Bir göyçəlinin arzusu
Bakıda Aşıq Ələsgər muzeyi necə yarandı?
Göyçəli Hüseyn Həsənov günlərin bir günündə Aşıq Ələsgər
muzeyini yaratmaq qərarına
gəlir. Ürəyinin istəyi ilə
başladığı işə ömrünün
nə az, nə çox
- düz 10 ilini sərf
edir. Nəticədə çox
nadir və maraqlı muzey
yaratmağa nail olur.
Aşıq Ələsgərin 190 illik yubileyini qeyd etdiyimiz bir vaxtda Bakının Nərimanov rayonunda Atatürk prospekti, bina 37, mənzil 75 ünvanında yerləşən Aşıq Ələsgər adına Azərbaycan Aşıqlar Muzeyində olub gördüklərimizi, eşitdiklərimizi, bildiklərimizi sizinlə bölüşmək qərarına gəldik.
Bizi əvvəlcə muzeydə hər kəsin “Hüseyn əmi” - deyə müraciət etdiyi 84 yaşlı Hüseyn Həsənov qarşıladı, sonra da zaman-zaman xalqın yaddaşına, ruhuna hopan haqq aşıqlarının, el aşıqlarının səliqə ilə divarlardan asılmış fotoşəkilləri... Beş otaqdan ibarət olan bu şəxsi muzeyin dörd otağını Dirili Qurbanidən üzü bu yana ustad sənətkarların xəyali çəkilmiş rəsmləri, yaxın keçmişimizdə yaşamış aşıqların fotoşəkilləri bəzəyir. Bir otaqda isə səs yaddaşımız olan vallar, valları işlətmək üçün qədim qrammofonlar, patefonlar yer alır.
Başdan-başa aşıq dünyası olan bu muzey əslində sadə bir göyçəlinin reallaşan arzusudur. Muzeyin yaradıcısı ilə bir az yaxından tanış olun.
Hüseyn Hacı Qulu oğlu Həsənov 1927-ci ildə Göyçə mahalın Ardanış kəndində anadan olub. Özü demişkən, o ağır illərdə cəmi-cümlətanı beş sinif oxuyub. Yeni qurulan şura hökuməti onların ailəsinə də xoşbəxtlik gətirməyib. Eldə-obada qoçaqlığı ilə ad qazanan Hacı Qulu kəndin ağsaqqalı olduğundan 1931-ci ildə həbs olunub. Bir neçə ildən sonra həbsdən azad olsa da, çox yaşamır. Ailəsinə vəsiyyət edir ki, köçüb Gədəbəyin Arıqıran kəndinə getsinlər. Hacı Qulunun ölümündən 6 il sonra ailə həmişəlik Gədəbəyə köçür. Ancaq illər Göyçə dərdini bu ailəyə unutdura bilmir. Ömrünü sürücülük sənətinə bağlayan Hüseyn kişi 10 övlad, 30-dan çox nəvə-nəticə sahibi olsa da, heç nə Göyçə ilə bağlı uşaqlıq xatirələrini qəlbindən silə bilmir.
“Aşıq Ələsgər Göyçənin günəşidir”
Deyir ki, uşaq olanda atamdan-anamdan eşitmişdim ki, babam Məşədi Həsən Aşıq Ələsgərin yaxın dostu olub. Dəfələrlə Aşıq Ələsgər babamın, atamın evində qonaq olub. Aralarındakı bu hörmət-izzət uzun illər davam edib. Ancaq vaxt gəlib ki, erməni fitnəsi öz işini görür, göyçəliləri Göyçədən ayır salır, Aşıq Ələsgər mahalı boş qalır. Dədə Ələsgərin ruhu od tutub yanır:
Yayda yaylağımdır, qışda oylağım,
Yayda seyrangahım bu dağlar mənim!
Köçürüb
elləri, payız ayları,
Gözüm görüb könlüm budağlar mənim!
Dünyanın
azını, çoxunu
görən Hüseyn
kişi ömrünün ahıl çağında, özü
demişkən, Göyçənin
günəşi Aşıq
Ələsgərin ev
muzeyini yaratmaq qərarına gəlir.
- Ələsgər
bir şeirində deyir ki, fil
götürə bilməyən
dərdi mən necə çəkim?
Ələsgər sənəti
ilə Göyçəni
bütün dünyaya
tanıtdı, mən
balaca adam
olsam da, o torpağın oğluyam, göyçəliyəm. Aşıq
Ələsgərin muzeyini
ona görə yaratdım ki, Aşıq Ələsgərin
eli, mahalı
Göyçədə qalıb.
Aşıq Ələsgərin heç olmasa burda evi, ocağı
olmalıdır ki, aşıq sənətini
sevənlər o ocağa
üz tutsunlar. Dedim, hansı çətinliklər bahasına
olursa-olsun, bu yükü çiyinlərimdə
daşıyacağam. Mən
qoçaq adam
olmuşam, 2001-ci ildən
Azərbaycanı qarış-qarış,
şəhər-şəhər, kənd-kənd, el-el, ev-ev
gəzmişəm, soraqlamışam,
deyiblər filan kənddə, filankəsdə
bir şəkil var, onun sorağı
ilə gedib, o şəkli axtarıb tapmışam.
Belə-belə
Hüseyn əmi ustad aşıqların fotoşəkillərini, xəyali
çəkilmiş rəsmlərini,
küncdə-bucaqda it-bata
düşən aşıqların
lent yazılarını, aşıqlarla
bağlı kitabları
axtarıb-arayır. Azərbaycan
aşıq sənətində
tarixə düşmüş
2 minə yaxın aşığın fotoşəkilini,
650 ədəd aşıq
qrammofon vallarını,
3 qrammofon, 4 patefon, aşıqların, şairlərin
320-dək kitabını əldə
edir.
Bu işdə
ona xeyirxah insanlar da əl
tutur. Tərtər rayonunun Ağkənd
kəndində yaşayan
Valeh Məmmədov və həyat yoldaşı Tahirə xanım unudulmuş aşıqların adlarını,
fotoşəkillərini kənd-kənd,
el-el toplayaraq muzeyə
bağışlayır.
Hüseyn əmi muzeyin yaradılmasında ona dəstək olan insanlar arasında uzun illər çalışdığı 2 saylı Bakı çörək kombinatının
direktoru, rəhmətlik
Nadir Quliyev və onun oğlu - “Nadir Quliyev adına Bakı-Taxıl” ASC-nin sədri Bəsirət Quliyevin, onun köməkçisi Kamil Məmmədovun adını
hörmət və minnətdarlıqla çəkir.
“Vaxtı ilə
atası, bu gün isə oğlu öz qayğısını bu muzeydən əsirgəmir”
- deyir.
Bəs, görəsən bu muzeyə kimlər gəlib, kimlər bu muzeyin qonağı olub?
Hüseyn əmi deyir ki, akademiklər Budaq Budaqov, Teymur Bünyadov, Hüseyn Əhmədov, Bakı Dövlət Universitetinin professorları Abuzər Xələfov, Qara Namazov, millət vəkili Əli Hüseynov bu muzeyin ilk qonaqlarından olublar. Azərbaycan Aşıqlar Birliyinin sədri, Xalq şairi Zəlimxan Yaqub dörd dəfə muzeydə olub, ürək sözlərini muzeyin "Xatirə kitabı”na yazıb. Folklorşünas alim Elxan Məmmədli, Aşıq Ədalət Nəsibov, Aşıq Əli Quliyev də bu muzeyi ziyarət ediblər.
Bu günlərdə muzeyin həyatında əlamətdar hadisə də baş verib. Hindistanın Azərbaycandakı səfiri Debnat Şon Aşıq Ələsgər muzeyində olub, muzeyə kitab bağışlayıb və “Xatirə kitabı”na bu sözləri yazıb: “Cənab Hüseyn Həsənov çox böyük bir iş görərək belə bir muzey yaratmışdır. Bu muzey onun musiqiyə və mədəniyyətə olan məhəbbətinin nəticəsidir. Ümid edirəm ki, bu muzeyin daha da genişləndirilməsində Azərbaycan xalqı muzey yaradıcısına kömək edəcəkdir”.
Dekabrın 14-ü Hüseyn Həsənovun 84 yaşı tamam olur. Sadə bir ömür yaşasa da, Hüseyn əmi həyatda çox arzularına çatıb. Aşıq Ələsgər muzeyi də onun arzularından biridir. Deyir ki, mən bu muzeyi özüm üçün yox, xalq üçün yaratmışam. Çox istəyirəm ki, muzeyə rəsmi status verilsin. Aşıq Ələsgər saz-söz sənətinin zirvəsidir, bu muzey də aşıqların daimi ocağı olsun.
Yaxşı arzular gec-tez reallaşır. Hüseyn əmiyə bu
arzusunun da həyata keçməsini
arzulayır və aşıq sənətini
sevənləri bu muzeyə dəvət edirik.
Təranə Vahid
Mədəniyyət.-
2011.- 14 dekabr.- S. 13.