Böyük sənətkar, gözəl insan
Bu
il görkəmli aktyor, Xalq artisti Ağadadaş Qurbanovun
(1911-1965) anadan olmasının 100 ili tamam olur. Sənətkarın
yubileyi dekabrın 20-də Gənc
Tamaşaçılar Teatrında təntənəli mərasimlə
qeyd olunacaq.
Aktyor uzun illər bu teatrın səhnəsində çıxış edib. O, milli kinomuzda da yaddaqalan obrazlar yaradıb (“Arşın mal alan”da (1965) Soltan bəy, “Fətəli xan”da Birinci elçi, “Səbuhi”də Abbasqulu ağa Bakıxanov, “Koroğlu”da Həsən xan və s.). Tamaşaçıların yaddaşından silinməyən A.Qurbanovun övladları - xalq artistləri Hamlet Qurbanov və Gülşən Qurbanova sənət tariximizə öz töhfələrini veriblər. Sənətkarın qızı, Əməkdar incəsənət xadimi Firəngiz Qurbanova atası haqqında xatirələrini oxucularımızla bölüşür:
- Atam Bakının Saray qəsəbəsində kasıb bir ailədə dünyaya gəlib. Valideynlərini erkən itirdiyi üçün bacısı ilə birgə babasının himayəsinə keçir. Ancaq bir neçə il sonra onları da itirdiyindən şikəst əmisinin yanında qalmalı olurlar. O, 9 yaşından qonşulara su daşımaqla ailənin qayğılarını yüngülləşdirməyə çalışır. Ağır həyat yaşasa da, hələ məktəb yaşlarından teatra, incəsənətə böyük maraq göstərən A.Qurbanov istedadlı uşaqları başına yığıb dram dərnəyi yaratmağa çalışır, rejissorluğu da özü edirdi. 17 yaşında ikən ilk tamaşanı - “Fırtına” (müəllif L.Kərimli) əsərini ərsəyə gətirir. Tamaşa böyüklərin də marağını cəlb edir və əsərə baxmağa gəlirlər. Beləliklə, atamın istedadını görüb sonralar onu teatra cəlb edirlər. Onun səhnəyə qoyduğu tamaşalara baxmaq istəyənlərin sayı o qədər çox olur ki, oturmağa boş yer tapılmırdı. Həmin vaxtlar atama indiki Aktyorlar evinin yerində olan köhnə bir tikilini vermişdilər. Bununla atam Gənc Tamaşaçılar Teatrının əsasını orada yaratmış olur.
Onun sənətə həvəsi sonsuz idi. A.Şərifzadə, Ü.Rəcəb, S.Ruhulla, M.Davudova, M.Əliyev, R.Təhmasibin iştirak etdiyi tamaşalara baxmaqdan yorulmaz, çox şey öyrənməyə çalışardı. Fitri istedada malik A.Qurbanov yaratdığı güclü obrazlara görə hələ 24 yaşında Əməkdar artist adına layiq görülür. Onun rejissoru olan A.Tuqanov atama həm də müəllimlik edib çox şey öyrədirdi. Bu insanda sonsuz həvəs, enerji ilə aktyorluq bir-birini tamamlayırdı. Gözəl görkəmə, gur səsə malik atamı tanıyanlar, tamaşaçıları çox sevirdilər. Onunla küçəyə çıxanda bizi salamlayar, onunla hal-əhval tuturdular. O, qayğıkeş, mehriban ata idi. Hər arzumuzu yerinə yetirməyə, bizim nazımızı çəkməyə çalışırdı. Zarafatı, xoş rəftarı ilə seçilirdi. Hətta bizim üçün yemək hazırlamaqdan belə zövq alırdı. Qohumlarımızın evində bir məclis qurulanda heç kəs onsuz süfrənin başına keçməzdi. Atam tamaşanı oynayıb gələndən sonra isə toplaşanların da əhval-ruhiyyəsi yüksələrdi. Tez-tez evimizə onun aktyor dostları (Fatma Qədri, Sidqi Ruhulla və başqaları) gələrdilər. Mənzilimiz kiçik, kommunal şəraitdə olsa da, atam bu məsələni qabartmazdı. Nəsə xahiş etmək, kimdən nəyisə ummaq onun xasiyyətinə yad idi. Hər şeyi öz əməyi sayəsində əldə etməyə çalışırdı və bunu öz şəxsi nümunəsi ilə bizə də aşılayırdı. Deyirdi ki , incəsənətə təsadüfi adam gələ bilməz.
Çox ürəyiyumşaq, həssas
insan idi. Tanımadığı adamlara belə əlindən gələn
köməyi əsirgəmirdi.
Bir dəfə Gənc Tamaşaçılar Teatrında
nəvəsini tamaşaya
gətirmiş bir nənənin pasportu cibindən sürüşüb
harasa düşür.
Bunu eşidən atam bütün teatrı ayağa qaldırır.
Nəticədə pasport tapılaraq
sahibinə qaytarılır.
Bir gün isə mağazada hamının məktəbli oğlanı
əhatəyə alıb
ona acıqlandıqlarını,
sərt sözlər deyildiyini görür.
Nə baş verdiyini aydınlaşdıranda məlum
olur ki, uşaq mağazadan icazəsiz şirniyyat götürübmüş. Onun “tənbehini” özü verəcəyini bildirib oğlanla küçəyə
çıxır. Bir qədər
söhbət etdikdən
sonra harada yaşadığını, hansı
məktəbdə oxuduğunu
öyrənir. Və
ertəsi gün onların evinə növbənöv o qədər
şirniyyat alıb göndərir ki... Atamın belə xeyirxah işləri çox idi. Sadə insanların arasında
olmağı xoşlayırdı.
Həmişə piyada, ya da tramvayla getməyə
üstünlük verirdi.
Gələcək rollarında istifadə
etmək üçün
ətrafdakılardan nəsə
öyrənirdi.
O, həmişə
Gənc Tamaşaçılar
Teatrını yaratması
ilə fəxr edərdi. Bu teatr
onun adı ilə bağlıdır.
Düzdü, sonralar 1952-ci ildən
Akademik Dram Teatrında
işləməyə (onu
baş rejissor Adil İsgəndərov dəvət etmişdi) getdi. Amma sevindirici haldır
ki, yaratdığı
həmin mədəniyyət
məbədi bu gün də fəaliyyət göstərir.
Atam həyatla erkən - 54 yaşında getsə də, sənətdə silinməyən, dərin izlər qoya bilib. Onun istedadından, incəsənətə
məftunluğundan biz övladlarına
da pay düşüb.
Ağadadaş Qurbanovun qızı
olduğum üçün
həmişə fəxr
edib onun adını doğrultmağa
çalışıram.
İradə Əsədova
Mədəniyyət.-
2011.- 16 dekabr.- S. 7.