İşıqçı
rəssamlar
Səhnə
arxasında qalanlar
Teatr incəsənətin sintetik, kollektiv əmək tələb
edən janrlarından biridir. Səhnə əsərinin ərsəyə
gəlməsində zəhməti keçən bir çox sənət
sahibləri var ki, tamaşaçı onları görmür,
onlar haqqında ən yaxşı halda tamaşanın
afişasından, proqram-bukletindən, yaxud işçi heyət
barədə mediada yer alan informasiyadan məlumat alır. Səhnə
arxasında qalan, amma tamaşanın hazırlanmasında
mühüm rolu olan sənət sahiblərindən biri də
işıq ustaları, yaxud işıqçı rəssamlardır.
Onlar praktik olaraq bütün səhnə
əsərlərində texniki heyətdə əsas yerlərdən
birini tuturlar. Heç bir tamaşanı, konsert
proqramını işıqsız təsəvvür etmək
mümkün deyil. İşıqçı rəssam səhnədə
işıq effektlərini uğurla dizayn etməklə
tamaşanın, konsertin baxımlı alınmasına nail
olur. Bu baxımdan teatr və konsert zallarının dünya
standartlarına uyğun qurulması, ən müasir texniki
avadanlıqlarla təmin olunması ilə yanaşı, bu
avadanlıqlarla işləyə bilən peşəkar texniki
heyətin olması da çox mühümdür.
İşıqçı rəssamların
işi ilə tanışlığa Dövlət Gənc
Tamaşaçılar Teatrından başladıq. Teatrın
direktoru, Əməkdar artist Mübariz Həmidov bu mövzuya
müraciət etməyimizi təqdirlə qarşılayaraq
işıq ustalarının əməyinin hər bir teatrda
xüsusi yeri olduğunu bildirdi. Teatrın işıq sexi ilə
tanış olmağa şərait yaradan direktor sexin rəisi
Vadim Kuskovun işindən razılıq etdi: ”Teatrın
işini işıqsız təsəvvür etmək
qeyri-mümkündür. Səhnə əsərində
rejissor fikrinin və ideyasının tamaşaçıya
çatdırılması bu insanların peşəkarlığından
çox asılıdır. Onlar unikal işıq səhnələri
yaradaraq tamaşaçını sevindirə,
düşündürə və həyəcanlandıra bilirlər.
Teatrımızın işıq rəssamı Vadim Kuskov bu sahədə
respublikamızda çalışan ən peşəkar
kadrlardan biridir”.
Uşaqlıq həvəsi onu bu peşəyə gətirib
Vadim Kuskov 12 ildir ki, Gənc
Tamaşaçılar Teatrında işıq rəssamı
kimi çalışır. Hələ məktəb
yaşlarında televiziya proqramlarını, canlı konsert və
teatr tamaşalarını izləyərkən işıq
effektlərinə xüsusi diqqət verərmiş. Elə bu
maraq da onun sonrakı peşə seçimində həlledici
rol oynayıb. Seçdiyi peşədən də
razıdır: “Hələ teatrın yarandığı ilk
zamanlarda səhnələr şamlar vasitəsi ilə
işıqlanırdı. Şamlar xüsusi qablara yerləşdirilirdi
və onların işıq salma sahələri genişlənirdi.
Təbii ki, müasir texnika bu sahədə çox
böyük imkanlar yaradır. Hər hansı bir səhnə
qurulduğu zaman onu real görünməsini istəyirəm.
İşıq vasitəsilə səhnəni tam olaraq
çatdırmaq istəyirəm. İşıq səhnədə
məkanı göstərməklə yanaşı, aktyorun
halını da çatdırmaq imkanına malikdir. Hazırda
işimi təkmilləşdirmək üçün internet
vasitəsi ilə dünyanın bir çox işıq
ustaları ilə əlaqələr qururam. Fikir mübadilələri,
müzakirələr aparırıq. Bu sahədə baş verən
yeniliklərlə bir-birimizi tanış edirik. Mədəniyyət
və Turizm Nazirliyinin göndərişi və teatr rəhbərliyinin
məsləhəti ilə 10 gün müddətində
Gürcüstanda təcrübə keçdim. Tamaşalara
baxdıq, təcrübələrimizi bölüşdük.
Bu təcrübə teatrımızda təmirdən sonra
qurulan yeni avadanlıqlarla işləməyimə xeyli kömək
etdi. Bu gün teatrımız müasir standartlara uyğun
avadanlıqla təchiz olunub. İşləmək də
asandır.
Bu peşənin qəribəliyi
ondadır ki, bir neçə sahəni özündə birləşdirir:
rəssamlıq, texniki biliklər, fantaziya və s. Televiziyada,
kinoda işıq kamera ilə birgə işləyir, teatrda isə
gözlə. Bu səbəbdən də teatrdakı
işıq səhvi tez nəzərə çarpır. Bəzən
gecələr səhərə kimi işdə qalıb
quracağım işıq effektinin üzərində
çalışıram.
Çox istərdim ki, bir sıra
ölkələrdə olduğu kimi, bizdə də
işıq rəssamlarının birliyi təşkil edilsin.
Dünyada və ölkədə bu sahədə baş verən
yeniliklərlə bir-birimizi tanış edək, müzakirələr
aparaq”.
Rejissorluğu oxudu, işıq rəssamı oldu
Rafael Həsənov artıq 13 ildir
ki, Azərbaycan Akademik Milli Dram Teatrında işıq rəssamı
işləyir. Mədəniyyət və İncəsənət
Universitetinin “Teatr rejissorluğu” fakültəsini bitirib. Bu
peşəyə təsadüfən gəldiyini, işıq rəssamlığını
təcrübə yolu ilə öyrəndiyini bildirir.
Hazırda işıq sexinin rəisidir. Sənətinin
maraqlı və çətin tərəfləri barədə
danışır: “İşıq rəssamı səhnədə
aktyoru işıqlandırmaqla yanaşı rejissorun fikrini
çatdırmağı bacarmalıdır. İşimizi
dekorasiyaya uyğun qururuq. İşıq məkana görə
verilir. Tamaşada aktyor oyununu, musiqini dekorasiya və
işıq işi tamamlayır. Rejissorla işıq rəssamı
ümumi bir fikrə gəldikdən sonra iş prosesi kompyuterdə
proqramlaşdırılıb yaddaşa verilir. Bu gün
dünya teatrlarında işıq effektlərindən geniş
istifadə olunur. Tamaşanın işıq sistemi ən
azı 15 gün müddətində qurulur. Bu müddət ərzində
effektli iş əldə etmək olar.
2008-ci ildə Mədəniyyət
və Turizm Nazirliyinin göndərişi ilə mən də
bir neçə işıqçı rəssamla birlikdə təcrübə
mübadiləsi keçmək üçün
Gürcüstana ezam olundum. Ş. Rustaveli adına Dövlət
Akademik Teatrında təcrübə keçdik. Bunun
sonrakı işimdə böyük köməyi oldu.
Hazırda bir neçə teatrla əməkdaşlıq edirəm.
Gələcəkdə də bu sahədə təcrübəmi
artırmaq, məsələn, Rusiyada “Böyük Teatr”da təcrübə
keçmək istəyirəm”.
Teatr və televiziyada işıq
işinin fərqindən danışan həmsöhbətimin
sözlərinə görə, bu, tamaşa zamanı mütləq
nəzərə alınmalıdır: “Əgər tamaşa
televiziya tərəfindən lentə alınacaqsa, televiziya və
teatrın işıq rəssamları birgə işləməlidirlər,
onların işi koordinasiya edilməlidir. Əks halda, məsələn,
televiziya çəkilişi zamanı kameranın
işığı səhnə işığına
müdaxilə edəndə tamaşada işıq effekti itər,
estetika pozular”.
“Bu
sahədə çalışan insan daim axtarışda
olmalıdır”
Tural Şərifov isə
üç ildir ki, Musiqili Komediya Teatrında
çalışır. O da Mədəniyyət və Turizm
Nazirliyinin göndərişi ilə Gürcüstanda təcrübə
keçib. Orada olduğu müddətdə tamaşaların
hazırlanması, işığın qurulması prosesi ilə
yaxından tanış olub: “Gürcüstanda təcrübədə
olarkən bir çox yeniliklər öyrəndim. Orada
dekorasiyadan çox işığa üstünlük verilir.
Səhnə necə işıqlanmalıdır, işıq tərtibatının
incəlikləri - bütün bunlar rejissorun istəyi və
zövqü ilə bağlıdır. Məşqlərdən
sonra işıq rəssamı özünün fantaziyasına
uyğun tamaşanın işığını qurur. Bundan
sonra rejissorla birlikdə ortaq məxrəcə gəlirik. Məhəbbət
səhnələrində ultrabənövşəyi və
qırmızı rəngdən istifadə olunur. Bu rənglərin
sintezi yüksək effektivliyə malikdir. Döyüş səhnələrində
işığın rolu böyükdür. İşıq
teatrın gözüdür, deyirlər.
Tamaşaçını işıqdan yormaq olmaz”.
Tural Şərifov bu sahədə
peşəkarlığını daha da artırmaq istəyir.
Deyir ki, bu sahədə çalışan insan daim
axtarışda olmalıdır. Texnologiya inkişaf edir, bu sahədə
də yeniliklər çoxdur. Çalışır ki, hər
zaman onun işindən razı qalsınlar.
“O
kəs xoşbəxtdir ki, səhər işə, axşam evə
tələsir”
Tatyana Şaforostova
Texniki Universitetin “Avtomatika və elektron hesablama” fakültəsini bitirib. Tələbəlik illərindən teatra marağı olub. Universitetin nəzdində fəaliyyət
göstərən teatr
truppasına rəhbərlik
edib. Teatr truppası ilə
respublikanın bölgələrinə
qastrol səfərləri
ediblər. İşıq rəssamı kimi 1989-cu ildə Opera və Balet Teatrında fəaliyyətə başlayıb.
1996-cı ildən Musiqili Komediya teatrında çalışır.
İşıq rəssamı kimi
işi yüksək qiymətləndirilib. Texnika yeniləndikcə
o da öz işini təkmilləşdirib.
Hazırda işıq
sexinin rəisidir: “Teatrımızın işıq
sexində istedadlı
kadrlar var. Biz səhnə
ilə işləməyi
çox sevirik. Təcrübə yolu ilə sənətin sirlərini öyrənmişik. Bu sənət birimizdən digərimizə ötürülə-ötürülə
öyrənilir. Teatrda təmirlə
əlaqədar olaraq fəaliyyətimizi Dənizçilərin
mədəniyyət evində
davam etdiririk. Təmirlə əlaqədar tez-tez
Gənc Tamaşaçılar
Teatrının səhnəsində
də tamaşalar göstəririk. Onu da deyim ki, bu
teatrda avadanlıqlar müasir tələblərə
uyğundur”.
20 ildən çoxdur ki, bu sahədə çalışan T.Şaforostova
işindən, sənətindən
razıdır: “Bu günə
kimi heç vaxt bu peşəni
seçməyimə görə
peşman olmamışam.
O kəs xoşbəxtdir
ki, səhər işə, axşam evə tələsir. Kollektivimiz mehriban, işimiz maraqlı, rəhbərlikdən
razıyam. Bundan artıq
nə lazımdır ki? İşimlə fəxr edirəm.
Hazırda yeni texnologiyaları
araşdırıram. Çünki təmirdən
sonra biz də tam yeni iş sisteminə
keçəcəyik. Doğma teatra
qayıdacağımız günü
səbirsizliklə gözləyirik”.
Lalə Azəri
Mədəniyyət.-
2011.- 21 dekabr.- S. 11.