Çölçünün ekran çağırışı:

 

Ey insanlıq, özünə qayıt!”

 

   Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə «Azərbaycanfilm» kinostudiyasında istehsal olunan «Çölçü» bədii filmi mövzu və ideya baxımından çox iddialı ekran əsəridir. İnsan amilinin əsas götürüldüyü bu fəlsəfi dramın ssenari müəllifi Əməkdar artist Vidadi Həsənov, quruluşçu rejissoru Şamil Əliyev, quruluşçu operatoru Rafiq Quliyev, quruluşçu rəssamları Rafiq Nəsirov, İbrahimxəlil Əminov, geyim üzrə rəssamı Aygün Əliyeva, bəstəkarı isə Rauf Əliyevdir.

  

   Filmdə əsas hadisələr bir çobanın ətrafında cərəyan edir. Cavan çölçü və qısasaçlı qızın arasındakı məhəbbət ekran əsərinin əsas xəttini təşkil edir. Rejissor Şamil Əliyev köhnə dünya, arxaik təfəkkürlə, yeni, sürətlə inkişaf edən və qloballaşan dünyanın mübarizəsinin göstərildiyi ekran işi ilə bağlı maraqlı nüansları qeyd etdi. Rejissor bildirir ki, filmdə ulu çölçünün simasında köhnə dünya, arxaik təfəkkür, cavan çölçü və gənc qızın obrazında isə modern dünyaona olan münasibət əks olunub. Filmin qayəsi isə insanlararası münasibətlərdəki aşınmaları və onun acı nəticələrini göstərməkdir: «Filmin əsas ideyasını təşkil edən çöl bu iki dünya arasında saflığını, paklığını qoruyan yeganə məkan kimi göstərilib. Modern dünya müəyyən mənada ifratlaşıb. Ulu çölçünün simasında o ifrata varmış mədəniyyətlər, qloballaşmaya uduzan bəşəriyyət, korlanan münasibətlər və onlardan qaçaraq təkliyə, tənhalığa məhkum, çölü özünə yeganə həmdəm, sığınacaq bilən insanın taleyini göstərmişik. O adam unudulmuş çöldə faktiki olaraq sufi həyatı yaşayır və düşünür ki, bu üsyanı ilə modern dünyanı arxaikliyə, saflığa çağıra bilər. Amma təbii ki, o, istəyinə çatmır. Özü ilə çölə gətirdiyi, tənhalığa məhkum etdiyi oğlu - cavan çölçüdə - bütün həyatını çöldə, atasının tabuları arasında keçirməsinə baxmayaraq, yeni, modern dünyaya meyl yaranır. Sonrakı hadisələr cavan çölçüifrata varmış dünyadan qaçaraq çölə sığınan qısasaçlı qız arasındakı məhəbbət ətrafında cərəyan edir. Mədəniyyəti, əxlaqı aşınmış, deformasiya olmuş, qloballaşmanın təsirinə məruz qalmış müasir dünya ilə paklığını, bakirəliyini, saflığını saxlayan çöl arasındakı mübarizənin göstərildiyi filmi cəmiyyətlə çölün dialoquna cəhd kimi də qiymətləndirmək olar. Amma ümumilikdə mən burada daha çox cəmiyyət və çölün mübarizəsini görürəm».

   Filmdə ulu çölçünü çölə aparan səbəb kimi cəmiyyət göstərilir. Onu burada yaşamağa vadar edən isə qadındır: «Ümumilikdə biz burada insanı narahat edən və onu tərki-dünyalığa aparan ifrata varmış, eybəcərləşmiş münasibətlər və onun nəticəsini göstərməyə çalışmışıq. Burada keçmişə qapılmaq, arxaikləşməklə yaşamağın mümkünlüyüvar. Ulu çölçü hesab edirdi ki, gəlib çölün düzündə özünə bir daxma tikərək cəmiyyətə üsyan edə bilər. Dəvə sürüsünün olmasına baxmayaraq o imarət tikmir, bir daxma qurur, oğlunu orada böyüdür və elə orada da ölür. Övladın qarşısında dəmir yolundan, şossedən keçməmək, kütləyə, cəmiyyətə qoşulmamaq barədə tabular qoyur, həmin dünyanın təhlükəli olduğunu isbatlamağa çalışır. Amma gənc çölçüonun istədiyi çölçü ola bilmir, o dünya onların kiçik, saf dünyasına təsir edironu dəyişir. Təbii ki, burada da qadın, məhəbbət, hisslər öz sözünü deyir. Sürətlə inkişaf edən və qloballaşan dünyadan gələn qadın öz dünyasından qoparaq onlara pənah gətirir və bütünlükdə iki dünya arasında çarpışma başlayır. Maraqlıdır ki, o qlobal, inkişaf etmiş gözəl dünyadan qaçan qız o çölün düzündə barına, qala bilir. Deməli, o, saflığını hələ də qoruyub və elə onu saxlamaq üçün də çölə pənah gətirib».

   Filmin tamaşaçıda yarada biləcəyi assosiativ təsəvvürə gəlincə, rejissor «Çölçü»nün heç də hər tamaşaçının qəbul edə biləcəyi ekran işi olmadığını deyir: «Film burada əks olunan mövzunun aktuallığını qəbul edən, bu barədə düşünən, narahat olan tamaşaçı üçündür. Burada tamaşaçını düşündürəcək, istər-istəməz narahat edəcək müəyyən nüanslar olacaq. Burada insanlığa çağırış yer alıb: ey insanlıq, bax gör sənin sonun hara gedir. Ayıl, özünə qayıt».

   İnsanları saflaşmağa çağıran bəşəri ideyalı filmdə obyekt olaraq mütləq çölün seçilməsinin də maraqlı rejissor şərhi var: «Çöldən başqa saflığını, paklığını saxlayan obyekt yoxdur. Mən sizi çölə dəvət edirəm. Bu bəlkə də gülüncya irreal görünsün. Amma faktdır ki, biz insanlar çox dəyişmişik. Və bu film bizim hansı həddə dəyişdiyimizi göstərməklə özümüzə baxma imkanı verəcək. Heç istəmirəm məni haqlı çıxarsınlar. Əsas odur ki, insanlıq hansı mərhələyə gəldiyini dərk eləsin, bunu daha yaxşı görə bilsin».

   Film üzərində son işlərin aparıldığını bildirən rejissorun sözlərinə görə, ekran əsərində baş rolları Əməkdar artist Vidadi Həsənov (ulu çölçü), Bəhruz Vaqifoğlu (cavan çölçü), gürcü əsilli aktrisa Salome Demuria (qısasaçlı qız), Cavidan Məmmədov (çölçünün uşaqlığı) oynayır.

  

   Həmidə Nizamiqızı

 

  Mədəniyyət.- 2011.- 14 dekabr.- S. 12.