Əhməd
Əfəndi Çələbizadə
Muzey
qurucularımız
Azərbaycan
xalqının milli sərvətinin - maddi və mənəvi abidələrinin
toplanılması, qorunması və gələcək nəsillərə
ötürülməsi sahəsində fədakarlıqla
çalışan şəxslərdən biri
də Əhməd Əfəndi Çələbizadə olmuşdur. O, dövrünün
görkəmli din xadimi
və ziyalısı kimi
tanınmışdır. O, Qubada ilk dəfə tarix muzeyi yaratmış, habelə bölgənin etnoqrafik tədqiqi ilə məşğul olmuşdur.
Quba Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Məryəm Hacıyeva 2000-ci ildə bizə Əhməd Əfəndinin həyatı və fəaliyyəti ilə bağlı materiallar təqdim etmiş və həmin materiallar Azərbaycanda muzey işinin tarixinə aid apardığımız araşdırmalarda istifadə olunmuşdu. Hesab edirik ki, bu işıqlı insanı, maddi və mənəvi sərvətlərimizin fədakar toplayıcısı və tədqiqatçısını daha yaxından tanımalı və tanıtmalıyıq.
Əhməd Əfəndi Çələbizadə 1892-ci ildə Qubada doğulmuşdur. Tiflisdə ruhani məktəbində təhsil almış, Qubaya qayıtdıqdan sonra Cümə məscidində ruhani kimi fəaliyyət göstərmişdir. Eyni zamanda, məscidin yanında yerləşən mədrəsədə müəllimlik etmişdir.
Məryəm Hacıyevanın təqdim etdiyi materiallardan məlum olur ki, Əhməd Əfəndi öz xalqının tarixinə və mədəniyyətinə yaxından bələd olmuş, ədəbiyyat bilicisi kimi tanınmış, bir neçə dil bilmişdir. Məhz öz xalqının tarixinə və mədəniyyətinə sonsuz məhəbbət və maraq onun Qubada muzey yaratması ilə nəticələnmişdir.
O, 1924-cü ildə «Cümə məscidi» yanında dərs dediyi mədrəsədə muzey yaratmış, burada Azərbaycan tarixinə və mədəniyyətinə aid materiallar toplamışdır. Eksponatların əksəriyyəti Əhməd Əfəndinin özünə məxsus olmuşdur. Bununla yanaşı, o, idarə və təşkilatlar, ayrı-ayrı şəxslərlə əlaqə saxlamış, bir sıra əşyaların muzeyə verilməsinə nail olmuşdur. Bu əşyalar sırasında qədim əlyazmaları və kitablar, xalça və xalça məmulatları, xalq tətbiqi sənəti nümunələri, zərgərlik məmulatları və s. vardı. Muzey ictimai əsaslarla yaradılmış və fəaliyyət göstərmişdir. Təbii ki, mövcud ekspozisiya tələb olunan səviyyədə deyildi və Azərbaycanın ən qədim yaşayış məskənlərindən olan Quba bölgəsinin zəngin tarixini və mədəniyyətini dolğunluğu ilə əks etdirə bilməzdi. Muzeyin əsaslı surətdə yenilənməsi və dövlət müəssisəsinə çevrilməsi günün reallığı idi.
1932-ci ilin avqust ayında Quba Rayon İcraiyyə Komitəsinin iclasında «Quba şəhərində muzeyin təşkili barədə» xüsusi məsələ müzakirə edilmişdir. İclasda muzeyin təşkili məqsədilə mütəxəssislər tərəfindən hazırlanmış tezislərə və plan-layihəyə baxılmışdır. Hər iki sənəddə muzeyin ekspozisiyasının təşkili ilə bağlı tövsiyələr, habelə təxmini strukturu öz əksini tapmışdır.
Plan-layihədən məlum olur ki, ekspozisiyanın ilk bölməsi rayonun təbiətinə həsr olunmuşdur. Burada rayonun və keçmiş Quba qəzasının coğrafi və hidrometeoroloji xəritələri, habelə ərazinin flora və iqliminə aid xəritələr quraşdırılmış, bitki aləmi və faydalı qazıntılarından nümunələr nümayiş etdirilmişdir.
Sonrakı bölmələr bölgənin tarixinə, mədəniyyətinə və etnoqrafiyasına həsr olunmuşdur. Bölmələrin adları da maraq doğurur və 1930-cu illərdə muzeyin yaradıcılarının uzaqgörənliyini, eyni zamanda, cəsarətini alqışlayırsan. Bölmələrin adlarına nəzər yetirək: «Keçmiş Quba qəzasının qədim mədəniyyət abidələri», «Quba xanlığının yaranmasına qədər olan dövrə aid materiallar», «Quba xanlığının rus çarizmi tərəfindən zəbt edilməsi», «Komendantlıq dövrü» və s.
Ekspozisiyada ayrıca «Etnoqrafiya» bölməsi də nəzərdə tutulmuşdu. Bu bölmədə azərbaycanlılarla yanaşı, rayonda yaşayan azsaylı xalqların həyatına, adət-ənənələrinə, sənətkarlığına, xüsusən bölgədə geniş yayılmış xalça sənətinə və misgərliyə aid materiallar göstərilirdi. Əlbəttə, ekspozisiyada 1920-1930-cu illərdə Qubanın mədəniyyət, maarif və təsərrüfatını əks etdirən materiallar da yer almışdı.
Rayon İcraiyyə Komitəsinin iclasında Qubada muzey yaradılması məqsədəuyğun sayılmış və bu barədə xüsusi qərar qəbul olunmuşdur (11 avqust 1932-ci il tarixli, 9 saylı protokol). Eyni zamanda, bu işə kömək göstərilməsi Azərbaycan Dövlət Muzeyindən (indiki Milli Azərbaycan Tarixi Muzeyi) və digər muzeylərdən xahiş edilmişdir.
Qeyd etmək lazımdır ki, Quba tarix-diyarşünaslıq muzeyi respublikamızda həmin profildən olan ilk muzeylərdən biridir. Bünövrəsi 1924-cü ildə qoyulmuş muzey Əhməd Əfəndi Çələbizadənin rəhbərliyi ilə 1935-ci ilədək ictimai əsaslarla fəaliyyət göstərmişdir. Azərbaycan Xalq Maarif Komissarlığı 1935-ci ilin mayında Quba Maarif Şöbəsinə yazmışdır: "Xalq Maarif Komissarlığının Elmi-tədqiqat müəssisələri idarəsi yoldaş Əhməd Çələbizadəni Quba muzeyinin müdirliyinə təyin olunmaq üçün Sizin sərəncamınıza göndərir. Yoldaş Çələbizadə lazımi təlimatla təmin edilmiş və ona təşkil edəcəyi muzey haqqında konkret tapşırıqlar verilmişdir".
Beləliklə, Əhməd Əfəndi Çələbizadənin təşkil etdiyi muzey dövlət müəssisəsinə çevrilir və onun yaradıcısı bu muzeyin direktoru təyin olunur. Lakin muzeyin dövlət müəssisəsi kimi fəaliyyəti uzun sürmür. 1937-ci ildə Əhməd Əfəndinin repressiyaya məruz qalması ilə əlaqədar muzeyin fəaliyyəti də dayanır. Mədəni dəyərlərimizin cəfakeş toplayıcısı və qoruyucusu olan bu gözəl ziyalı 1937-ci il sentyabrın 1-də güllələnir.
Əhməd Əfəndi Çələbizadə tədqiqatçı-etnoqraf kimi də tanınır. O, 1930-cu illərdə ilk və görkəmli Azərbaycan etnoqraflarından biri Ələsgər Ələkbərovun tövsiyəsi ilə Quba bölgəsinin etnoqrafiyasına aid çöl-tədqiqat işləri aparmışdır. Uzun illər əlyazması şəklində Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivində mühafizə olunan bu tədqiqat işi Quba Rayon İcra Hakimiyyətinin tövsiyəsi və köməyi ilə Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən 2008-ci ildə «Quba - dövrün adət və qaydaları (XIX-XX əsrin 20-30-cu illəri)» adı ilə nəşr edilmişdir. Biz bu nəcib işin həyata keçirilməsində iştirak etmiş hər bir şəxsin əməyini yüksək qiymətləndirir, onlara minnətdarlığımızı bildiririk. Milli Azərbaycan Tarixi Muzeyi bu kitabı nəşr etməklə çox maraqlı və gərəkli bir tədqiqat işini mütəxəssislərə və geniş oxucu kütləsinə təqdim etmişdir.
Məlum həqiqətdir ki, konkret bir bölgənin tarixi-etnoqrafik tədqiqi ümumən xalqın tarixinin və etnoqrafiyasının öyrənilməsində mühüm rol oynayır. Bu baxımdan Əhməd Əfəndi Çələbizadənin Quba bölgəsinin etnoqrafiyası ilə bağlı araşdırmaları xüsusi əhəmiyyət kəsb edir. Bu tədqiqat işində bölgədə mövcud adət və qaydalar, o cümlədən toy adətləri, dini adətlər, bayramlar, sınaqlar, etiqadlar, dini mərasimlər, habelə bölgənin təsərrüfat həyatı-əkinçilik, bostançılıq, tərəvəzçilik və s. barədə yetərli məlumat verilmişdir.
Əhməd Əfəndi Çələbizadənin bu araşdırmasından ayrı-ayrı bölgələrin etnoqrafik tədqiqində dəyərli bir mənbə kimi istifadə etmək olar. Onun yaratdığı muzey isə 1943-cü ildə bərpa edilərək Elmlər Akademiyasının baza müəssisəsi kimi yenidən fəaliyyət göstərmişdir. Muzey 1963-cü ilədək yenə də ictimai əsaslarla fəaliyyət göstərmiş, nəhayət, 1964-cü ildə respublika Mədəniyyət Nazirliyinin tabeliyinə verilmiş, lazımi ştat vahidləri və vəsaitlə təmin olunmuşdur.
Muzey hazırda görkəmli alim, yazıçı və mütəfəkkir A.A.Bakıxanovun bir vaxtlar yaşadığı mülkdə yerləşir. Burada arxeoloji və etnoqrafik nümunələrdən ibarət zəngin kolleksiyalar vardır. Muzeydə "Qubanın təbiəti", "Qədim dövr", "Quba XX əsrədək", "Quba XX yüzillikdə", "Etnoqrafiya", "A.A.Bakıxanov", "Quba xalça sənəti" və s. ekspozisiya bölmələri var.
Muzey yenidən fəaliyyətə başladıqdan sonra bu müəssisəyə tanınmış yerli ziyalılardan Mürsəl Hacıyev, Aslan Quliyev, Nəzirə Əsgərova, Cəfər İbrahimov, İzzəddin Şıxverdiyev rəhbərlik etmiş, Əhməd Əfəndi Çələbizadənin başladığı xeyirxah işi davam etdirmişlər.
1997-ci ildən Quba Tarix-Diyarşünaslıq Muzeyinə Məryəm Hacıyeva rəhbərlik edir. Məryəm xanımın rəhbərliyi dövründə muzeyin fəaliyyəti daha da genişlənmiş, Qubada ictimai əsaslarla iki yeni muzey - Şəhidlər muzeyi və A.A.Bakıxanovun ev-muzeyi yaradılmışdır. A.A.Bakıxanovun Əmsar kəndində yerləşən ev-muzeyi 1999-cu ildə respublika Mədəniyyət Nazirliyinin əmrinə əsasən Quba Tarix-Diyarşünaslıq Muzeyinin filialına çevrilmişdir.
Məryəm Hacıyeva muzey işi sahəsində qazandığı uğurlara görə Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür. O, Beynəlxalq Muzeylər Şurası (İKOM) Azərbaycan Milli Komitəsinin üzvüdür.
Bəli, gözəl ziyalı, mədəni dəyərlərimizin cəfakeş qoruyucusu olmuş Əhməd Əfəndi Çələbizadənin Qubada əsasını qoyduğu muzey bu gün tariximiz və yaddaşımızla bağlı milli sərvətimizi toplayır, qoruyur və təbliğ edir.
Adilxan Bayramov,
filologiya elmləri doktoruKƏhməd Əfəndi Çələbizadə
21.12.2011
Muzey
qurucularımız
Azərbaycan xalqının milli sərvətinin - maddi və mənəvi abidələrinin toplanılması, qorunması və gələcək nəsillərə ötürülməsi sahəsində fədakarlıqla çalışan şəxslərdən biri də Əhməd Əfəndi Çələbizadə olmuşdur. O, dövrünün görkəmli din xadimi və ziyalısı kimi tanınmışdır. O, Qubada ilk dəfə tarix muzeyi yaratmış, habelə bölgənin etnoqrafik tədqiqi ilə məşğul olmuşdur.

filologiya elmləri
doktoru
Mədəniyyət.-
2011.- 21 dekabr.- S. 15.