Təcrübəli mütəxəssis, yorulmaz mədəniyyət işçisi

 

   Zərifə Xanağa qızı Məlikova Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirdikdən sonra 1973-cü ildən əmək fəaliyyətinə başlamışdır. Mədəniyyətin müxtəlif sahələrində çalışmış, 1980-2000-ci illərdə C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Tarixi Muzeyində kiçik elmi işçi vəzifəsindən elmi işlər üzrə direktor müavini vəzifəsinədək yüksəlmişdir. 2001-ci ildən Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi-Bərpa Mərkəzində direktorudur. Bu dövrdə müəssisənin fəaliyyəti daha da genişlənmiş, bərpa və konservasiya edilən muzey əşyalarının sayı 15 minə çatmışdır. Onun səyi və təşəbbüsü nəticəsində bərpaçılar Bakıda olan muzeylərlə yanaşı, regionlarda maddi-mədəniyyət saxlanclarında qorunan eksponatlaraikinci həyat” veriblər. Zərifə xanım İtaliya, ABŞ, Türkiyə, Norveç, Rusiya, və s. ölkələrdə keçirilən beynəlxalq tədbirlərdə ölkəmizdə aparılan bərpaçılıq işi barədə məruzələrlə çıxış etmişdir.

   Zərifə Məlikovanın Mədəniyyət və Turizm Nazirliyi nəzdində fəaliyyət göstərən Dövlət Ekspert Komissiyasının və aparıcı muzeylərin satınalma komissiyalarının üzvi kimi muzey saxlanclarının mənəvi sərvətlərlə zənginləşməsində böyük rolu vardır. Onun zəhmətsevərliyi dövlət tərəfindən yüksək qiymətləndirilmiş, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 sentyabr tarixli sərəncamı ilə mədəniyyət sahəsindəki xidmətlərinə görə Zərifə Xanağa qızı Məlikovaya “Əməkdar mədəniyyət işçisi” fəxri adı verilmişdir.

   Bu günlərdə mədəniyyət sahəsində 30 ildən artıq səmərəli fəaliyyətinə görə, habelə anadan olmasının 60 illiyi ilə əlaqədar Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi-Bərpa Mərkəzinin direktoru Zərifə Məlikova Mədəniyyət və Turizm Nazirliyinin Fəxri fərmanı və pul mükafatı ilə təltif edilmişdir.

   Təcrübəli mütəxəssis, yorulmaz mədəniyyət işçisi Zərifə Məlikovanı yubileyi münasibətilə təbrik edirik.

 

Mədəniyyət.- 2011.- 16 dekabr.- S. 15.