Azərbaycan sloveniyalılar üçün maraqlı turizm məkanıdır

 

   Milanka Robiç: “İki ölkə arasında turizm sahəsində geniş əməkdaşlığın qurulmasına çalışacağam”

  

   Son illər Azərbaycanda turizm sektorunun sürətli inkişafı dünyanın müxtəlif ölkələrində respublikamıza marağı artırıb. Bunu həm əcnəbi turistlərin paytaxt Bakıya və regionlarımıza çoxsaylı səfərləri, həm də xarici turizm mütəxəssislərinin ölkəmizlə bağlı müsbət fikirlərindən sezmək mümkündür. Dekabrın 8-dən 11-dək Bakıda səfərdə olan Sloveniyanın «Vita Mia» turizm şirkətinin prezidenti Milanka Robiçlə söhbətimiz də bu barədə oldu.

  

   - Ölkəmizə səfərinizin məqsədi nə idi?

   - Bakıya yaxından əməkdaşlıq etdiyimiz «Millennium Tourism & Congress DMC»nin dəvəti ilə gəlmişəm. Bir ilə yaxındır bu turizm şirkəti ilə əlaqələr qurmuşuq. Gəlişimin məqsədi Sloveniyanı Azərbaycanda yeni bir turizm istiqaməti kimi daha da tanıtmaq, digər turizm şirkətləri ilə əməkdaşlıq qurmaqdır. Bir sıra səmərəli görüşlər keçirdik. Buradakı həmkarlarımızla qarşılıqlı turist səfərlərinin təşkili barədə razılıq əldə etdik.

   - Sloveniyada turizmin hansı növləri daha çox inkişaf edib?

   - Avropanın kiçik ölkələrindən olan Sloveniyanın 2 milyon sakini var. Amma Allahın bu torpağa verdiyi təbii gözəllik və zəngin tarixi abidələr buranın Balkan ölkələri içərisində ən maraqlı turizm məkanlarından birinə çevrilməsinə imkan yaradıb. Sloveniyanın təbiəti il ərzində turizmin müxtəlif növləri üzrə qonaq qarşılamağa imkan verir. Qışda dağ-xizək turizmi, yazda və payızda ölkə üzrə piyada turlar, yayda isə çimərlik turizmi üzrə ixtisaslaşmış turizm-istirahət mərkəzlərimiz var. Dağ-xizək turizm mövsümü dekabrdan marta qədər, bəzi yerlərdə isə hətta may ayına qədər davam edir. Sloveniyanın ən məşhur dağ-xizək kurortları Kranska Qora, Boves, Boxin, Maribor və Roqladır. Qış idman oyunları üzrə müxtəlif yarışlar da bu məkanlarda baş tutur.

   Dəniz istirahətini sevənlər əsasən Sloveniyanın Adriatik dənizinin sahillərində yerləşən Portoroj, Piran, Koperİzola şəhərlərində dincələ bilərlər. Buradakı istirahət məkanlarına dünyanın bir çox ölkələrindən turistlər gəlir. Portoroj şəhəri həm də turistlər arasında səhiyyə və sağlamlıq, eyni zamanda isə məşhur SPA-bərpa mərkəzlərinin yerləşdiyi məkan kimi tanınır.

   Bundan əlavə, ölkəmizdə bütün il boyu balneoloji kurortlar fəaliyyət göstərir. Bunlar Roqaşka Slatin, Sturyan, Çatej, Portoroj kurortlarıdır. Roqaşka Slatin kurortundakı mineral su (Donat Mg) xüsusilə məşhurdur. Mineral sularımız ürək-damar sistemi, şəkərli diabet, müxtəlif oynaq xəstəliklərinin müalicəsində istifadə olunur. Onu da deyim ki, bizim müalicə mərkəzlərimizdəki qiymətlər Avropanın tanınmış kurortlarından da ucuzdur. İl ərzində 1 milyondan çox turist qəbul edirik. Onların təxminən dörddə biri müalicə məqsədilə gəlir.

   - Daha çox hansı ölkələrdən turist qəbul edirsiniz?

   - Daha çox Almaniya, Avstriya, İtaliya, Böyük Britaniyadan turistlər gəlir. Bizim üçün hazırda ən önəmli bazar Rusiya Azərbaycandır. Sloveniyanın coğrafi mövqeyi buradan qonşu ölkələrə, o cümlədən İtaliya, Avstriya, Xorvatiya Macarıstana turistlər üçün ekskursiyalar təşkil etməyə imkan verir. Ölkəmizin paytaxtı Lyubyana böyük şəhər olmasa da, burada həmişə böyük turist qruplarını görmək mümkündür.

   - Azərbaycandan Sloveniyaya qədər turist gedir? Bu barədə rəqəmlər varmı?

   - Konkret rəqəm söyləmək bir qədər çətindir. Amma gedənlər var. Azərbaycanlı turistlər əsasən müalicə məqsədilə Roqaşkaya gəlirlər. Ümumilikdə isə hələlik Sloveniya turizm ölkəsi kimi Azərbaycanda geniş tanınmayıb. Bizbu boşluğu aradan qaldırmağa çalışırıq.

   - Ölkəmizlə, Bakı ilə bağlı təəssüratınız necədir?

   - Azərbaycana ilk dəfə səfər edirəm. Bakıda çoxlu tarixi binalar, yerlər var. O, eyni zamanda çox müasir bir şəhərdir. Tarixlə müasirliyin qovuşduğu belə yerlər turistlər üçün çox maraqlı olur. İnsanlarınız da mehribandır. Mən pəhrizdə idim. Burda olduğum müddətdə pəhrizimi saxlaya bilmədim. Mətbəxiniz zəngin, yeməkləriniz isə çox dadlıdır. Düşünürəm ki, Azərbaycan da sloveniyalılar üçün maraqlı turizm məkanı ola bilər. Ölkəmizin turizm şirkətləri ilə bu barədə danışıqlar aparacağam. Gələcəkdə iki ölkə arasında turizm sahəsində geniş əməkdaşlığın qurulmasına çalışacağam.

 

    Fəxriyyə Abdullayeva

 

   Mədəniyyət.- 2011.- 16 dekabr.- S. 5.