Dədə
Ələsgərin saz bayramı, söz bayramı
Dekabrın 14-də
Heydər Əliyev Sarayında Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan
Aşıqlar Birliyinin təşkilatçılığı
ilə Azərbaycan aşıq poeziyasının görkəmli
nümayəndəsi, haqq
aşığı Aşıq Ələsgərin anadan olmasının 190 illik
yubileyinə həsr olunmuş yubiley gecəsi keçirildi.
Tədbiri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açaraq Aşıq Ələsgərin 190 illik yubileyinə Türkiyə, İran və Dağıstandan (Rusiya) təşrif buyurmuş aşıqları və bütün təbdir iştirakçılarını salamladı. Azərbaycan aşıq sənətinin təbliği və inkişafına dövlətin diqqət və qayğısından danışan nazir bu sahədə Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın müstəsna rolu olduğunu vurğuladı. Qeyd olundu ki, 2009-cu ildə Azərbaycan aşıq sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irs Siyahısına daxil edilməsi xalqımızın bu ölməz sənətinin haqlı olaraq dünya mədəniyyət inciləri sırasında özünə layiq yer tutduğunu göstərir: “Milli-mənəvi dəyərlərin təbliğində və inkişafında müstəsna xidmətləri olmuş xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə Aşıq Ələsgərin 150 və 175 illik yubileyləri dövlət səviyyəsində qeyd edilmişdir. Bu sahəyə həmişə dövlət qayğısı olmuş, aşıqlarımız, bu sahədə çalışan digər ifaçılar fəxri adlara layiq görülmüş, onların konsertləri üçün şərait yaradılmışdır. 2010-cu ildə Azərbaycan qeyri-maddi mədəni irsinin, xüsusilə Azərbaycan aşıq sənətinin dünyada tanıdılmasına mühüm töhfə verən I Beynəlxalq Aşıq Festivalının keçirilməsi də bu sənətə göstərilən daimi diqqətin bariz nümunəsidir”.
Nazir çıxışında ulu ozan Dədə Qorqudun xeyir-duası ilə əsrlərdən bəri yol gələn aşıq sənətinin azman ustadlarından - Aşıq Qurbaninin, Tufarqanlı Abbasın, Sarı Aşığın, Xəstə Qasımın, Aşıq Alının zəngin sənət nümunələri ilə aşıq ədəbiyyatının zənginləşdiyini qeyd etdi, 190 illik yubileyi qeyd olunan Aşıq Ələsgəri Azərbaycan aşıq sənətinin zirvələrindən biri kimi dəyərləndirdi: “Azərbaycan aşıq şeirinin ən böyük nümayəndələrindən hesab olunan Aşıq Ələsgər aşıq yaradıcılığının bütün sahələrinə müraciət etməklə ədəbiyyatımızda dərin iz buraxmışdır. O, qeyri-adi fitri qabiliyyəti sayəsində yaratdığı müxtəlif səpkili, rəngarəng məzmunlu sənət inciləri ilə zirvəyə yüksəlmişdir”.
Qeyd olundu ki, ustad sənətkarın yaradıcılığı haqqında elmi-tədqiqat işləri yazılmış, aşığın şeirlərinə mahnılar bəstələnmiş, rəssamlar tərəfindən portretləri işlənmişdir. Aşıq Ələsgər yaradıcılığının vurğunu olan Hüseyn Həsənov öz şəxsi mənzilində ustadın muzeyini yaratmışdır.
Yubiley gecəsində Xalq artisti Afaq Məlikovanın rəhbərlik etdiyi Azərbaycan Dövlət Rəqs Ansamblı, Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblı, Əməkdar mədəniyyət işçisi, Prezident təqaüdçüsü Aşıq İsfəndiyarın rəhbərlik etdiyi Gədəbəy aşıqlar ansamblı, Ağstafa, Qazax və Tovuz aşıqları, Aşıq Əhliman Kəlbəcərlinin rəhbərlik etdiyi Kəlbəcər aşıqları, “Aşıq Pəri” məclisinin üzvləri, Aşıq Cahangirin rəhbərlik etdiyi Borçalı aşıqları rəngarəng çıxışları ilə yadda qaldılar. Dədə Ələsgərin yubiley gecəsinə Cənubi Azərbaycandan təşrif buyurmuş “Dədə Qorqud” Aşıqlar Ansamblının rəhbəri Aşıq Səlcuq Şahbazinin, Təbriz və Qaradağ aşıqları Aşıq Məhbub Xəlili, Çingiz Biriya, Abbas Məhəmmədi, Zakir Rabi, Məhəmməd və Əli Nəbati qardaşlarının möhtəşəm çıxışları alqışlarla qarşılandı. Anadoludan Bakıyacan yol gələn Aşıq Fuad Çərkəzoğlu və Aşıq Qul Nurinin Aşıq Ələsgəri bədahətən vəsf etmələri gecəyə xüsusi rəng qatdı. Dərbənddən Dədə Ələsgər gecəsinə gələn Aşıq Osman bəy Məhəmməd İbrahimin çıxışı da alqışlarla qarşılandı.
Aşıq Mahmud Məmmədovun “Baş divanisi”, Fəzail Miskinlinin “Baş Sarıtel”i, Aşıq Mais Gəncəlinin “Təcnis”i, Ədalət Dəlidağlı, Azər Xanlaroğlu, Roman Azaflı, İlqar Qələmçəlinin birlikdə ifa etdikləri “Ruhani”, Əməkdar mədəniyyət işçisi Nemət Qasımlı və şagirdlərinin çıxışı, Dəmir Vəliyev, Qələndər Zeynalov, Altay Məmmədli və Azər Alıyevin birgə ifa etdikləri “Misri”, Aşıq Ulduz və İlham Astanbəylinin ifasında “Naxçıvangülü” üstündə Aşıq Ələsgərin sözləri dil açıb danışdı.
Aşıq Fətulla Əliyevin rəhbərlik etdiyi Göyçə aşıqlar qrupu, Aşıq Ağamurad Şirvanlının rəhbərliyi ilə Şirvan aşıqları, Solmaz Kosayeva və “Aşıq Pəri” məclisinin üzvlərinin çıxışı maraqla qarşılandı.
Gecədə Cavanşir Quliyevin Aşıq Ələsgərin sözlərinə yazdığı “Xoş gəldin” mahnısı, Xalq artisti Gülyaz Məmmədovanın ifasında, “Sudan gələn sürməli qız” mahnısı isə Xalq artisti Teymur Mustafayevin ifasında səsləndi.
Xatırladaq ki, yubiley gecəsinin ssenari müəllifi və rejissoru Əməkdar incəsənət xadimi Abdulla Qurbani idi.
Təranə Vahid
Mədəniyyət.-
2011.- 16 dekabr.- S. 8.