağa Əzizov, Ziyadxan Cəbrayılov, Əliməmməd Əliyev, Ağaxan Şərifov kimi həm təcrübəli, həm də gənc aktyorlar rol alıblar.
Qeyd edək ki, Musiqili Komediya Teatrının kollektivi tamaşanı gələn ilin fevral-mart aylarında təhvil verməyi planlaşdırır. Mirzə Fətəlinin qəhrəmanı olan dolandırıcı kimyagər öz fırıldaqları ilə insanları inandıra bilir. Görəsən, bu “Kimyagər” necə qarşılanacaq?
Etibar Cəbrayıloğlu
Mədəniyyət.-
2011.- 7 dekabr.- S. 6.