Musiqi xalqlar arasında körpü yaradır
Görkəmli macar bəstəkarı Ferens Listin 200
illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Dekabrın 17-də Musiqi Mədəniyyəti
Dövlət Muzeyində görkəmli macar bəstəkarı,
pianoçu Ferens Listin 200 illik yubileyinə həsr olunan tədbir
keçirildi. Tədbiri muzeyin direktoru, Əməkdar mədəniyyət
işçisi Alla Bayramova açaraq Ferens Listin dünya musiqi
mədəniyyətinə verdiyi töhfələrdən
danışdı. Qeyd olundu ki, 2011-ci il
dünyada “Ferens List ili” elan edilib.
İl ərzində Azərbaycan
da daxil olmaqla bir çox
ölkələrdə bu
böyük sənətkarın
yaradıcılığına və şəxsiyyətinə
həsr edilmiş konsertlər, simpozium və konfranslar keçirilib. Yubiley tədbirləri
Azərbaycan və macar xalqları, bu iki ölkənin
mədəniyyətləri arasında bir növ körpü yaradıb.
Bakı Musiqi Akademiyasının prorektoru, professor Oqtay Abbasquliyev böyük bəstəkar Ferens Listin yubiley tədbirləri çərçivəsində
keçirilmiş fortepiano ifaçıları
müsabiqəsinin dəstəklənməsinə
görə Macarıstanın
ölkəmizdəki səfiri
Jolt Çutoraya təşəkkürünü
bildirdi.
Səfir Jolt Çutora tədbirin əhəmiyyətini qeyd edərək ölkəmizdə
böyük bəstəkar
F.Listin yaradıcılığına
göstərilən diqqət
və hörmətə
görə məmnunluğunu
bildirdi: “Azərbaycan heyrətamiz musiqi və mədəniyyət
ölkəsidir. Mən mədəniyyət
üçün bu qədər vəsait xərclənən başqa
bir ölkə tanımıram. Burada bütün
xalqların mədəniyyətini
sevir və qiymətləndirirlər. Musiqini sevdiyinizə görə çox sağ olun”.
Direktor A.Bayramova muzey
adından səfirə
dünya şöhrətli
bəstəkar Qara Qarayevin həyat və yaradıcılığından
bəhs edən “Kitab-albom“u hədiyyə etdi.
Sonra Bakı Musiqi
Akademiyasının dosenti,
musiqişünas Səadət
Səttarova Ferens Listin həyat və yaradıcılığı
haqqında məruzə
etdi.
Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra Bakı Musiqi Akademiyasının yanında məktəb-studiyanın
VII sinif şagirdi Ceyhun Əzizovun ifasında F.Listin “İthaf”, L. və M.Rostropoviçlər adına
21 saylı musiqi məktəbinin şagirdi
Lalə Məmmədovanın
ifasında “Cırtdanların
rəqsi”, habelə 23
saylı musiqi məktəbinin IX sinif şagirdi Kamilə Heydərova, Bakı Musiqi Akademiyasının
II kurs tələbəsi
Qəmər Mahmudova, Bakı Musiqi Kollecinin tələbəsi
Tofiq Şıxıyevin
və kollecin məzunu Abbas Abdullazadənin təqdimatında
musiqi nömrələri
səsləndi.
Tədbirdə Macarıstanın Azərbaycandakı səfirliyinin
nəzdində fəaliyyət
göstərən informasiya
mərkəzinin, Azərbaycandakı
rus icmasının “Sodrujestvo” ədəbi birliyinin nümayəndələri
iştirak edirdi.
Savalan Fərəcov
Mədəniyyət.-
2011.- 21 dekabr.- S. 12.