Sərhədyanı turizmin inkişaf perspektivləri müzakirə edildi

 

   Aydın İsmiyev: «Regional turizmin inkişaf etdirilməsi Azərbaycan üçün çox vacibdir»

  

   Dekabrın 9-da Bakıda Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Sərhədyanı turizmin inkişafı və perspektivləri” adlı beynəlxalq konfrans keçirildi. Tədbirdə Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan, Rusiya və Türkmənistanın turizm sektoru orqanlarının, turizm şirkətlərinin, Azərbaycan Turizm İnstitutunun nümayəndələri, ekspertlər iştirak edirdi.

  

   Konfransın keçirilməsində məqsəd region ölkələri arasında turizmin daha da inkişaf etdirilməsi ilə bağlı yeni layihələrin reallaşdırılması, uzaq xarici ölkələrdən regiona turistlərin cəlb edilməsi üçün birgə marşrutların və alternativ turizm məhsullarının yaradılması və digər məsələlərin müzakirəsi idi.

   Tədbiri Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin müdiri Aydın İsmiyev açaraq bildirdi ki, bütün dünyada turizm mübadiləsinin böyük hissəsi qonşu ölkələrin payına düşür. Onun sözlərinə görə, Azərbaycana turistlərin 50-55%-i qonşu ölkələrdən - Rusiya, Türkiyə, İranGürcüstandan gəlir: «Bu baxımdan regional turizmin inkişaf etdirilməsi Azərbaycan üçün çox vacibdir. Bundan başqa, statistika göstərir ki, uzaq ölkələrdən gələn turistlər səyahət zamanı regionda bir yox, bir neçə ölkəni gəzmək istəyirlər. Məsələn, əvvəl Azərbaycana gəlirlər, buradan Gürcüstana, sonra isə Türkiyəyə gedib, oradan öz vətənlərinə yola düşürlər. Buna görə də region ölkələri xarici turistlərin daha da aktiv cəlb olunması üçün birgə layihələrin reallaşdırılmasında maraqlıdırlar».

   Bu mövzuda tədbirin ilk dəfə keçirildiyini bildirən A.İsmiyev konfransın birgə əməkdaşlıq, o cümlədən ortaq turizm marşrutlarının tətbiqi, dünya turizm bazarına regional turizm məhsullarını təqdim etmək, qarşılıqlı turist mübadiləsini həyata keçirməks. məsələlərin müzakirəsi üçün əhəmiyyətli olduğunu vurğuladı.

   Konfransın birinci hissəsi Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdir müavini-daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanovun moderatorluğu ilə davam etdirildi. Atatürk Universitetinin prezidenti Hikmet Kocak sərhədyanı turizmin Türkiyə və qonşu dövlətlər üçün önəmindən bəhs etdi. Azərbaycan Turizm İnstitutunun baş müşaviri Gila Altmann isə çıxışını «Dənizdən-dənizə: birgə sərhədyanı tədbirlər barədə ideyalar» mövzusu ətrafında qurdu.

   Tədbir “Mədəniyyətlərarası əlaqələr və alternativ turizm növlərinin inkişafi” və “Ali təhsil müəssisələrinin turizm sahəsində əməkdaşlığı” mövzularında müzakirələrlə davam etdirildi.

   Konfransın sonunda sərhədyanı turizmin inkişafı sahəsində Bakı Bəyannaməsi imzalandı. Sənəddə sərhədyanı turizm potensialının inkişaf etdirilməsi, birgə regional və transsərhəd layihələrinin vacibliyi, alternativ turizm məhsullarının işlənilib hazırlanmasının, sərhədyanı davamlı turizm məhsullarıdünya turizm bazarına təklif olunmasın zəruriliyi, qonşu ölkələrin qarşılıqlı turist mübadiləsinin həyata keçirilməsinin əhəmiyyəti, ortaq beynəlxalq mədəni turizm marşrutlarının yaradılması və s. məqamlar əksini tapıb.

  

  Fəxriyyə Abdullayeva

 

  Mədəniyyət.- 2011.- 14 dekabr.- S. 9.