Yüz ildən sonra
yaşayanlar
Osman Sarıvəlli “Hər kim yüz il yaşamasa,
günah onun
özündədir” - desə də, yüz
il yaşamaq
özünə də qismət olmadı. Ancaq
zəngin yaradıcılığı yüz
illər boyu Osman
Sarıvəllini yaşadacaq və onu unudulmağa qoymayacaq.
“Anam Tükəzbanın bayatıları... Mənim şairlik duyğum o bayatılardan başlayır. Anam şair ürəkli bir qadın idi. Cəhrə əyirəndə, gəbə toxuyanda bayatı çağırardı:
Ağacın göyü
dərdin alem,
Dibini söyü dərdin
alem.
Gözümü
sənə dikmişəm,
Tezcə böyü dərdin
alem”.
Bu bayatılardan
ilham ala-ala Osman böyük bir yola - söz yoluna, poeziya yoluna çıxdı.
Elinin-obasının, kəndinin-kəsəyinin
bənzərsiz abı-havasını,
çiçəyini, gülünü,
dağlarının saflığını,
ana dilimizin bal kimi şirinliyini
ədəbiyyatımıza gətirdi. Bir şair kimi
onu başqalarından
fərqləndirən də
elə bu orijinal üslubu, özünəməxsus yaradıcılığı
oldu.
Yetim uşaq kimi kimsəsiz qalıb,
Yamacı dağların, yalı dağların,
- misralarını
yazanda Osman Sarıvəllinin 21 yaşı
vardı.
Ələmdən,
kədərdən qaça
bilmədim,
Ciyərim həsrətlə alışdı,
yandı,
Könlümü
kimsəyə aça
bilmədim,
Cırıq paltarımdan eşqim utandı,
- etirafı
da ədəbiyyata yeni bir nəfəsin
gəldiyindən xəbər
verirdi.
“Osman
xalqımızın, el-obamızın
böyük idrak və qəlb xəzinəsinə hamıdan
yaxşı bələddir.
Onun şeirlərində
xalqımızın sevinc-fərəhindən
doğan ali
fikirlər, uca xəyallar və çox nəcib duyğuların unudulmaz tərənnümünü görürük”,
- deyən XX əsr Azərbaycan poeziyasının
günəşi Səməd
Vurğun dostunun uğuruna belə sevinirdi:
Şirin dilin, şirin ləhcən
Yurdumuzun öz səsidi.
Rübabını
çalanda sən,
Dindi dağ da, göy
çəmən də
Bu Osmanın nəfəsidi,
Yurdumuzun öz səsidi.
Həyat tarixçəsindən
Osman Abdulla oğlu Qurbanov
1905-ci ildə Qazax qəzasının İkinci
Şıxlı (Sarıvəlli)
kəndində anadan olub. Qazax Pedaqoji Seminariyasını
bitirib. 1926-1929-cu illərdə Göyçayın
Qaraməryəm və
Bığır kəndlərində
müəllim işləyib.
Ədəbiyyata “Yaz açıldı”
şeiri ilə qədəm qoyub. 1926-cı ildə “Ayaqsıza” şeiri Mikayıl Müşfiqin redaktəsi ilə “Gənc işçi” qəzetində çap olunub. 1929-1932-ci illərdə Moskva Dövlət Universitetinin filologiya fakültəsində
oxuyub.
Sonralar Osman Sarıvəlli yazırdı: “Moskvadakı
təhsil illəri mənim həyatımda yeni bir mərhələnin
başlanğıcı oldu.
Orda klassik və müasir rus poeziyası ilə ətraflı tanış oldum. Rus dili vasitəsi
ilə dünya ədəbiyyatının ən
maraqlı nümunələrini
öyrəndim”.
İlham bulaqları quruyacaqdır,
Hər kimin deyilsə mayası eldən,
- deyən
Osman Sarıvəlli poeziyasında elə, torpağa bağlılıq
hər misrada hiss olunur. Bu baxımdan
onun 1943-cü ildə
qələmə aldığı
“Gətir oğlum, gətir” poeması o dövrdə böyük əks-səda doğurur.
Xalq mənəviyyatının aynası
hesab olunan bu əsər fəlsəfi lirikanın əsl nümunəsi kimi dəyərləndirilir.
Mirvarid Dilbazi yazırdı: “Osman Sarıvəlli çörəksiz yaşayıb,
məsləksiz yaşaya
bilməyən sənətkarlardandır”.
Onun şeirləri süjetli,
vətənpərvərlik lirikası nümunələri
hesab olunur. Eyni zamanda o, şair-filosofdur.
İnsan,
həyat, ölüm onun şeirlərində önəmli bir yer tutur.
Ömür yolundan
Osman Sarıvəlli 1932-1937-ci illərdə Bakıdakı
Beynəlxalq Pedaqoji texnikumun direktoru,
1936-1941-ci illərdə Azərbaycan
Yazıçılar İttifaqında
poeziya bölməsinin
rəhbəri olub.
1941-1945-ci illərdə “Ədəbiyyat”
qəzetinin baş redaktoru işləyir.
1945-1950-ci illərdə Azərbaycan
Elmlər Akademiyasının
Nizami adına
Ədəbiyyat İnstitutunda
müdir müavini, xalq yaradıcılığı
şöbəsinin müdiri
vəzifələrində çalışır.
“Ömrün keçən günləri”,
“Sabahı yaradanlar”, “Hər kim yüz
il yaşamasa”, “Mən sabaha gedirəm”, “Kür qırağında”, “Bizim
babalar, bizim nəvələr” və onlarca kitabları əl-əl əzib dolaşır. 1977-ci ildə Osman Sarıvəlliyə Xalq şairi fəxri adı verilir.
Bəxtiyar Vahabzadə şair dostu barədə belə deyirdi: “Xalq şairimiz Osman Sarıvəllinin poeziyasının öz dadı-duzu, öz rəngi, öz ahəngi var. Bir sözlə, Sarıvəlli
poeziyası başdan-başa
işıqlı bir poeziyadır”.
Osman Sarıvəllinin şair taleyi heç də asan olmamış, ömrünün müxtəlif
anlarında haqsızlıqlara,
təqiblərə məruz
qalmışdır. Belə ki,
sovet rejiminin qanlı illəri onun da həyatından
yan keçmir. Qazax NKVD-nin rəhbəri Qriqoryanın
Osman Sarıvəlli barədə Bakıya göndərdiyi arayışdan:
“Azərbaycan Yazıçılar
İttifaqı İdarə
Heyətinin üzvü
Qurbanov Osman Abdulla oğlu. Atası kənd koxasının
müavini olmuş, qayınatası Sidi Tomtayev, bibisi uşaqları Türkiyəyə
qaçmışlar. Qardaşı Qurbanov Qurban
1918-1919-cu illərdə türk
ordusunun könüllü
əsgəri olmuş,
onların tərkibində
Qızıl Orduya qarşı vuruşmuşdur.
O biri qardaşı Hümbət Gəncə qiyamının fəal iştirakçılarındandır. Deyilənə görə, o da
Türkiyədədir. Bibisi oğlu Əsəd Nəsibov 1926-cı ildə
müsavatçı kimi
həbs olunub. Osman Sarıvəlli xalq düşmənləri Hacıkərim
Sanılı, Mikayıl
Müşfiqlə yaxın
münasibətdə olub”.
O ağır illərdə Osman Sarıvəllinin qardaşı
sürgün olunmuş,
özü isə repressiya qorxusu altında yaşamışdır.
Ancaq heç bir
qorxu onun ilham pərisini əlindən ala bilməmişdir.
Şeirləri axıcı və
yaddaqalan olduğundan aşıqların dilindən
düşməmiş, xalq
Osman Sarıvəlli poeziyasını sevə-sevə
oxumuş, öyrənmişdir.
Aşıq, bu gün yaxşı
köklə sazını,
Ürək açan mahnılardan
de gəlsin.
Şirin dostluq nəğməsidir
hər sözün,
Sədaqətdən, etibardan de gəlsin.
Osman Sarıvəlli xalq yaradıcılığının təbliği, aşıq
sənətinin tədqiqi
ilə yanaşı, tərcüməçiliklə də məşğul olmuş, Nizami, Xəqani, Viktor Hüqo, Nazim Hikmət, Aleksandr Sergeyeviç Puşkinin əsərlərini,
Sofoklun “Antiqona” faciəsini dilimizə çevirmişdir.
Ömrün cavan, dəli-dolu vaxtlarında “Hər kim yüz il yaşamasa, günah onun özündədir” - deyən şair zaman gəlir ki, belə deyir: “İndi görürəm ki, həyat öz işini görür, bizi ucaldan illər qocaltmağı da bacarır”. 1990-cı ildə vəfat edir.
Onu tanıyanlar bilir ki, Osman Sarıvəlli ləyaqətli bir ömür yaşadı. Ağır illər, çətin sınaqlar onun iradəsini qıra bilmədi. Elinin, obasının, torpağının qarşısında bir insan, bir şair, bir vətəndaş kimi həmişə alnı açıq gəzib dolaşdı. İllər keçsə də Osman Sarıvəlli poeziyası öz təravətini yenə də qoruyub saxlayır. Xalqın ruhuna yaxın olan poeziya isə ölümsüzdür.
Təranə Vahid
Mədəniyyət.-
2011.- 16 dekabr.- S. 15.