Nurundan hamıya pay düşən böyük ziyalı

 

   Prezident İlham Əliyev noyabrın 23-də tanınmış ictimai-siyasi xadim və publisist, Əməkdar jurnalist Nəsrulla Əsəd oğlu İmanquliyevin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Bu sərəncam N.İmanquliyevlə bağlı unudulmaz xatirələri olan hər kəsin ürəyindən xəbər verdi.

  

   İstər rəhbərlik etdiyi “Bakı”-“Baku” qəzetləri redaksiyasında, istərsə də Bakı Dövlət Universitetində böyük bir jurnalist ordusu yetişdirmiş görkəmli mətbuat xadimi, pedaqoqun adı onu tanıyanların yaddaşına əbədi həkk olunub. Hamının “Nəsir müəllim” deyə müraciət etdiyi bu insan adi ömür yaşamayıb. İstedadı, bacarığı, aktiv fəaliyyəti sayəsində milli jurnalistikamıza qiymətli töhfələr verib. Cəmiyyətin müxtəlif sahələrini əks etdirən əhatəli, ciddi yazıları ilə mətbuat tariximizdə layiqli yer tutub. Onun jurnalistika sahəsində sırf pedaqoji fəaliyyəti böyük bir jurnalistlər nəslinin formalaşmasında müstəsna rol oynayıb.

   1911-ci ildə sadə bir ailədə dünyaya gələn N.İmanquliyev 11 yaşında atasını itirir. Buna görə də erkən vaxtlarından ailənin güzəranını yüngülləşdirmək üçün qazanc dalınca getməli olur. Amma bu çətinliklər onun təhsilə marağını azaltmır. 1925-ci ildə peşə məktəbində təhsilini başa vurduqdan sonra Neft Texnikumunda, sonra Moskvada “Mərkəzi qəzet kursları”nda, Ali Partiya Məktəbində oxuyur.

   Peşə məktəbindən sonra N.İmanquliyev mətbuatla əməkdaşlıq edir. Professional jurnalistika ilə məşğul olmağa başladıqda isə “Gənc işçi”, “Kommunist”, “Yeni yol” qəzetlərində ədəbi işçi, şöbə müdiri, məsul katib, redaktor müavini vəzifələrində işləyir. Böyük Vətən müharibəsi illərində hərbi xidməti “Döyüşən Krım” adlı cəbhə qəzetində keçir.

   Nəsir müəllim ömrünün 30 ilini “Bakı”-“Baku” axşam qəzetlərinə həsr edir. Bu qəzetlərin yaradıcısı və baş redaktoru olub. Məhsuldar jurnalistlik fəaliyyəti ilə yanaşı, universitetdə aktiv pedaqoji fəaliyyət göstərir, yeni jurnalist kadrların yetişməsi üçün bacarığını əsirgəmirdi. Peşəsinin vurğunu olan Nəsir müəllim jurnalistikanın incəliklərini gənclərə həvəslə öyrədir, tövsiyələrini verirdi. O deyirdi: “Jurnalistika elə nadir sahələrdən biridir ki, orada peşəkar mükəmməlliyin son həddi yoxdur. Jurnalist ustalığının zirvəsi yoxdur və ola da bilməz. Əgər biri özü barəsində “mən əla yazıram” deyirsə, yaxud bu cür fikirləşirsə, belə jurnalistin, xüsusən qəzet işçisinin yaradıcılığında heç bir irəliləyiş gözləməyə dəyməz. Qəzet yaxşı yazıları ilə hörmət qazanır. Onu oxunaqlı edən həm də müəlliflərin nüfuzu, qələmlərinin kəsərliliyidir”.

  

   * * *

   Nəsir müəllimi tanıyanlar onunla bağlı işıqlı xatirələrini bizimlə bölüşdülər:

   Şirməmməd Hüseynov, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru:

   - Nəsir İmanquliyev mənim üçün həm yüksək əxlaqi-mənəvi keyfiyyətli, hərtərəfli savadlı, təcrübəli jurnalist-müəllim, sonralar həm də səmimi və xeyirxah həmkar, qayğıkeş dost, böyük qardaş olub. 1954-cü ildən etibarən onunla bir kafedrada (44 il) çiyin-çiyinə çalışmışam. Onun əsas iş yerləri zaman-zaman dəyişirdi (“Kommunist” qəzeti redaktorunun birinci müavini, Dövlət Radio və Televiziya Komitəsində sədr müavini, Azərbaycan KP MK-nın təbliğat-təşviqat şöbəsində müavin, 1958-dən təxminən 30 il “Bakı”-“Baku” axşam qəzetlərinin baş redaktoru), lakin müəllimlik fəaliyyətini bir an belə dayandırmırdı. Onunla elmi əməkdaşlığımız da vardı. 1966-cı ildə kafedramızın hazırladığı “Jurnalistika məsələləri” dərs vəsaiti nəşr olundu. Nəşrin müəlliflərindən biri Nəsir müəllim idi. Tələbələr indi də bu dərs vəsaitindən istifadə edirlər. Dərslik “Qızıl qələm” mükafatına layiq görülmüşdü. 1972-ci ildə dərsliyin növbəti nəşri çıxdı. Bu elmi əməkdaşlığımız sonralar da davam edirdi.

   N.İmanquliyev Azərbaycan jurnalistika kadrlarının bir neçə nəslinin xeyirxah, səmimi, qayğıkeş müəllimi olub. Əgər bu gün universitetin jurnalistika fakültəsində işgüzar atmosfer, tələbkarlıq, düzgünlük, xeyirxahlıq, səmimiyyət varsa, bu keyfiyyətləri yaradan və miras qoyanlardan biri də məhz Nəsir müəllim olub.

   Vasim Məmmədəliyev, Əməkdar elm xadimi, akademik:

   - Nəsir müəllimi hələ uşaqlıqdan qiyabi olaraq - atamın söhbətlərindən tanıyırdım. O, öz sinif yoldaşlarından danışarkən akademik Şəfayət Mehdiyev və Nəsir İmanquliyev barədə deyərdi: “onlar kişi adamdırlar, dostluqda çox möhkəmdirlər” (qəbirləri nurla dolsun). Məni onunla atam tanış etmişdi. Yüksək vəzifəsinə, cəmiyyətdəki mövqeyinə, nüfuzuna baxmayaraq, adamla görüşəndə özünü elə sadə, mehriban aparırdı ki, qarşısındakı heç sıxılıb çəkinmirdi. Təbii ki, bütün bunlar Nəsir müəllimin yüksək nəcabətindən, gözəl əxlaq, dərin intellekt sahibi olmasından irəli gəlirdi. Adi davranışında çox sadə, mədəni olan Nəsir müəllim bir insan kimi çox məğrur, əyilməz, vüqarlı kişi idi.

   BDU-nun jurnalistika fakültəsinin yaranması, inkişafında onun əvəzsiz xidməti olub. Fakültə yarandığı gündən orada dərs demiş, Şirməmməd Hüseynov, Qulu Xəlilov, Famil Mehdi, Xəlil Rza Ulutürk, Nəriman Zeynalov, Tofiq Rüstəmov, Nəsir Əhmədov, Cahangir Məmmədov, Yalçın Əlizadə, Akif Rüstəmov, Qulu Məhərrəmli və başqa görkəmli jurnalistlərimizin, söz ustalarımızın yetişməsində böyük rol oynamış, yüzlərlə qələm əhlinə həyat vəsiqəsi vermişdir.

   Arif Babayev, Xalq artisti:

   - Peşəkar jurnalist, xeyirxah, ləyaqətli insan kimi adı dillərdə dolaşan Nəsir müəllimlə çox görüşlərimiz olub. Son dərəcə zövqlü, musiqiyə, sənətə bağlı adam idi. Həmişə opera tamaşalarına gələrdi. Hər dəfə də rəyini, təklifini, “sağ ol”unu bildirmədən getməzdi. Böyük şəxsiyyət, kübar insan, çox səmimi adam idi, köksü, ürəyi dolu idi, Rübabə xanımın, Zeynəb xanımın Leylilərindən elə danışırdı ki, sanki sənətşünas, teatrşünasdır. Düzlüyü, dəqiqliyi sevərdi, qəzetin işi öyrətmək, yol göstərmək, yaxşı işi təbliğ etməkdir. Qəzet ata oğlunu tənqid edən kimi etməlidir, deyərdi. Onun söhbətlərindən doymaq olmurdu. Allah ruhunu şad eləsin.

   Oqtay Mirqasımov, Xalq artisti:

   - XX əsrdə kino, teatr, musiqi tariximizdə baş verən intibah, milli mətbuatımızda da silinməz izlərini qoydu. Bakının 50-ci illərdən sonrakı quruculuq tarixini, intibah mərhələsini iki dildə şəhər sakinlərinin görüşünə gələn “Bakı”-“Baku” qəzetləri və bu nəşrlərin yaradıcısı, peşəkar jurnalist, ictimai xadim, pedaqoq, zadəganlıq nümunəsi olan Nəsir İmanquliyev yazdı. O, müxtəlif peşə sahibləri olan adi insanların təəssübkeşi, arxası, haqq səsinin carçısı idi. Bu ləyaqətli insanı Bakıda tanımayan yox idi. Onu yaxından görməyənlər də yaxşı tanıyırdılar. Çünki “Bakı” və “Baku” qəzetləri Nəsir müəllimin şəhərimizə olan məhəbbətinin ifadəsi idi.

   Əlli ilə yaxın bir müddətdə fəaliyyət göstərən, paytaxtımızın yeganə mətbu orqanları olan “Bakı”-“Baku” qəzetləri Azərbaycan jurnalistikasının inkişafında böyük xidmətlər göstərmiş Nəsir İmanquliyevin təşəbbüsü ilə yaradılmışdır. Bu qəzetlər ilk günlərdən xalqla təmasda olub, onunla bir yaşayıb, bir nəfəs alıb. Şəhərimizin mədəniyyətini, elmini, incəsənətini, sosial-iqtisadi inkişafını, problemlərini hərtərəfli işıqlandırmağa çalışıb və buna yüksək səviyyədə nail olub. Hələ Nəsir müəllimin rəhbərliyi dövründə ətrafına böyük oxucu kütləsi toplamış “Bakı”-“Baku” onun bir redaktor kimi obyektivliyi, ötkəmliyi, bilik və bacarığı sayəsində təşəkkül tapmış, nüfuz qazanmış, məşhurlaşmışdır. Nəsir müəllim kollektivin hər bir üzvünə, bütün müəlliflərə eyni münasibət bəsləyər, ayrı-seçkiliyə yol verməzdi. Tələbkarlığı da hamıya qarşı eyni idi. Öz səlahiyyətindən, nüfuzundan istifadə edərək işçilərə mənzil verilməsinə, onlara lazımi şərait yaradılmasına nail olardı. Onun qapısı hamının üzünə açıq idi. Adi şikayətçini də, yüksək vəzifəli, titulları olan müəllifləri də eyni səviyyədə çox mədəni qarşılayıb axıradək dinləyərdi. Bir mədəniyyət tədbiri, yeni tamaşanın premyerası olmazdı ki, Nəsir müəllim orada iştirak etməsin. Ən əsası da o idi ki, həmin tədbirlər haqqında ilk yazılar, resenziyalar məhz “Bakı”-“Baku” qəzetlərində işıq üzü görürdü. Bu isə jurnalist, qəzet redaktoru üçün ən vacib xüsusiyyətlərdən biridir. Nəsir müəllim çevikliyi, hadisələri hamıdan tez, dolğun, hərtərəfli şərh etməyi sevirdi. Elə buna görə də “Bakı” qəzetində dərc edilən materiallar əsasında neçə-neçə tədqiqat əsərləri yazılmış, dissertasiyalar müdafiə edilmişdir.

   Ağa Hüseynov, “Bakı”-“Baku” qəzetlərinin redaktoru:

   - Nəsir müəllimin ilk redaktoru olduğu “Bakı”-“Baku” qəzetləri demək olar ki, ölkə paytaxtının salnaməsinə çevrilmişdi. Bu qəzetlər oxucuları böyük sənaye müəssisələri, idman qurğuları, sosial istiqamətli obyektlər, mədəniyyət ocaqları, yaşayış massivləri, şəhərin yaşıllaşdırılması və s. barədə məlumatlandırırdı. Şəhər qəzetləri qısa müddət ərzində böyük oxucu auditoriyasının rəğbətini qazanaraq Azərbaycan mətbuatında özünə layiq yer tutdu. Qəzetlərin belə məşhurlaşmasına onun rəhbəri - onun ilk baş redaktoru Nəsir müəllimin müstəsna rolu vardı. O, Azərbaycan mətbuatında uzun illər məhsuldar şəkildə işləmişdir.

   Ənvər Məşədiyev, “Bakı”-“Baku” qəzetlərinin redaktor müavini:

   - Görkəmli Azərbaycan jurnalisti, paytaxtımızın adını daşıyan qəzetlərin yaradıcısı, ilk redaktoru professor Nəsir İmanquliyevi haqlı olaraq mətbuatımızın klassiki hesab edirlər. Sözün əsl mənasında o, böyük jurnalist, gözəl alim, təcrübəli pedaqoq, bacarıqlı təşkilatçı, ötkəm rəhbər işçi idi. O, həmişə obyektiv mövqeyin, kəsərli sözün keşiyində dururdu. Zəngin qəzetçilik, idarəçilik və elmi təcrübəyə malik, bir çox dərs vəsaitlərinin, dərsliklərin müəllifi olan N.İmanquliyevin həyat və yaradıcılığı, keçdiyi şərəfli ömür yolu barədə xeyli məqalələr, oçerklər yazılıb. Mən də onun barəsində “Yaddaşımın işığında” kitabımda geniş söhbət açmışam. Nəsir müəllimin həyatı o qədər zəngindir ki, onun barəsində neçə-neçə sanballı kitablar yazmaq olar.

   Ötən əsrin 70-80-ci illərində “Bakı”-“Baku” axşam qəzetləri jurnalist kadrların təcrübə topladıqları əsl məktəbə çevrilmişdi. Vaxtilə bu məktəbi Azərbaycan mədəniyyət və incəsənətini yaradan böyük bir nəsil - xalq şairləri B.Vahabzadə, N.Xəzri, C.Novruz, G.Hüseynoğlu və başqaları keçmişdi. Axşam qəzetləri dəfələrlə keçmiş partiya, sovet orqanları, ictimai və yaradıcı orqanlar tərəfindən mükafatlarla təltif olunmuşdu. Bütün bunların arxasında Nəsir müəllimin böyük zəhməti, gərgin əməyi dururdu.

   İndi Nəsir müəllimin yaşadığı Nizami, 66 ünvandakı binaya onun barelyefi vurulub. Onu tanıyan hər kəs buradan keçərkən bir daha onun ruhuna rəhmət oxuyub xoş xatirələrlə bir daha yada salırlar.

  

   İradə Əsədova

 

   Mədəniyyət.- 2011.- 9 dekabr.- S. 6.