«Sevil»in dörd gözəli
Ötən illərin
mahnıları
Bu qızlar 70-ci illər
Bakısının simasına çevrilmişdi
Vaqif
Mustafazadə. Bu ad Azərbaycan musiqisinin, caz sənətinin
ayrılmaz hissəsidir. Musiqimizin
bütöv bir dövrü onun adı ilə
bağlıdır. O, ilk baxışda bir-birinə tam əks
olan Şərq və Qərb aləmlərini,
«Bayatı-şiraz», «Şur», «Rast» muğamlarını cazla
birləşdirərək yeni bir janr - caz muğamı gətirib
musiqimizə. Amma bütün bunlarla yanaşı Vaqif
Mustafazadə gözəl rəhbər, daim yenilikçi təşkilatçı
və tələbkar pedaqoq olub.
«Leyli»dən «Sevil»ə
Ötən əsrin
60-cı illərində Bakıdan Tiflisə köçən
Vaqif Mustafazadənin yaradıcılığının bir
dövrü də məhz bu şəhərlə
bağlı olub. Tiflis Dövlət
Filarmoniyasında işə başlayan cazmen burada
özünün ilk, Tiflis musiqi tarixində isə yaddaqalan
qruplarından birini yaradır. Cazmenin
bir-birinin ardınca yaratdığı və rəhbərlik
etdiyi qruplar sevilməyə və böyük populyarlıq
qazanmağa başlayır. Bu qruplardan biri
də Azərbaycanın qadınlardan ibarət ilk caz qrupu kimi
tarixə düşən «Sevil» vokal instrumental ansamblı idi.
Düzdür, bu
kvartetdən öncə bəstəkarın
yaratdığı və qısa zamanda fəaliyyət
göstərən «Leyli» adlı ansamblı da olub. Sırf caz üslubunda mahnılar oxuyan qrup əsasən
konsert proqramları və tədbirlərdə
çıxış edib. Elə ona görə də
«Leyli»nin televiziyanın fondunda lent
yazıları azdır. 1970-ci ildə
bakılı musiqisevərlərə təqdim olunan bu qrupun
düz bir ildən sonra adı və tərkibi tam dəyişdirildi.
1971-ci ilin 31 dekabrında tamaşaçılar televiziya
ekranı ilə yayımlanan Yeni il
konsertində 4 istedadlı və gözəl qızın cəm
olunduğu «Sevil» vokal instrumental ansamblının
ifalarını izlədilər. Cəfər
Cabbarlının «Sevil» dramından götürülən bu
ad Azərbaycan qadınının simolu olaraq Vaqif Mustafazadə
və eləcə də onun musiqisinin pərəstişkarı
olan minlərlə sənətsevərə daha yaxın və
doğma oldu. Beləcə bu ansamblın
ifasındakı bir-birindən fərqli və maraqlı ifalar
tez bir zamanda sevilməyə və sürətlə
populyarlıq qazanmağa başladı.
Nəğmələr güllərə
bənzər...
Nəğmələr
dünyanı gəzər...
Elza Mustafazadə, Dilarə
Cahangirova, Rəna Talıbova və Sevil Allahverdiyevadan ibarət
qrup elə ilk çıxışlardan
tamaşaçıların yaddaşında qaldı. Debüt Azərbaycanda rəngli televiziyanın
yaranması ilə eyni günə təsadüf etdi və bu
istedadlı qızların ifası, yeni janr - muğam-caz
üslubunda qeyri-adi improvizələri böyük maraqla
qarşılandı. Qrupun
repertuarını xalq mahnıları ilə yanaşı, Azərbaycan
bəstəkarlarının bir-birindən fərqli və
maraqlı musiqiləri bəzədi. Təbii
ki, bu mahnıların demək olar ki, hamısı ustad cazmenin
fərqli aranjemanında, istedad və muğam-cazla etdiyi
improvizələri ilə daha da gözəl və
qulağayatımlı oldu. «Sevil» elə həmin il Moskvada, SSRİ Bəstəkarlar
İttifaqının geniş salonunda çıxış
etdi. Maraqlı və dolğun xatirələrlə dolu illərə
ansamblın gənc və gözəl solistlərindən olan
istedadlı pianoçu, Vaqif Mustafazadə adına
«Sevil» vokal instrumental ansamblının rəhbəri Rəna
Talıbova ilə səyahət edək:
- Vaqif Mustafazadə
böyük musiqiçi olmaqla yanaşı, həm də
çox böyük insan, sadə, təvazökar sənətkar
idi. Qaraqabaq görünüşü ilə
ciddi təsir bağışlasa da, əslində çox
mehriban, gözəl yumor hissinə malik insan idi. O həm
də çox tələbkar rəhbər idi. Hər
ifanın, hər səs tembrinin üzərində ciddi,
dönə-dönə dayanardı. Mən bu ansambla
Bülbül adına Orta İxtisas Musiqi məktəbindən
gəlmişəm. Bunun maraqlı tarixçəsi
var. O ərəfədə kvartetin qızlarından biri naməlum
səbəbdən qrupu tərk etmişdi. Bu
zaman Moskvada olan Vaqif Mustafazadə Bakıya telefon açaraq
deyir ki, təcili bir qız tapın. Oxuduğum məktəbə
gələndə məni nişan veriblər.
Vaqif müəllim səsimi, ifa tərzimi,
maneramı yoxladı. Bəyəndi.
O, ansambldakı hər kəsə qarşı tələbkar
idi. İşgüzar idi, bəzən gecə
yarıyadək fortepiano arxasında oturub nə isə yeniliklər
axtarardı. Musiqi partiyalarını dəqiqliklə
seçdiyindən ifalar da uğurlu alınırdı. Vaqif müəllim ümumilikdə dahi və təvazökar
insan idi. Amma buna baxmayaraq uşaqla uşaq,
böyüklə böyük idi. Çox
kövrək, incə ruhlu idi. Onunla işləmək,
«Sevil»də olmaq sənət həyatımın ən gözəl
məqamlarıdır. Onlar şirin xatirə
kimi ömrümün sonunadək məni tərk etməyəcək.
O ansambldakı
ifaçıları elə sərrast seçmişdi ki,
onların peşəkarlığı, gözəl musiqi
duyumu və ritmi sayəsində istədiyi improvizələri
asanlıqla tətbiq edə bilirdi. Onların ifasında xalq
mahnıları, Qara Qarayevin, Cahangir Cahangirovun, Rauf
Hacıyevin, Tofiq Quliyevin və digər görkəmli Azərbaycan
bəstəkarlarının bir-birindən maraqlı bəstələri
yer alırdı. Təbii ki, bu ifaları daha da
sevilən edən Vaqifin qeyri-adi istedadının
qatqıları idi. Tamaşaçıların indi də
sevə-sevə dinlədikləri «Yollar», «Qarabağ», «Ceyran»,
«Güllü», «Bahar bayramı», «Getmə, amandır»
mahnıları məhz o böyük yaradıcılıq
eşqinin məhsuludur.
Vətənə dönüş,
uğurlu işlər...
Tiflisdə yaşadığı
müddətdə məşhur «Orero» ansamblını yaradan
Vaqif məhz bu ansamblda «Sevil»in solisti və gələcək həyat
yoldaşı Elza xanımla tanış
olur. Böyük musiqiçinin şəxsi və
sənət həyatının gözəl anlarının məhsulu
olan «Sevil»in də uğur zənciri məhz bu məqamla
bağlı idi. Xoşbəxt ailə həyatı
və sənətdə qazanılan uğurlar sənətçini
daha böyük şövqlə işləməyə həvəsləndirirdi.
Rəna xanımla söhbətə
qayıdaq:
- Bu illər Vaqif Mustafazadənin həyatının
ən məhsuldar mərhələsi idi. Vaqifin
Tiflis sərhədlərini aşan şöhrəti Azərbaycanın
o vaxtkı mədəniyyət naziri Rauf Hacıyevin də diqqətini
çəkmişdi. Ona görə də
Vaqifin anası Zivər xanımdan onu Bakıya
çağırmasını xahiş etdi. 1969-cu ildə Vaqif Azərbaycana qayıtdı. Təbii Elza xanımla birlikdə. Ümumilikdə Elza xanım istər Vaqifin, istərsə
də «Sevil»in həyatında dərin izlər qoydu. Ansamblımızın televiziyadakı ifalarından
sonrakı böyük tamaşaçı marağı sayəsində
bizi o vaxt Azərbaycan Televiziya və Radio Komitəsində
ştata götürdülər. Hər həftə
televiziyada konsertlərimiz olurdu.
Əzizənin şaşqın
baxışları və gurultulu alqışlar
Əslində
ömrün hər anı, ötən hər saat bir xatirə
kimi illər sonra bizə təsəlli, həyan olur, həyat,
yaşam ruhumuzu ölməyə qoymur. Bu mənada
sənət və sənətkar ömürü cild-cild xatirə
toplusu, nostalji yığınıdır. Elə
Rəna xanımla Vaqifli, «Sevil»li günlərə qayıdarkən
də o xatirələrlə baş-başa qaldıq.
1975-ci ildə Tiflisdə iştirak etdikləri «Zaqafqaziya
baharı» festivalını xatırladı:
- Hər il
keçirilən bu möhtəşəm musiqi bayramında
biz də çıxış etdik. Səhnədə
qoyulan fortepiano arxasında bizi yenə də dahi Vaqif Mustafazadə
müşayiət edirdi. Proqrama daxil olan
mahnıları oxuduq və səhnə arxasına keçdik.
Bu an zalda gülüş qopduğunu
gördük və tez pərdənin küncündən səhnəyə
boylandıq. Vaqifin qızı Əzizə biz səhnəni
tərk edən kimi oraya, atasına tərəf qaçıb
və atasının ona məhəl qoymadan ifasını davam
etdirməsinə təəccüblənərək
küskün-küskün səhnənin düz ortasında
dayanıb. Bütün zal da ona baxır.
Şaşqınlıqla gah atasına, gah da səhnəyə
baxan Əzizə Vaqifin əsəbiləşdiyini
görüb yerində donmuşdu. Bütün
tamaşaçılar da bu mənzərənin nə ilə nəticələnəcəyini
gözləyirdilər. Birdən həzin,
gözəl səs səhnəni bürüdü. Əzizə akapellada «Qara gözün vəsməsi»
mahnısını oxuyurdu. Bir anda
bütün zal ayağa qalxdı və sürəkli
alqışlarla qızcığazı müşayiət elədi.
Düzdür, sonra Vaqif müəllim bundan
çox əsəbiləşdi. Amma təbii
ki, sonra üzündə sevinc dolu təbəssüm əmələ
gəldi. Mən hər dəfə o illərə
bax bu xatirələrdən boylanıram.
Sənə çatmır
harayım...
«Zaqafqaziya baharı» festivalında
uğurla çıxışdan bir il
sonra qrup Varşavada konsert verməyə dəvət olunur. Müxtəlif şəhərlərdə
çıxışlar, qastrollar bir-birini əvəz edir.
Hər kəsin sevgisini qazanan «Sevil» ansamblı
heç kimin gözləmədiyi halda 1977-ci ildə fəaliyyətini
dayandırır. Qrupun fəaliyyətini
dayandırmasında bir neçə fərziyyə irəli
sürülür. Bu fərziyyələrdən
biri qrupun məhz qadınlardan ibarət olmasının
özünəməxsus çətinlikləri ilə əlaqədar
idi. Heyətdəki gənc
ifaçıların ailə həyatı qurmaları səbəbi
ilə qrupun tərkibi mütəmadi dəyişirdi. Tez-tez xarici səfərlərə dəvət
almasına baxmayaraq ya qızların ailə problemləri, ya
da təhsil məsələləri ilə bağlı olaraq o
səfərlərə gedə bilmirdilər. Digər fərziyyə isə musiqiçinin yeni bir
ansambl yaratması ilə izah olunur. Həqiqətən
də «Sevil»dən sonra o 1977-ci ildə «Muğam» caz
üçlüyünü yaradır. Və
ardınca Tiflisdəki festivalda ən yaxşı pianoçu
adını qazanır. Muğam
üçlüyünə rəhbərlik edərək Tallin
və Tiflisdə festivalların laureatı olur.
«Sevil» yenidən bizimlədir
Bir neçə il
əvvəl Azərbaycan tamaşaçısı «Sevil»
kvartetini yenidən səhnədə gördü. Bu dəfə
qrup Vaqif Mustafazadə adına «Sevil» vokal
ansamblı adı altında təqdim olundu. Dahi
cazmenin adını və xatirəsini əbədiləşdirən
bu heyət yeni tərkibi, lakin əvvəlki
parlaqlığı ilə çıxış etməyə
başladı. Qrupun rəhbəri, pianoçu Rəna
Talıbova yeni «Sevil» ansamblı haqqında da
danışdı:
- Vaqif dünyasını dəyişdikdən
sonra bu barədə çox düşündüm, onun adını
əbədiləşdirməklə ona olan sevgimi mən də
bu cür ifadə etdim. Onu da deyim ki, əvvəlki
kvartetdən fərqli olaraq yeni ansambl 6 üzvdən ibarətdir.
Ansamblın repertuarını keçmiş
«Sevil»in repertuarı və müxtəlif bəstəkar
mahnıları təşkil edir. Əvvəlki
kvartetin yalnız ifa dəst-xətti yox, eyni zamanda,
ansamblın qızlarının səhnə geyimləri də
retro xarakteri daşıyır.
Həmidə
Nizamiqızı
Mədəniyyət.-
2011.- 9 dekabr.- S. 12.