«Rinay» - sualtı dünyanın
ecazkar aləmi
Özünü sanki sualtı aləmdə, dəniz və
okean faunasının əhatəsində hiss edirsən. Bu aləmin
zənginliyi isə insanı özünə heyran edir: molyusk
qabıqları, dəniz ulduzları, kirpi və
tısbağalar və daha nələr... Söhbət
Bakının Bayıl qəsəbəsində yerləşən,
Azərbaycanda ilk şəxsi muzey olan «Rinay» malakofauna muzeyindən
gedir.
Əsas mövzuya
keçməzdən əvvəl qeyd edək ki, dünyada
şəxsi muzeylər çox olsa da, Azərbaycanda belə
bir ideyanı ilk dəfə gerçəkləşdirən
«Rinay» muzeyinin yaradıcısı Tofiq Karayev olub. Geologiya-mineralogiya
elmləri namizədi, professor Tofiq Karayev
profili üzrə dünyada analoqu olmayan bu muzeyi öz şəxsi
vəsaiti hesabına yaradıb. Onun öz
sözləri ilə desək, müxtəlif ölkələrdə
okean və ya dənizlərə aid nümunələrinin
saxlandığı muzeylər var. Amma bütün suda və
quruda yaşayan malakofaunanın (molyusklar faunası) bir arada
toplandığı muzey yalnız Azərbaycandadır.
Təsadüfi deyil
ki, muzey beynəlxalq muzeylər reyestrinə, Azərbaycan Milli
Ensiklopediyasına, «Azərbaycan muzeyləri» adlı kitaba daxil
edilib və haqqında iki dissertasiya yazılıb.
İndiyədək öz kolleksiyaları ilə
dünyanın bir çox ölkələrinə dəvət
alan Tofiq müəllim bu yaxınlarda
Almaniyadan qayıdıb. Almaniyada fəaliyyət göstərən
«Azərbaycan evi»nin dəvəti və Azərbaycan
Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi
ilə noyabrın 14-dən 22-dək davam edən səfər
zamanı Tofiq müəllimin muzeyinin ecazkar nümunələri
nümayiş olunub. Tofiq müəllim səfər təəssüratını
bizimlə bölüşdü:
- Bu qeyri-adi muzey hər zaman əcnəbilərin
də diqqətini cəlb edib. Onlar tez-tez muzeyə
baş çəkir, məni müxtəlif tədbirlərə,
səfərlərə dəvət edirlər. Budəfəki səfərim isə Almaniyada
yaşayan həmyerlimiz, Berlindəki “Azərbaycan evi»nin rəhbəri
Tofiq Qarayevin təşəbbüsü ilə həyata
keçdi. Səfərlə bağlı
bütün təşkilati, maliyyə məsələlərini
Azərbaycan Respublikası Mədəniyyət və Turizm
Nazirliyi həll etdi. Bu köməyə və
dəstəyə görə Mədəniyyət və Turizm
Nazirliyinə, şəxsən nazir Əbülfəs Qarayevə
dərin təşəkkürümü bildirirəm. Məhz bu dəstək sayəsində Almaniyaya səfərim
çox yüksək səviyyədə keçdi, muzeyimizin
eksponatlarının belə gözəl təqdimatı
keçirildi.
13 gün davam edən
səfər müddətində əvvəlcə Berlində,
dəyərli soydaşımız İbrahim Əhrarinin rəhbərlik
etdiyi «Berlin-Bakı qalereyası»nda sərgimiz təşkil
olundu. Sərgini nümayiş etdirmək
üçün mənə 3 böyük zal verdilər.
Muzeyimizə aid olan 11 stendin qoyulduğu bu
zalları yüzlərlə insan ziyarət etdi. Sərgi istər almanlarda, istər bizim orada
yaşayan soydaşlarımızda, istərsə də
qeyri-millətlərdə olduqca böyük maraq doğurdu.
Berlindən sonra Drezdenə getdim və
eksponatlarımızı iki gün ərzində bu şəhərdə
nümayiş etdirdik. Drezden Avropada muzeylər
paytaxtı hesab olunur. İlk dəfə
idi ki, Azərbaycan muzeyinin kolleksiyaları bütöv halda bu
şəhərdə nümayiş etdirildi. Buna görə çox sevinirəm. Bu səfərdə məni tərcüməçi
və ekskursiyaçı Bünyad Quluzadə müşayiət
edirdi. Ona da minnətdarlığımı
bildirirəm.
Sərginin özəlliyi
həm də onda idi ki, bütün kolleksiyaların üzərində
Azərbaycanın gerbi və bayrağı həkk
edilmişdi. Onu da deyim ki, Almaniyada bizim sərgiyə
gələnlərin bir çoxu muzeyimiz barədə məlumatlı
idi. Odur ki, tədbir geniş rezonans
doğurdu. Televiziya və radioda sərgi
barədə süjetlər də yayımlandı.
Muzeyin yaranma tarixçəsi və
ya nəsillərin yadigarı
«Rinay» malakofauna
muzeyinin ilk eksponatları hələ ötən əsrin 30-cu
illərində Tofiq müəllimin atası - fəxri
neftçi, Əməkdar mühəndis Sadıq Karayev tərəfindən
toplanılıb. Şamaxılı Kərim
bəyin oğlu Sadıq Karayev tanınmış neft mütəxəssisi
kimi dünyanın müxtəlif ölkələrində
işləyib.
Tofiq müəllim özü bu barədə
belə deyir: «Atam 1932-ci ildən 1937-ci ilədək ABŞ-da,
İngiltərədə neft mütəxəssisi kimi
çalışıb və Rokfeller ailəsi ilə
yaxınlığı olub. O, neft buruqlarının
qazıntısı zamanı əldə etdiyi nümunələri
bir yerə toplayar, onların üzərində tədqiqat
aparar, yerin dərin qatlarından tapılan nümunələrin
yaşını təyin edər, kolleksiya toplayardı. «Rinay» muzeyinin unikallığı da elə
bundadır. Burada müasir dəniz və yerüstü
faunaya aid molyusklardan savayı, 2-3 milyon il bundan əvvəl
Ağcaqıl və Abşeron paleodənizlərində
mövcud olan molyusk qabıqları toplanıb».
30-cu illərin
repressiya dalğası bəy nəslindən olan Sadıq
Karyevdən də yan keçməyib, o, 1937-ci ildə Sibirə
sürgün olunub. Sonralar onun işini
oğlu Tofiq Karayev davam etdirib. O, molyusklar
kolleksiyasını sistemləşdirməklə bərabər,
şəxsən yığdığı nümunələri
də kolleksiyaya əlavə edib. Azərbaycandan ilk
geoloq-malakoloq alim kimi tanınan Tofiq müəllim bir neçə
il ərzində Qara dəniz, Fars körfəzi,
Qırmızı dəniz, Hind okeanı boyunca beynəlxalq dəniz
ekspedisiyanın tərkibində olarkən təkrarsız
nümunələr toplaya bilib. İndi isə bu
nümunələrin hamısı «Rinay» muzeyini bəzəyir.
Muzeyin adına gəlincə, Tofiq müəllim
onu övladları Riyad və Nailənin adlarına
uyğunlaşdıraraq «Rinay» adlandırıb. Tofiq
müəllim xarici ölkələrdə, Azərbaycanın
bütün bölgələrində - dağlıq və
aran rayonlarında, dağlarında, düzlərində geoloji
ekspedisiyalar zamanı əldə etdiyi nadir eksponatları
böyük qayğı ilə bir yerə toplayıb.
Muzeydə Şimali və Cənubi
Amerika, Avrasiya, Avstraliya, Afrika materiklərindən, həmçinin
Sakit, Atlantik və Hind okeanının malakofauna nümunələri
var. Nümayiş etdirilən hər bir molyusk
qabığına onun adını bildirən xüsusi etiket
yapışdırılıb. Muzey direktoru eksponatlar barədə
deyir: «Bəzilərini ağacdan, çaydan, göllərdən
yığmışam. Hətta qədimdə Azərbaycanda
yaşayan molyuskları qazıntılar zamanı tapıb
kolleksiyaya əlavə etmişəm. Muzeyin
eksponatları sırasında «Qırmızı kitab»a
düşən molyusklar da çoxdur. Bəziləri
«Qırmızı kitab»dan da çıxarılıb. Çünki artıq həmin növlərdən
qalmayıb”.
Muzeydə
nümayiş olunan nadir eksponatlardan birini - bütün
dünyada bənzəri olmayan qeyri-adi molyusk
qabığını Tofiq Karayev 1995-ci ildə İndoneziyada
tapıb.
Hazırda muzeyin
ümumi kolleksiyasında 5 minə yaxın eksponat toplanıb.
Tofiq müəllim deyir ki, eksponatların 4 mindən
çoxunu Heydər Əliyev Fonduna bağışlayıb:
«İstərdim ki, bu eksponatlar orada nümayiş etdirilsin və
onları dünya görsün. Onların
hamısı mənim üçün əzizdir və
heç birini fərqləndirmirəm. Hərəsinin
öz gözəlliyi və təkrarsızlığı
var».
Tofiq müəllimin
sözlərinə görə, molyusk qabıqlarının
çəkisi, qalınlığı molyuskun
yaşadığı yerin xüsusiyyətlərindən
asılıdır. Məsələn,
Atlantik və Sakit okeanlar soyuq olduğundan oradakı
molyuskların qabıqları Hind okeanında yaşayan
molyuskların qabığından daha qalın olur. Okean molyuskları iri, çay və göl
molyuskları isə nisbətən xırdadır.
Muzeydə molyusklardan
əlavə, su kirpisi, dəniz ulduzları, dəniz atı,
tısbağa qını, karal, lanqust, mişar
balığının buynuzunu da görmək olar.
Direktor deyir ki, eksponatlara xüsusi qulluq edilməsə,
onların yaxınlığından keçmək təhlükəlidir:
“Mən hamısına mikroskopla baxıb xüsusi üsulla
sterilizə edirəm».
«Getmədim, çünki Azərbaycansız
yaşaya bilmərəm»
Bu günə qədər çoxsaylı medal və
diplomlarla təltif edilən muzey müxtəlif beynəlxalq sərgilərdə
təmsil olunub. Eksponatları 14 ölkədə
nümayiş etdirilib. Kolleksiyalarından
nümunələr mübadilə yolu ilə Avstraliya, Kanada,
Argentina, İspaniya, Almaniya, Türkiyə, Əlcəzair,
İndoneziya, Rusiya və Ukrayna paleontologiya muzeylərinə
verilib. Tofiq müəllim simpoziumlarda elmi məruzələrlə
çıxış etməklə yanaşı,
apardığı kolleksiyanı həmin ölkəyə hədiyyə
edir, hər il xaricə gedib muzeyə yeni
eksponatlar gətirir.
Qeyd edək ki, muzeydə
tələbə və şagirdlər üçün praktik
dərslər keçirilir. Muzeyin
malakofauna nümunələri Milli İncəsənət
Muzeyində sərgilənir.
Tofiq müəllim deyir ki, muzeyin kolleksiyasını satın almaq üçün bir çox ölkələrdən təklif gəlib: «Dörd ölkədən mənə vətəndaşlıq verirdilər. Amma eksponatlarla birlikdə getməliydim. Bu o deməkdir ki, mən dünyadan köçəndə bu kolleksiya vətəndaşı olduğum ölkənin mülkü olacaq. Getmədim, çünki Azərbaycansız, Bakısız yaşaya bilmərəm».
Qeyd edək ki, «Rinay» malakofauna muzeyinə giriş pulsuzdur, gələnlərə isə eksponatlardan hazırlanmış suvenirlər bağışlanır. Qonaqlar həmişə çox olur. Direktor deyir ki, muzeyə tez-tez turistlər və xarici ölkələrin səfirləri gəlir və eksponatları gördükdə heyrətlərini gizlədə bilmirlər.
Qeyd edək ki, bu maraqlı muzeyin təşkilatçısı Tofiq Karayev 1960-cı ildən 2001-ci ilədək AMEA-nın Geologiya İnstitutunda aparıcı elmi işçi kimi fəaliyyət göstərib. Şirin suların malakofaunasının palentologiyası üzrə keçmiş SSRİ məkanında aparıcı mütəxəssis kimi çalışıb. 80-ə yaxın elmi işin, 3 monoqrafiyanın müəllifidir. Tofiq Karayev yaşının bu çağında da fəaliyyətini davam etdirir. O, muzey üçün eksponat toplamaq məqsədilə Sakit, Hind, Atlantik okeanlarına və digər yerlərə səyahət edir. O, nadir eksponatların sayını gələcəkdə daha da çoxaltmaq fikrindədir. 77 yaşına rəğmən, hətta akvalanq geyərək okean sularında eksponat da toplayır. Uzun illər peşəkar idmanla məşğul olan, yüngül atletika üzrə idman ustası adını qazanan Tofiq müəllim həm də idmançıların yaxın dostudur. Təsadüfi deyil ki, hər il Bakıda onun şərəfinə beynəlxalq yüngül atletika turniri keçirilir, qaliblərə xüsusi medallar təqdim olunur. Yeri gəlmişkən, dekabrın 18-də Tofiq Karayevin şərəfinə XVI beynəlxalq turnir start götürəcək.
Mehparə
Mədəniyyət.- 2011.- 16 dekabr.-
S. 9.