Müəllimlər
müəllimi Abuzər Xələfov
Görkəmli alimin yubileyinə həsr olunmuş konfrans
Dekabrın 14-də M.F.Axundzadə
adına Milli Kitabxanada
respublikamızda kitabxanaşünaslıq elminin
banisi, tarix elmləri doktoru, professor, BDU-nun kitabxanaşünaslıq
kafedrasının müdiri Abuzər Xələfovun
80 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi
konfrans keçirildi.
Konfransda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev, nazirliyin məsul işçiləri, elm, mədəniyyət xadimləri, Tatarıstanın TÜRKSOY-dakı təmsilçisi Liliya Səttarova, Tatarıstan Yazıçılar İttifaqının üzvü Rəhim Gəray, Türkiyə Milli Kitabxanasının şöbə müdirləri Nərmin Aşvar və Demet Aktaş, digər qonaqlar iştirak edirdilər.
Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yeni nəşr olunmuş «Kitabxana və cəmiyyət» kitabının və alimin elmi yaradıcılığına həsr edilmiş biblioqrafik nəşrin təqdimatı da oldu. «Biblioqrafik məlumat kitabı» A.Xələfovun anadan olmasının 80, elmi-pedaqoji fəaliyyətinin 60 illiyinə, «Kitabxana və cəmiyyət» monoqrafiyası isə Azərbaycan Respublikasının 20 illik yubileyinə həsr olunub.
Konfransı Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq yubilyarın həyatı və elmi-pedaqoji fəaliyyətindən danışdı, onu Azərbaycan kitabxanaçılarının ağsaqqalı adlandırdı. Qeyd olundu ki, A.Xələfovun yubileyinin geniş qeyd olunması, tədbirdə türkdilli ölkələrin nümayəndələrinin iştirak etməsi görkəmli alimə böyük ehtiramın nümunəsidir: “Abuzər Xələfov şərəfli ömrün ən təmtəraqlı anlarını yaşayır. Onun kitabxanaçıların stolüstü kitabına çevrilən 40-a yaxın kitabı, 300-dən artıq elmi əsəri var. Hələ də yazıb-yaradır. Biz ondan öyrənirik və hələ neçə illər ondan öyrənəcəyik. Kitabxanaçılarımız daima onun kitablarından bəhrələnəcəklər.
Abuzər Xələfovun əmək kitabçasında bir yazı var - Bakı Dövlət Universiteti, Kitabxanaçılıq fakültəsi. Bu günə kimi bu yazı dəyişməyib. Universiteti bitirən gündən indiyədək orada çalışır. Bu adi tale deyil».
Natiq A.Xələfovun əməyinin dövlət tərəfindən yüksək qiymətləndirildiyini, onun Əməkdar elm xadimi, Əməkdar mədəniyyət işçisi fəxri adlarına, «Şöhrət» ordeninə, Prezident təqaüdünə layiq görüldüyünü bildirdi.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev isə yubilyarı nazirliyin işçiləri, mədəniyyət sahəsində çalışan insanların adından təbrik etdi. Kitabın, kitabxanaların və kitabxanaçıların əməyinin bəşəriyyət üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayan nazir A.Xələfovun Azərbaycan kitabxanaşünaslığında müstəsna xidmətlər göstərdiyini dedi: «Azərbaycanın kitabxana şəbəkəsində 30 minə qədər insan çalışır. Bu insanları bir araya gətirə bilsəydik hamısı deyəcəkdi ki, biz Abuzər müəllimin tələbələriyik və belə bir müəllimimizin olması ilə fəxr edirik. Kitab, elm, bilik, savad daima bəşəriyyətlə yaşayan anlayışlar olub. Şərqdə əsrlər boyu əlyazmalara, kitablara böyük hörmətlə yanaşırdılar və elmin səviyyəsi həmişə yüksək tutulub. Düşünürəm ki, bu kitabların bir araya gətirilməsi, onların insanlara çatdırılması dünyada mövcud olan ən vacib peşələrdən biridir. Kitablarla gündəlik çalışan və bu xəzinənin incilərini bilən insanlara çox rast gəlinmir. Belə insanların əməyini vaxt ötdükcə daha yaxşı anlayırıq. Kitabxanaşünaslıq elmimizin təşəkkül tapmasında böyük rol oynayan Abuzər Xələfovun yubileyini kitab bayramı da hesab edə bilərik. Abuzər Xələfov həmişə müəllimlərin müəllimi olacaq».
Abuzər Xələfovun simasının hamı üçün doğma, əziz olduğunu deyən nazir onun daxilən gənc, özündə yeniləşməyə həmişə imkan və güc tapan bir insan olmasından söz açdı: «Azərbaycanın müstəqilliyinin ilk illərində kitabxana şəbəkəsinin saxlanılması, möhkəmləndirilməsi prosesi çox çətin gedirdi. Böyük öndər Heydər Əliyev Azərbaycana qayıdandan sonra elmə, savada diqqət bərqərar olundu. Bundan sonra isə Abuzər Xələfovun rəhbərlik etdiyi kitabxanaçılar ordusu elmə diqqət ayıraraq, var qüvvə ilə çalışmağa başladı. Kitabxana sistemi yeniləşdi. Bütün bu yeniliklərin, yeni texnologiyaların tətbiq olunmasında Abuzər müəllimin də böyük əməyi olub. Bu gün kitabxana işi dövlətin diqqət mərkəzindədir. Prezident İlham Əliyev tərəfindən bu sahə ilə bağlı Dövlət Proqramının təsdiq olunması da bunun göstəricisidir. Mən əminəm ki, bu gün kitabxanalarımızda qorunan kitablar neçə-neçə əsrlər boyu insanlara lazım olacaq. Onlar rəqəmsal və ya digər formada yaşayacaq və insanların kitablara olan tələbatı heç vaxt azalmayacaq. Bu xəzinənin qorunması kitabxanaçılarımızın üzərinə düşür”.
Bir gün öncə (13 dekabr) Milli Kitabxanada TÜRKSOY-un dəstəyi ilə böyük tatar şairi Abdulla Tukayın 125 illiyinə həsr olunmuş beynəlxalq elmi konfransın keçirildiyini xatırladan nazir bu iki günün əsl kitab bayramı olduğunu bildirdi: “TÜRKSOY-un bu tədbirləri Bakıda keçirməsinə razılıq verməsi, təşkilatın nümayəndələrinin Azərbaycana təşrif buyurması ondan xəbər verir ki, kitab, elm, savad həmişə bizim xalqlar üçün yüksəkdə duran amil olub və bu indi də belədir».
Çıxışının sonunda Əbülfəs Qarayev Abuzər Xələfova nazirlik adından mükafat təqdim etdi.
Daha sonra çıxış elən Tatarıstan mədəniyyət nazirinin müavini İradə Ayupova Azərbaycanda kitabxana işinə yüksək qiymət verildiyinə şad olduğunu deyərək, Tatarıstan Mədəniyyət Nazirliyinin mükafatını yubilyara təqdim etdi. Milli Məclisin deputatı, professor Nizami Cəfərov isə Azərbaycanda kitabxanaçılıq elminin əsasını A.Xələfovun qoyduğunu və bu elmin tarixinin onunla başladığını bildirdi. A.Xələfovun həyat və fəaliyyəti haqqında məruzə edildikdən sonra Azərbaycanın TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlı da çıxış edərək, yubilyarı təbrik etdi.
Gülər
Mədəniyyət.-
2011.- 16 dekabr.- S. 4.