Zakir Hüseynovun xatirəsinə
həsr olunmuş sərgi
Dekabrın 7-də Xətai
Miniatür Sənəti Qalereyasında mərhum rəssam Zakir
Hüseynovun xatirəsinə həsr olunmuş sərgi
açıldı. Tədbirdə rəssamın həyat və
yaradıcılığından bəhs edən “Tənha
döyüşçü” kitabının təqdimat mərasimi
keçirildi.
Mərasimi giriş sözü ilə
açan qalereyanın bədii rəhbəri, Xalq rəssamı
Arif Hüseynov rəssamın yaradıcılığından
danışdı. Bildirdi ki, “Azərbaycan müasir təsviri
sənət ustaları” seriyasından kitabların nəşri
milli bədii ənənələrimizi dirçəltmək
və onu yeni forma-məzmunla zənginləşdirmək
arzusunda olanlara dəstək verməsi məqsədi
daşıyır.
Bu seriyadan ilk kitab rəssam Zakir
Hüseynova həsr olunub. Kitabın müəllifi, Əməkdar
incəsənət xadimi Ziyadxan Əliyev bir il əvvəl
dünyasını dəyişən istedadlı rəngkarın
həyat və yaradıcılığından söz
açdı. Qeyd etdi ki, fırça ustası
özünü rəssamlıq məkanımızın “tənha
döyüşçüsü” adlandırırdı. Onun
yaradıcılığında başqalarına bənzəməyən
insani və yaradıcı dəyərlərin
mövcudluğu bunu söyləməyə əsas verir.
Rəssamlar İttifaqının
katibi, Xalq rəssamı Ağəli İbrahimov qeyd etdi ki,
Zakir Hüseynov öz yaradıcılığı ilə Azərbaycan
incəsənətini təbliğ edib, onun əsərləri
dünyanın müxtəlif ölkələrində şəxsi
kolleksiyalarda saxlanılır. Rəssamın
yaradıcılığında xüsusilə Abşeron təbiəti
böyük məharətlə tərənnüm olunub.
Tədbirdə
çıxış edən Mədəniyyət və Turizm
Nazirliyinin Nəşriyyat, reklamın təşkili və
informasiya şöbəsinin Nəşriyyat sektorunun müdiri
Çingiz Əlioğlu Azərbaycanın incəsənət
xadimlərinin dünya mədəniyyətinə zəngin
töhfələr verdiyini vurğuladı, tədbirin əhəmiyyətini
qeyd etdi. Qeyd olundu ki, belə tədbirlər rəssamlarımızın
yaradıcılığını geniş ictimaiyyətə
tanıdılmasına xidmət edir: “Zakir Hüseynov
vaxtsız vəfat etsə də, bu gün öz əsərləri
ilə yaşayır, rənglərin dili ilə bizimlə
danışır”.
Mədəniyyət və Turizm
Nazirliyinin İncəsənət şöbəsinin Təsviri
və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov hələ
sağlığında ikən rəssamın
yaradıcılığına böyük diqqət göstərildiyini
bildirdi. Bildirdi ki, ixtisas təhsilini Ə.Əzimzadə
adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində
alan rəssam 1987-ci ildən ömrünün sonuna qədər
müxtəlif miqyaslı sərgilərin
iştirakçısı olub.
Bakı Şəhər Mədəniyyət
və Turizm İdarəsinin müdiri Əlikram Əliyev, Əməkdar
rəssam Qəyyur Yunus və başqaları rəssamın
yaradıcılığından, onun insani keyfiyyətlərindən
söz açdılar.
Rəssamın qardaşı Taleh
Hüseynov sərginin təşkilatçılarına,
kitabın hazırlanmasında əməyi keçən
insanlara ailələri adından minnətdarlığını
ifadə etdi.
Sonra sərgiyə baxış
keçirildi. Qeyd edək ki, bir ay davam edəcək sərgidə
rəssamın 50-dək rəngkarlıq işi nümayiş
olunur.
Tədbirdə “Azərbaycan
müasir təsviri sənət ustaları” seriyasından
çap edilmiş “Tənha döyüşçü”
kitabı da sənətsevərlərə təqdim olundu.
Kitab rəssamın həyat və
yaradıcılığına, əsərlərinin təhlilinə
həsr edilib.
Zakir Hüseynov 1961-ci ildə
Bakının Əmircan kəndində dünyaya gəlib.
2010-cu il oktyabrın 31-də dünyasını dəyişib.
Ceyhun
Mədəniyyət.-
2011.- 9 dekabr.- S. 5.