Vatikanda Azərbaycan əlyazmaları
Xəbər
verdiyimiz kimi, Vatikandakı Apostol kitabxanasında Azərbaycanla
bağlı qiymətli əlyazmalar aşkar edilib. Bu ilin
yayında aşkarlanan Azərbaycan tarixinin müxtəlif
dövrlərinə aid 600-dək sənədin surətləri
artıq Bakıya gətirilib.
Ümumi həcmi 1000 səhifəyə
qədər olan sənədlər orta əsrlərdə Azərbaycanda
mövcud olan Səlcuqlar, Elxanilər, Atabəylər,
Ağqoyunlu, Qaraqoyunlu, Səfəvilər, Qacarlar dövlətlərinin
hökmdarlarının Vatikan papalarına məktubları və
onlara yazılan cavab məktublarından ibarətdir.
Vatikan kitabxanasında tədqiqatlar
aparmış alim, Azərbaycan Milli Elmlər
Akademiyasının Əlyazmalar İnstitutunun Tərcümə
və informasiya şöbəsinin müdiri Fərdi Ələkbərlinin
sözlərinə görə, bu sənədlər müəyyən
dövr ərzində məxfi sayılıb, indi isə məxfilik
aradan qaldırıldığına görə biz onları
sifariş edib pulla almışıq: «Sənədlər IX əsrdən
XX əsrə qədər olan dövrü əhatə edir. Məktublar
müxtəlif dillərdə yazılıb. Onların
arasında qədim uyğur və monqol dillərində sənədlərə
də rast gəlmək mümkündür. Qədim
fransız, italyan və bir sıra başqa dillərdə də
yazılar var. Amma məktubların əksəriyyəti
latın dilindədir. Orda demək olar ki, orta əsrlərdə
Azərbaycanda mövcud olan feodal dövlətlərin
apardıqları siyasət işıqlandırılır ki,
bu da o dövrkü mövcud siyasi durumu öyrənmək
baxımından vacibdir. Bundan başqa onların arasında
katolik missionerlərin Azərbaycanda olduqları zaman qeydə
aldıqları məlumatlar da yer alıb. Sənədlərdən
aydın olur ki, missionerlər Vatikandan Şərq ölkələrinə
gedirdilər ki, orda vəziyyəti öyrənsinlər və
baxsınlar ki, orda xristian dinini təbliğ etmək olar, ya
yox. Yazılarda elə faktlar var ki, indiyə qədər
başqa mənbələrdə rast gəlinməyib. Məsələn,
Azərbaycanın əhalisi, ayrı-ayrı şəhərləri,
onların əhalisi, milli və dini tərkibi, hətta dinlərin
təriqətləri, memarlıq abidələri, mədrəsələrin
sayı, hansı şəhərdə hansı
hökmdarın hökmranlıq etməsi, ölkənin
iqtisadi vəziyyəti və s. sənədlərdə öz əksini
tapıb. Bir sözlə, sənədlərdə olan faktlar Azərbaycanın
tarixini öyrənmək üçün həddindən
artıq maraqlı və vacibdir. İndiyə qədər bu məktubların
və sənədlərin olması haqqında bizdə
heç bir məlumat yox idi. Amma hazırda biz onları əldə
etmişik».
Mütəxəssis deyir ki, gətirilən
arxiv sənədlərinin müxtəlif dillərdə
olması bu sahədə tədqiqatları çətinləşdirir.
Eyni zamanda məktubların çoxu diplomatik sənəd
olduğundan onları tədqiq etmək üçün həmin
dövrün tarixini, siyasi mühitini dərindən
araşdırmaq tələb olunur. Alimin sözlərinə
görə, hazırda bu sahədə hazırlıqlara
başlanılıb: «Tədqiqatlar ən azı bir neçə
il vaxt aparacaq. Bütün bunlara baxmayaraq sənədlər
tam tədqiq olunacaq və bundan sonra dərc ediləcək. Bu
bizim qarşımızda duran bir nömrəli vəzifədir.
Vatikandan gətirilən sənədlər Əlyazmalar
İnstitutunun Elm fonduna daxil olduqdan sonra tariximiz, o cümlədən
Azərbaycanda orta əsrlərdə siyasi vəziyyət və
elmin səviyyəsi barədə geniş məlumatlar əldə
olunacaq”.
Fərid Ələkbərlinin
sözlərinə görə, Vatikanın Apostol
kitabxanasından gətirilən Azərbaycan əlyazmalar
arasında sənədlərdə elə müəlliflərin
adı var ki, onlar haqqında bizim indiyədək bir təsəvvürümüz
olmayıb: ”Onlar Şirvandan, Cənubi Azərbaycandan olan orta əsr
Azərbaycan yazıçı və şairləridir ki, ilk dəfə
aşkarlanaraq əsərləri bura gətirilib. Bu işlər
Mədəniyyət və Turizm Nazirliyi və Milli Elmlər
Akademiyasının köməyi ilə yerinə yetirilib. Heydər
Əliyev Fondu da bu işdə bizə böyük dəstək
verir. Vatikan kitabxanasında aşkarlanan 60 əlyazmanın
çoxunun bərpaya ehtiyacı var. Heydər Əliyev Fondu sənədlərin
bərpasını öz üzərinə götürüb.
Artıq əlyazmaların üçdə bir hissəsi bərpa
olunub. Vatikan tərəfi söz verib ki, gələn ilin
sentyabrına qədər bütün əlyazmalar bərpa
olunacaq».
Yeri gəlmişkən qeyd edək
ki, noyabrın 29-da Heydər Əliyev Fondunun təşəbbüsü
və Azərbaycanın Vatikandakı səfirliyinin dəstəyi
ilə Vatikanda Azərbaycan Respublikasının dövlət
müstəqilliyinin bərpa edilməsinin 20-ci
ildönümünə həsr olunmuş təntənəli
mərasim keçirilib. Mərasim çərçivəsində
Azərbaycanın birinci xanımı, Heydər Əliyev
Fondunun prezidenti Mehriban Əliyeva Vatikanın mədəniyyət
naziri, kardinal Can-Franko Ravazi ilə görüşüb.
Kardinal Azərbaycanın Vatikandakı Apostol kitabxanasında həyata
keçirdiyi layihənin əhəmiyyətini vurğulayaraq
deyib ki, bu zəhmətli iş nəticəsində Azərbaycan
haqqında 40 manuskriptdən 15-i bərpa olunub.
F.Ələkbərlinin sözlərinə
görə, bu günə qədər Vatikan əlyazmaları
arasında heç bir əlyazma Azərbaycanın adı ilə
təqdim olunmayıb. Sənədlərin hamısı ərəb,
fars, türk adları altında gedirdi: “ Heydər Əliyev
Fondunun bu əlyazmaları məhz Azərbaycan əlyazması
kimi bərpa etməsi həm də Vatikanda bir azərbaycançılıq
məfhumunun da bərqərar olması deməkdir. Bunun da bizim
üçün böyük əhəmiyyəti var».
Mehparə
Mədəniyyət.-
2011.- 21 dekabr.- S. 14.