İşıq, ziya Nəbisi, poeziya Xəzrisi
O, dərələri də dağlar kimi ucaltdı, illəri əsrlər qədər “qocaltdı”...
Dövlətlərin, təşkilatların,
insanların yaratdıqları arxivlər qüdrətdən
yaradılanların yanında nədir ki? Heç eraları, minillik-yüzillikləri,
illər-günləri demirəm, hər saniyənin içərisində
nə qədərlərlə
“mışdır”-“muşdur”-“müşdür”
informasiyaları, “sevdi”, “yazdı”, “oldu”, “öldü”
olayları “yatır”! Bu milyard-trillyardlar tünlüyü
seçkilərində yaddaşlardan səs
qazanıb, doğum tarixçəni yadda saxlatdırmağın özü
də bir qələm-qoçaq Nəbiliyi,
yarada-yarada, istedadından, könül
sərvətindən bac-xərac verə-verə diqqətlərdən
öc alıb, xalqın mədəniyyət
tarixinə düşməyin özü
də bir mənəvi millət vəkilliyidir.
Babayev Nəbi Ələkbər oğlu - Nəbi Xəzri - öz xidmətləri, təkrarsız yaradıcılığı, SSRİ və Azərbaycan Dövlət mükafatları, Xalq şairi adı ilə “10 dekabr 1924-cü il” doğum tarixçəsini xalqın yaddaş salnaməsinə köçürməklə bərabər, mənəvi-milli vəkillik imicini də doğrultmuş oldu.
O, paytaxtımızın lap yaxınlığında - Xırdalan kəndində doğuldu, ad aldı. Heç iyirmi yaşa çatmamış nə kəndinə sığışdı, nə soyadına. O vaxtadək Xəzərin gilavarıyla mehlənib, xəzrisiylə sərinlənən milyonlara qoşular-qoşulmaz, zövqalanlar qismindən seçilib, günü-gündən məşhurlaşan zövqverənə - Nəbi Xəzri isminə çevrildi. Adaşının “qovğalı dalğalar”ını poetik-poetik çılğılandırdı, qırçınlı ləpələrini pıçıl-pıçıl pıçıldaşdırdı. Buruqlarını “başını bara əyib, vara qaldıran” təvazökar varlıqlara bənzətdi. Bakı fəhlələrini “aləmi bəzəyib, ailəsinə çıraq tutan vətəntikənlər”ə, Abşeronun meynələrini təbii “meyxana”lara, əncirlərini doğal arı pətəklərinə, adamlarını folklor cəmiyyətinə, təblilərini söz, gözəllərini göz ovçularına timsal etdi. Yaşı on yeddiyə yetməmiş istehsalata, on səkkizə çatmamış müharibəyə getdi. 1943-cü ildə yaralanıb tərxis olunsa da, doğma vətənə sapsağlam bir yaradıcılıq ruhu ilə qayıtdı. Elə həmin ildən müharibənin sonunadək “Kommunist” qəzeti redaksiyasında korrektor, sonralar sədr müavini seçiləcəyi Azərbaycan radiosunda diktor işlədi.
Anadan fitri istedad, seçkin qabiliyyətlərlə doğulmuş gənc Nəbi Xəzriliyə doğru çox iri və təəccüb doğuracaq qədər diri addımlarla irəliləyirdi. Lakin bu yol ali təhsil körpüsündən keçməliydi. Belə də oldu və özü də necə! 1945-dən 1952-yə qədər onun adı iki universitet, bir institut jurnallarına yazıldı, şair ürəyi başında üç tələbə bileti daşıdı: 1945-47-də Azərbaycan Dövlət Universiteti (BDU), 1947-49-da Leninqrad (Sankt-Peterburq) Dövlət Universiteti, 1949-50-ci illərdə Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutu. Görkəmli ədibimizin - şair, nasir, dramaturq, publisist, tərcüməçi olaraq - universal yaradıcılığı, ictimai xadim xidmətləri, vəzifə görəvləri haqda danışmaq daha vacib olduğundan, universitet-institut macəraları yanından sükuti-sovuşmaq qənaətində bulunuruq.
Sənətkarın “rəsmiyyət” yaradıcılığı
Nəbi Xəzri Moskva Ədəbiyyat İnstitutunu bitirdiyi gündən 1957-ci ilədək Azərbaycan Yazıçılar İttifaqında məsləhətçi işləməyə başlayır. Müasirlərinin söyləmələrinə görə, onun məsləhətlərilə istedad “külçə”ləri yonula-yonula parlayıb ədəbiyyat evimizə işıq saçanlar da olub, pedantlıq ilmələri açıla-açıla, yamaq götürməyən bu evdən ömürlük qaçanlar da.
Növbəti bir ili “Ədəbiyyat və incəsənət” qəzetində ədəbi işçi kimi çalışır. Bu çalışmanın məhsulları qədirbilən maraqlılarçün həmin qəzetin 1957-58-ci illər saylarında sayğılanıb-sanballanmaqda. Sonra gəlir 1958-65-ci illər ki, o çağlar yazıb-yaratmaq eşqilə çağlayan bu şair Azərbaycan Yazıçılar İttifaqının katibi vəzifəsində işləyib.
1965-71-ci illər isə özəl-gözəl sənətkarımızın “rəsmiyyət yaradıcılığı”nın “zirvələrə-süftələr” dövrü başlayır və Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsi sədrinin müavini kimi efir-ekranımıza intellektual mizan-düzən, kolorital dil-üslub, səs-nəfəs gətirir. Sonra Azərbaycan mədəniyyət nazirinin müavini olaraq, o vaxtlar adına “təşəbbüs” deyilən layihələrə qol qoyur, milli düşüncə-daşıncaları ilə yorulmadan çalışır, kültürümüzün arxeoloji-genolojiliklərini daha qədim - gerilərə, şan-şöhrət gələnəklərini daha irəlilərə aparır.
1974-dən Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqə Cəmiyyətinin Rəyasət Heyətinə sədr vəzifəsinə təyin edilən Nəbi Xəzri 1992-ci ildən “Azərbaycan Dünyası” Beynəlxalq Əlaqələr Mərkəzi adı ilə fəaliyyət göstərən həmin təşkilatın prezidenti seçilir.
O, ən əsaslarını göstərdiyimiz kimi, çox vəzifələrə təyin edildi, seçildi, amma həm də seçildi! Fərqləndi, baxışların, nəzərlərin bütün rakurslarından göründü! Bax bu an qəni-qəni rəhmətliyin ruh qutluğu naminə çox xatiratlar söyləmək istəyim olsa da, səhifə həcmi, yer qıtlığı baxımından birciyini boylayım: İsmayıllı rayonundakı kəndlərdən birində “bağ belə-bostan belə” motivli dastan söyləyən kolxoz sədri “büdcəmizdəki məbləğə görə də bizim kolxoz rayon üzrə başda gedir!” deyib alqış gözləyərkən, Nəbi Xəzrinin tonallıqca asta, zəhmcə ağır və usta sözlərini eşidir: “Başda gedən o məbləğlə nöşün bu kolxozçuların cırıq ayaqqabılarını da yamatdırmırsız?!”
Altmış il yaradan könül...
Bu könülün hansı ilməsindən başlayıb, hansı notunda qurtarasan? Çəmənzarında hankı gülünü gülləyib, bağrı-badaş qafiyəstanındakı hankı ladı tutasan? Saysız mahnı mətnlərini sadalayıb, bütün bunları məndən də yaxşı bilən, məndən də çox sevən oxucumuza “başağrısı”, qəzetimizi qədərindən artıq “yerayrı” qayğısınamı düçar edim?
Yox, “hər çiçəkdən bir ləçək” daha məqbuldu, məncə. Və öncə, əlbəttə, mahnılarından birini çəkək meydana. Özü də, meydan başında ad-yad etdiyimi. Öz yazarı - qələm-qazarı ilə dağlar kimi ucaltdığı “Dərələr”i. Həm də bu şairin yaradıcılığı haqda yazılmış kifayət qədər yazılardan, tədqiqatlardan bir xeyli fərqli yozumda.
Dağlar haqqında klassik şairlərimiz, aşıqlarımız çox deyiblər, çox yazıblar - hərəsinin ayrıca bir dağ obrazı, “dağ qardaşı”, dağ sirdaşı var. Dərə-dərinliklər barədə isə bu “şəhər balası”ndan yaxşı deyən bir “kəndçi balası” tanımam! “Yaşıl-yaşıl dərələr”. Yaxşıdır, amma ağılagəlmə, deyilmə mümkünlüyündən də xali deyil. Bəs “mışıl-mışıl dərələr”?! “Sizdən qalxan dumanlar dağlara salammıdır”?! Yox, əfəndilər, məni məruz tutun, bunlar, artıq, ədəbi Kolumbluqdur. Bu, “Qumral gözlərinlə al...” kimi ecazkar ifadələrilə duyğularımızın canını alan Müşfiqlikdir, “...çəkməyə dara xoş gəldin!” “cinayətli” Ələsgərlikdir. Bu mahnının təbii havası, təbibi davası ilə qəlblərini müayinə-müalicə edənlərin sayı da çox, sanbalı da. Canlarını “Can-cana” kimi “ah”ı, “- Leyli, Leyli, - Nədi, Məcnun?” kimi zahı mahnılara sadağa edənlərçünsə, o şeiri bütöv şəkildə təqdim etməyi özümüzün “tarixi-müqəddəm” və ədəbi-mədəni borcumuz hesab edirik:
Çinarlar qatar-qatar,
Qalxıb zirvəyə çatar,
Dağa qısılıb yatar,
Mışıl-mışıl dərələr,
Yaşıl-yaşıl dərələr...
Sizlərə vurğunam mən,
Bəzəyiniz şəfəqdən,
Günəş çıxar üfüqdən
Ovuc-ovuc zər ələr,
dərələr...
Sevdiyiniz ağaclar -
Küknarmıdır, şammıdır?!
Sizdən qalxan dumanlar
Dağlara salammıdır?
Quş kimi üstünüzdən
Qanad çalım, dərələr!
Şamlıqda
bir axşamlıq
Qonaq qalım dərələr!
Və ustad müğənnimiz Şövkət xanım Ələkbərova bu mahnının “öldüm-öldüm”
dəmində şairin
növbəti bir alov-şeirilə “yandım-yandım”a
başlayır:
Əgər ki yıxılsam, çinar göstərin -
Mən ona söykənib
arana baxım.
Gözlərim
görməsə, “Göy
göl”ü verin,
Mən onun gözüylə
cahana baxım.
Hər yerdə, həmişə
sənsən gümanım
-
Canım-gözüm
mənim - Azərbaycanım!
Sən günəş, mən isə bir zərrə
kimi -
Diriykən oğlunam, ölsəm
- torpağın.
Sən ki döyündürdün
mənim qəlbimi -
Sən uca çinarsan,
mənsə yarpağın.
Mənəm sənin özün, ey eşqim-canım,
Sənsən özüm mənim - Azərbaycanım!
Sizlərdən
yollar keçər,
Siz - yaxşı ki varsınız,
Dərələr!
Zirvələrə
açılan
Geniş qapılarsınız -
Dərələr!..
Məni emosionallıqda qınayasılara
təşəkkür, həmkarlıq
ediləsilərə isə
belə bir xitab etmək istəyirəm: arana baxmaq üçün buradakı poetik çinardan daha təbii və etibarlı dayaq, cahanı seyr etmək üçün buradakı ekzotik göldən daha ala və aydın göz, daha optik eynək, daha parlaq bəbək
varmı?
Könlünüzü
poeziya üstdə kökləmişkən, daha
bir şeir:
Şeir nədir mənimçün...
Dağlar tək ucadır, ümman tək dərin,
O mənə qanaddır, mənə inamdır.
Sehrli səsidir o, göyün, yerin,
Bir adı ölməzlik, biri ilhamdır!
Ondadır nidası qərinələrin,
Cahana “əlvida”, xalqa
“salam”dır.
Doğma qardaşıdır əzmin,
hünərin,
Şeir basılmayan məğrur
qalamdır.
Şöləsi
olsa da neçə
min sirrin,
Şeirsiz günlərim zülmət
axşamdır.
Alnımda şırımı mirvari
tərin
Ömrüm də şeirlə
əriyən şamdır.
Hicranı acıdır, əzabı şirin,
Şeir mənim balam, mənim bəlamdır.
Balamdır, qalamdır, bir də inamdır!..
Bu şeirdən, bu mənalardan, bu vətəndaşlıq, çağdaşlıq, daş-qaşa bənzər dağ-daşlıqdan sonra “sözüm çox, məkan yox” kimi havayı-davayı giley-güzara, lap elə bu şairin başqa şeirlərindən nümunələr gətirməyə yer qalırmı? Tək elə oxuculara yox, sizə də xitab edirəm - “İllər və sahillər”, “Ulduz karvanı”, “Nəsillər-əsrlər”, “Ağ şimşəklər”, “Ömür çinarından yarpaqlar”, “Əsrin qanlı laləsi” və sair və ilaxır kitablar! Sizinləyəm, “10 dəqiqə poeziya”, “Çiçəklənən Abşeron”, “Zirvə buludu”, “Şeir mənim üçün bir kainatdır”, “Nəbi Xəzri”, “Şeirin xəzrisi” kimi kino-telefilmlərdən ibarət filmoqrafiya xonçası!
“Torpaq, sənə and içirəm!” deyib getdiyin o əbədi ana qucağındakı məzarın nurla dolsun, şair!..
Tahir Abbaslı
Mədəniyyət.- 2011.- 9 dekabr.-
S. 11.