Tanrının yol adamı

 

   Onun şeirləri yol kimidir, oxuduqca oxuyursan...

   Onun şeirləri bulud kimidir, nə vaxt hislərinə, duyğularına, ruhuna yağacağını bilmirsən...

   Onun şeirləri sarı çiçək kimidir, bir az qəmli, bir az kədərli və sevimli...

  

   Filologiya elmləri namizədi, zərif qələm sahibi Sona Vəliyevanın “Qanun” nəşriyyatında çapdan çıxmış “Arazbarı” kitabı poetik duyğularla dolu bir kitabdır. Vətən, torpaq, ayrılıq, kədər, ölüm, sevgi kitabda qəribə hislərlə bir-birini tamamlayır.

   Can dediyim qorxum imiş,

   Uçub gedən ruhum imiş,

   Ölüm solğun yuxu imiş,

   Oyanıram yarpaq-yarpaq.

  

   Yarpaq-yarpaq

  

   Sona Vəliyevanın poeziyası pıçıltılı poeziyadır. O, vətəni sevmək üçün gurultulu sözlər seçmir, bapbalaca bir çiçəyin sevgisini misal çəkir:

   Aman Allah, içimizdə

   bu torpağı sevməyə

   bir çiçək təpəri,

   çiçək sevdası

   bitir.

  

   Sarı gözəl, sarı çiçək

  

   Vətən həsrəti, Araz dərdi, Xudafərin nisgiliArazbarı”da köz-köz cücərir. Kitabın ön söz müəllifi Xalq şairi Sabir Rüstəmxanlı yazır: “İnsanlığın köhnə dərdi... Təkcə keçmişdən yox, həyatdan ayrılmağa da məhkumuq. Lakin hər insan ömrü bir körpüdür. Sona xanımın fikrincə, ömrümüz Xudafərin körpüsünə dönəndə milli faciələr başlayır”.

  

   Hələ çox dərdimin dərmanı sirli,

   Hələ çox açarlar div əlində.

   Bir xalqın taleyi uduzulan gün,

   Bağlı qapı oldu Xudafərin .

  

   Açaq qapıları...”

  

   Sona xanımın yaradıcılığında köhnə dərdlərimiz təzə dərdlərimizlə qol-boyun olur.

  

   Göyçə, Şuşa, Təbriz dərdi,

   Köhnəldikcə təzələndi.

   Sönüb külümdən közərdim,

   Odum boyumdan yuxarı -

   Arazbarı”.

  

   Arazbarı

  

   İtirilmiş torpaqlarımız üçün Sona xanım bəzən özgəni yox, özümüzü - unutqanlığımızı günahkar sayır.

  

   İçimiz boşaldı torpaqdan öncə,

   Sonra can göründü Vətən yerinə.

   Öncə cansağlığı deyən kəslərin

   Torpağı bölündü bədən yerinə.

  

   Öncə cansağlığı deyən kəslərə

  

   Sabir RüstəmxanlıArazbarıbarədə daha sonra yazır: “Kitabın ən gözəl bəyəndiyim şeirlərindən olanSərçələrin yurd sevgisişeirində sanki bu mövzuya yekun vurulur. Narbənd ağacında sərçələr yuva qururlar:

   Yuva qururlar budaqda

   Səslə, küylə.

   Bu ata sərçə tərs,

   Ana sərçə ilə bəhsəbəs.

   Cik-cik,

   o yan alçaq,

   bu yan dik,

   sök, təzədən tik...

   ...bəzən bir sərçə yuvası

   önündə

   ölüm-dirim

   savaşı gedir.

   Cik-cik,

   bizimdi, biz tikmişik.

   Cik-cik, ölərik vermərik.

  

   Sərçələrin yurd sevgisi

  

   Bəs biz neylədik? Cənnət Qarabağımıza sahib çıxa bilmədik. Bunun qədər ağır dərd olduğunun fərqindəyikmi?

  

   Quşlar göz görə-görə

   yuva üstə, budaq üstə

   davaya çıxır.

   Biz adam olsaq da

   Quşlar kimi bacarmadıq.

  

   Sona Vəliyevanın dili rəvan, duyğuları axıcı olduğundan asanlıqla qəlbə yol tapır, yaddaşda kök salır.

  

   Bu dünya nağıl, əfsanə,

   Tövbəsiz könül viranə,

   Yollarıma xanə-xanə

   Yağış düşübdü-düşübdü.

  

   Düşübdü

   

   Arazbarıkitabındakı şeirlər arasında hər şeirin öz yeri var. Cəlil Məmmədquluzadənin dünyaca məşhurÖlülər”indəki Kefli İsgəndər obrazına Sona Vəliyevanın zaman baxımından yeni münasibəti olduqca maraqlı təsirlidir.

  

   Hamının məsləhət yeri

   Mirbağır ağa elmi atıb.

   Çindən mal gətirib,

   Ömrün-günün topdan satır.

   Pərnisə

   hürriyyətin mənasını öyrənib

   Evrovizyonasəsi çatmadığından

   Sponsoru onu

   Toylar kraliçası”na göndərib.

   Bax,

   Köhnə, sağalmaz dərddir

   Anlamaq dərdi”.

   Sən çox fikir eləmə,

   Bir , bacın qurban,

   Ta içmə...

  

   Əziz qardaşım Kefli İsgəndərə  

 

   ArazbarıkitabıVətən deyib yola varan”, “Ruhum yollar ayrıcında”, “Ay Qaragilə”, “Mən Tanrının yol adamıbölümlərindən ibarətdir. Ruhum yollar ayrıcındabölümündə Sona xanımın ruhu yaşadığı illəri qarış-qarış gəzib-dolaşır. Sevincli, fərəhli anları təkrar yaşayır. Üstünü xəzəl örtmüş xatirələri oyanır:

  

   Bir yüyənsiz köhləndir xatirələrim,

   Ata evim.

   Hər gecə yuxuma gələrsən,

   Ruhuma dinclik gətirərsən,

   Üstü dolu gilasıyla, tutuyla

   Gözümə, könlümə toxluq əkərsən.

  

   “Ata evi

  

   “Salam, ata!” şeiri doğmalıq haqqında doğma bir şeirdir.

  

   Salam, ata, mənəm, gəlmişəm,

   Sən demişkən, sənin şəhərli balan...

   Amma elə deyil, vallah,

   Mən şəhərli olammadım.

  

   Sona xanımımÇəhrayı rəngli dünyamadlı ilk şeirlər kitabı 2007-ci ildə işıq üzü görüb. Birinci kitabında olduğu kimi, ikinci kitabında da səmimiyyəti, orijinal üslubu, maraqlı deyim tərzi ilə oxucuların qəlbinə yol tapıb.

  

   Kürüydüm, dəcəldim, ərköyün idim,

   Analı, nənəli dünyam var idi.

   Mənim oyuncağım böcəklər, quşlar,

   Mənim oyuncağım göy qurşağıydı.

  

   Dünya gözlərimdə çəhrayı rəngdə

  

   Təbiətin poeziyası ilə insan hislərinin harmoniyası Sona Vəliyevanın poeziyasında bir-birini tamamlayır.

   

   Bu leysan yağışı

   Mənə bənzəyir.

   Hönkürübsə, kiritmək çətin.

   Yağ, başına dönüm,

   Yu, bu şəhərin hisiylə birgə

   İçimizdəki laqeydliyi, kini.

  

   “Bu yağış mənə bənzəyir

  

   Öz dünyası olan insanların qəlbində əslində fəsillərin sayı çoxdur.

  

   Yarpaqlar da saralıb

   Töküləcək qəhərdən.

   Yığıb xatirələri

   Gəl gedək bu şəhərdən.

  

   Gəl gedək bu şəhərdəninsanın daxilindəki payız haqqında ən gözəl şeirlərdən birdir. Çünki bu şeirdə qəlbin necə üşüdüyünü gözlərinlə görürsən.

  

   Gəl gedək bu şəhərdən,

   Bu payız mənlik deyil.

   Ruhum saralan yarpaq,

   Ayrılıq əl eləyir.

  

   Qərib payızşeiri isə təbiətin payızıdır:

  

   Bu necə payızdı, bu necə, Allah,

   Budaqda saralan min ümid ölür.

   Yarpaq qırğınına azğın küləklər

   Bilmirsən ağlayır, bilmirsən gülür!

  

   Gəl gedək bu şəhərdən

 

   Ayrılıq, həsrət xəfif kədər, Sona xanımın az qala bütün şeirlərindən keçir. Elə bir kədər ki, bu kədər hər kəs üçün doğmadır:

  

   Boğaz boyu gedən gəmi,

   Yolun bilinməz, bilinməz.

   Arxanca bir gözəl ağlar,

   Göz yaşını kimsə silməz.

  

   Boğaz boyu gedən gəmi

  

   bir Sona xanımın hər kəsin ruhunu oxşayan “Ay Qaragiləhəsrəti. Hər dəfə İlhamə xanımın qeyri-adi şövqlə yüksək sənətkarlıqla oxuduğu bu mahnıya qulaq asanda varından yox olursan. Yüz illər boyunca ruhumuza su çiləyən, xalq mahnısıQaragilə”dən sonra “Ay Qaragiləyazmaq çox çətindir. Sona xanım böyük ürək sahibi olduğunu “Ay Qaragiləilə sübut etdi.

  

   Bu əzab ruhuma doğma, müqəddəs,

   Ayrılıq günahsa, necə yuyaq bəs.

   Tökmə göz yaşını sel kimi əbəs,

   Günah səndə oldu, ay Qaragilə.

  

   “Ay Qaragilə

  

   “Ay Qaragilə” min illərin eşqini təzələdi. Eşq ayrılıq haqqında ən yaxşı mahnıya çevrildi.

  

   Gözündə alışan kədərə neynim,

   Mən hicran danışan qədərə neynim,

   Puç olan ömürə, hədərə neynim,

   Eşqin dastan oldu, ay Qaragilə.

  

   Ümumiyyətlə, Sona xanımın yaradıcılığında sevginin şəkli gerçək, duyğuları zərif, incə təmənnasızdır.

  

   Köhnə görüş yerimiz,

   Tərk edilmiş yurd, ocaq,

   Xatirə düymə-düymə,

   Hönkürsəm açılacaq.

  

   Köhnə görüş yeri

  

    Payızda durnalar köç edən zaman nənəm deyərdi ki, onlar Bağdada gedirlər. Durnalar ora getməyincə, adamlar ilan əlindən xurmaları yığa bilmirlərmiş”. Sona xanımınDurnalar ümid aparır Bağdadaşeiri orijinallığı ilə diqqəti cəlb edir.

   Ürəyim Bağdad günündə,

   Taleyiniz, ruziniz

   ilan əlində.

   Dözün, durnalar gəlincə,

   durnalar ümid gətirir uzaqdan,

   dözün,

   başınıza dönüm!

   Sona xanımın şeirləri çoxqatlıdır. Onların alt qatında qadın hissiyyatı - zərif qadın, həssas ana, qayğıkeş bacı bütövlükdə dünyamız üçün narahat insanın çizgiləri olan insan gizlənir. Bəlkə ona görə , onun şeirləri bu qədər qəlblərə yol tapır.

   İlk dəfə kitabın adıArazbarıdiqqətimi cəlb etdi, sonra kitabın içindəkilər. Yazdıqlarım isəArazbarıbarədə təəssüratlarımdır.Arazbarı”nın davamını isə bir oxucu kimi gözləyirəm...

  

   Təranə Vahid

 

   Mədəniyyət.- 2011.- 16 dekabr.- S. 13.