Pantomima Teatrında “Məlikməmməd”

 

   Dekabrın 11-də Dövlət Pantomima Teatrında “Məlikməmməd” nağıl-tamaşası nümayiş olundu. Tamaşadan öncə foyedəki uşaqların səs-küyü, həvəsli gözləntisi marağı daha da artırırdı. İngilis dilində danışan sarışın azyaşlılar da ətrafı seyr edərək, gülümsəyirdilər...

  

   Tamaşanın başlanmasına lap az qalıb. Üç zəng çalınır... İşıqlar sönür...

   Qara pərdələr, mavi işıqlar...Nəhayət, uşaqlıqdan bəri dəfələrlə həvəslə dinlədiyimiz “Məlikməmməd” nağılının qəhrəmanları səhnədə görünür.

   Nəqledici (Əflatun Abdullayev) “biri var idi, biri yox idi...” cümləsi ilə nağıla başlayır.

   Qocalıb əldən düşmüş Padşahın (Elman Rəfiyev) dərdini anlatmağa çalışır. Budur, zalın bütün diqqəti hadisəni anlamağa yönəlib.

    ....Padşahın gözəl bir bağı var. Bağdakı alma ağacında bitən alma isə cavanlıq mənbəyidir. Lakin bu almanı yemək padşaha nəsib olmur. Div (Bəhruz Vaqifoğlu) hər dəfə gəlib almanı oğurlayır. Padşahın istəyi ilə üç oğlu növbə ilə almanı Divdən qorumaq üçün bağa gedirlər.

   Müasir səhnə tərtibatına sadiq qalan Pantomima Teatrı nağıl qəhrəmanlarını da müasirləşdirmişdi. Adət etdiyimiz bədheybət Div daha sevimli və incə idi. Səsindəki mülayimlik, hərəkətlərindəki ürkəklik deyəsən balacaların da ürəyincə olmuşdur. Nəinki Div, tamaşadakı bütün personajlar geyimi, danışığı, hərəkəti ilə qismən və ya bütövlüklə müasirləşdirilmişdi.

   Nəqledicinin personajlarla dialoqa girməsi, Vəliməmməd (Ceyhun Dadaşov), Əliməmməd (Əli Əlizadə) və Məlikməmmədə (Elnur İsmayılov) kömək etməsi də hadisələri daha axıcı edirdi. Cəngavərdən çox-çox fərqlənən (fərsizliyi və daha yumşaq olması ilə) padşahın oğullarından yalnız kiçiyi Məlikməmməd almaya görə Divlə mübarizə aparır. Lakin o almanı Divdən xoşluqla almağa cəhd edir. Div isə nağıldakı bədheybətliyinə deyil, süjetə sadiq qaldığından almanı Məlikməmmədə vermir. Sonda isə simvolik göyərçini (Divin canını) məhv edən Məlikməmməd almanı atasına gətirir. Həmçinin Divin əsiri olan şahzadəni (Nargilə Qəribova) xilas edir.

   Sərbəstlik, səmimilik, aktyorların səhnədə əsas aparıcı cəhəti idi. Hətta zaldakı uşaqlar arabir qəhrəmanlara nəsə deyib yardım etməyə çalışırdılar.

   Xalq nağılının motivləri əsasında qurulan eyniadlı tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəxtiyar Xanızadə, musiqi tərtibatçısı Elman Rəfiyevdir.

   Nağıl-tamaşa olmasına baxmayaraq tamaşada böyüklər üçün də sətiraltı mesajlar az deyildi. Şənbə-bazar uşağınızla birlikdə nağıllar aləminə baş vurmaq heçpis seçim deyil. Nə də olmasa nağıla olan daxili ehtiyacımız heç zaman bitmir ...Hər birinizi teatrlarda görmək ümidilə....

  

   Reyhan

 

   Mədəniyyət.- 2011.- 16 dekabr.- S. 6.