Şirvan Milli Parkında
fərqli bir gün
“Bird Watching” turizm
marşrutunun təqdimatı
oldu
Dekabrın
9-da Mədəniyyət və
Turizm Nazirliyinin dəstəyi ilə Şirvan Milli Parkına infotur keçirildi. Səfər
“Turizm ili” ilə bağlı ölkə prezidentinin təsdiq etdiyi Tədbirlər Planının
29-cu bəndinə (milli
parklarda və onlara yaxın ərazilərdə ekoturizm,
xüsusən də
“Bird Watching” turizm növü
üzrə turların
təşkili, təşviqi
və təqdimatların
keçirilməsi) uyğun
olaraq təşkil olunmuşdu. İnfoturda nazirliyin Turizm
şöbəsinin Daxili
turizmin inkişafı
sektorunun məsləhətçisi
Cəmil Kəlbəliyev,
Azərbaycan Ornitoloji Cəmiyyətinin əməkdaşları,
turizm şirkətlərinin
və kütləvi informasiya vasitələrinin
nümayəndələri iştirak
edirdilər. Tədbir çərçivəsində
Şirvan Milli Parkı və Mahmudçala gölü ərazilərində quşları
müşahidə etmə
(«Bird Watching») marşrutunun təqdimatı oldu.
...Şirvan
Milli Parkına çatanda hava günəşli olsa da, nisbətən soyuq idi. Bizi bələdçi Nurlan Şükürov qarşıladı.
İnfotur iştirakçıları
əvvəlcə parkın
girişində yerləşən
məlumat mərkəzi
və ekoturizm xidmətinin fəaliyyəti,
bölgənin turizm imkanları ilə tanış oldular. Öyrəndik ki, 2003-cü ildə yaradılan
park Bakı şəhərinin
Qaradağ rayonunun, habelə Salyan və Neftçala rayonlarının ərazilərində
yerləşir. Kür-Araz
ovalığının cənub-şərqi
Şirvan düzənliyində
ümumi ərazisi
65580 hektar olan xüsusi mühafizə olunan təbiət ərazisinin 54 min 373,5 hektarında
Şirvan Milli Parkı, 6 min 232 hektarında
Şirvan Dövlət
Təbiət Qoruğu
və 4 min 930 hektarında
isə Bəndovan Dövlət Təbiət
Yasaqlığı yerləşir.
Parkın şərq sərhədini
Xəzər dənizi
sahili təşkil edir. Təxminən 20 kilometr sahil
boyunca əlverişli
təbii şərait
ilin istənilən mövsümündə quşların
yaşamasına imkan verir. Biz isə
əlimizdə durbinlərlə
“Bird Watching”ə hazır
idik.
Yolboyu Azərbaycan Ornitoloji Cəmiyyətinin sədri,
biologiya elmləri namizədi Elçin Sultanov parkın təbiəti, faunası haqqında məlumat verdi. Dünyada
100 mindən çox quş növünün olduğunu deyən Elçin müəllimin sözlərinə görə,
bu gün müxtəlif ölkələrdə
“Bird Watching” turizm növünə
maraq artıb: “Böyük Britaniya, Niderland və Almaniyada geniş yayılan bu turizm növünün inkişafı üçün
Azərbaycanda da gözəl şərait
var. 2006-cı ildə İngiltərədə
keçirilən sərgidə
Azərbaycanın da bu sahədə turizm imkanları nümayiş olunub”.
Milli Parkda nadir heyvanlar qorunur
Milli Parkın ərazisində
Böyük və Kiçik Çala (Qızılqaz-Flaminqo) gölləri
XX əsrin 50-ci illərində
parkın ərazisindən
keçən Salyan sutoplayıcı kanalının
dağılması nəticəsində
əmələ gəlib.
Göllər su-bataqlıq quşlarının
yaşayışı üçün
çox əlverişlidir.
Ərazidə Xəzərin, kanalların
və gölün suyunun qışda donmaması canlıların
qış mövsümündə
burada yaşamasına
imkan yaradır. Vaxtilə bu göldə qayıqla gəzmək də mümkün olub. Su azaldığından
indi, bu, mümkün deyil. Bələdçimiz Nurlan Şükürov
ərazidə yayı
quraq keçən mülayim-isti yarımsəhra
və quru bozqır tipli iqlim hakim olduğunu deyir. Milli Parkda “Qırmızı
kitab”a düşmüş
ceyranlar və ərazi üçün səciyyəvi olan fauna növləri qorunub saxlanılır. Elə hər
addımbaşı gözə
dəyən, dərhal
da ürkərək qaçan ceyranların çoxluğu bu parkda zərif canlıların qorunmasına
və artımına xüsusi diqqət verildiyini göstərir.
Burada çay və bulaq yoxdur,
ərazini şərqdən
Xəzər dənizi,
şimaldan Baş Şirvan kollektoru, bir sıra digər
kollektorlar əhatə
edir ki, bu da ceyranları
su ilə tam təmin edir.
“Nəğməli”
qamışlıq
Flaminqo gölünə çatar-çatmaz infotur
iştirakçılarından səssizlik tələb olundu. Qamışlıqda quşları müşahidə
edəcəkdik. Bataqlıq üzərində
qurulan estakada quşların diqqətindən
yayınıb onları
müşahidə etməyə
imkan verirdi. Biologiya elmləri namizədi Elçin Sultanov teleskopu qura-qura, pıçıltı ilə
burada olan quş növlərindən
danışırdı. Flaminqo gölü su quşları üçün
əsl oazisdir. Dəstə ilə üzən müxtəlif ördək
növlərini, qu quşlarını, qartalın
uçuşunu izləmək,
onları fotokameranın
yaddaşına köçürmək
isə insanda fərqli duyğular yaradır. Qeyd edək ki, burada harayçı qu, tetras, enliburun ördək, müxtəlif
vağ, 20-dən artıq
yırtıcı quş
növləri, nadir quşları
müşahidə etmək
mümkündür. Bəxtiniz gətirsə,
flaminqonu da görə bilərsiniz.
Daha sonra müşahidəni
izləmə prosesini asanlaşdıran hündür
alaçıq üzərində
apardıq. Durbinlər quşların
üzməsini, hərəkətini,
qidalanmasını yaxından
izləməyə imkan
verirdi.
Qrup halında turistlərə
güzəştlər var
Şirvan Milli Parkına
istər yerli, istərsə də xarici qonaqlar böyük maraq göstərirlər. Bələdçimiz
Nurlan Şükürovun
sözlərinə görə,
burada faunanın gözəlliyindən həzz
almaq istəyənlər
əvvəlcədən istənilən
banka 2 manat
ödəyərək əldə
etdiyi çeki Milli Parka təqdim etməklə ərazini gəzib istirahət edə bilər. Qrup halında gələnlərə
güzəşt olunur.
Əcnəbi turist üçün
parkda gəzinti 4 manata başa gəlir. Əcnəbilərdən ibarət 5 nəfərdən
çox olan qruplara da məbləğdə
müəyyən güzəşt
olunur.
“Bird Watching” perspektivli
turizm növüdür
Söhbət əsnasında infoturun əhəmiyyətindən danışan
Mədəniyyət və
Turizm Nazirliyinin Turizm Şöbəsinin Daxili turizmin inkişafı sektorunun məsləhətçisi Cəmil
Kəlbəliyev Azərbaycanda
“Bird Watching” turizm növünün
perspektivindən söz
açır: “Azərbaycanda
bu turizm növü yeni inkişaf edir. Mədəniyyət və Turizm
Nazirliyi müxtəlif
turizm növlərinin
inkişafında maraqlıdır.
Ötən dövr ərzində
“Azərbaycanın yeni
turist marşrutlarını
kəşf edək” layihəsi çərçivəsində
bir sıra turist marşrutları təqdim olunub. Budəfəki infotura turizm
şirkətləri də
cəlb edilib. 2011-ci ilin “Turizm
ili” elan edilməsi ilə bağlı Tədbirlər
Planında “Bird Watching” turizm
növü ilə bağlı maddədə
yer alıb. Düşünürəm ki, quşları
müşahidə etmək
həvəsində olanlar
üçün bu marşrut çox maraqlı olacaq”.
«Millennium Tourism & Congress DMC»nin infoturda
iştirak edən əməkdaşı Rəşad
Mirzəzadə infoturun
əhəmiyyətli olduğunu
deyir: “Mədəniyyət
və Turizm Nazirliyinin bu layihəsini yüksək qiymətləndirirəm. Artıq bu
gün belə maraqlı turist marşrutunun olduğunu bildik. Müraciət olarsa, bu turizm növü üzrə də xidmət göstərə
bilərik”.
Azərbaycan Ornitoloji Cəmiyyətinin
sədri, biologiya elmləri namizədi Elçin Sultanov isə hesab edir ki, bu
turizm növünü
inkişaf etdirməklə,
Azərbaycana çoxsaylı
turist cəlb etmək olar. “Avropada bu sahə çox inkişaf edib. Hər il
müxtəlif ölkələrdə
quş müşahidə
sərgiləri keçirilir,
ölkələrin turizm
potensialı tanıdılır.
Azərbaycan faunası çox
zəngindir. Azərbaycan
dünyanın “Bird Watching” həvəskarları üçün
maraqlı turist marşrutu ola
bilər.
Mahmudçalada
müşahidə
Səfərimizin son dayanacağında iştirakçılar Salyan
rayonu ərazisində
yerləşən Mahmudçala
gölü ərazisində
quşları müşahidə
etdilər. Məlumat verildi
ki, ölkəmizdə
mövcud olan çoxsaylı su-bataqlıq
sahələrində olduğu
kimi burada da su-bataqlıq quşları özlərinə
sığınacaq tapıblar.
Ölkəmizin düzən sahələrində
kifayət qədər
isti, dayaz (adətən 1-5 metr dərinliyində) qarğı
və qamışla örtülü, adətən
qışda da donmayan çoxlu göllər yerləşib.
Burada bitki örtüyünün
çoxunu qarğı
və qamış təşkil edir. Qamışlı göllər və
sahilyanı dayazlıqlar
quşların sığınacağını
təşkil etməklə,
əsas yuvalama yerləridir. Çünki bu qamışlıqlar (qarğılıqlar) yuvalama
zamanı quşlara gizlənməyə imkan verir.
* * *
İlin istənilən fəslində
Şirvan Milli Parkı təbiət həvəskarlarının yolunu
gözləyir. Yeri gəlmişkən,
burada turistlər qonaq evinin imkanlarından
da istifadə edə bilərlər.
Əgər yolunuz buradan
düşərsə, özünüzlə
durbin və ya teleskop götürməyi
unutmayın. Və əmin
olun ki, çox maraqlı və fərqli istirahət edə biləcəksiniz.
Ceyhun Zərbəliyev
Mədəniyyət.-
2011.- 14 dekabr.- S. 10.